Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4849/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Hüseynova Yasəmən Mikayıl qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair mərhum adına arayışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair planölçünün tərtib edilməsi, reyestrdən çıxarışın və ünvanın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyinin 13 dekabr 1991-ci il tarixli 130 nömrəli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində 180 nömrəli BTK-nın nəzdində sahəsi 0.11 ha torpaq sahəsi olan 114/27 nömrəli bağ torpaq sahəsi X2 istifadəsinə verilmişdir. X5 26 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. Mərhumun vərəsəsi – övladı İddiaçı notariat kontoruna müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmişdir. Öz növbəsində Bakı şəhəri 10 saylı Notariat Ofisi DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək sözügedən daşınmaz əmlakla bağlı dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Həmçinin, 17 avqust 2020-ci il tarixdə İddiaçı da həmin İdarəyə müraciət edərək sözügedən daşınmaz əmlakla bağlı dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. 01 sentyabr 2020-cı il tarixdə cavabdeh iddiaçıya imtina cavabı vermişdir. Məktubda imtinanın səbəbi olaraq qeyd edilmişdir ki, təqdim edilmiş orderdə bağ təsərrüfatı kooperativinin nömrəsi “180” kimi, sərəncamın arxiv çıxarışında isə “160” kimi göstərilmişdir (“160” nömrəli BTK Ləhiş bağ massivinə aiddir). Həmçinin, göstərilən bağ sahəsinin 290 kv.m hissəsi yaxınlıqda keçən 60 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. «Elektrik şəbəkələrinin mühafizəsi Qaydaları» AR Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə tənzimlənir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası olaraq aşağıdakı halları qeyd edir – 1) təqdim edilmiş orderdə bağ təsərrüfatı kooperativinin nömrəsi “180” kimi, sərəncamın arxiv çıxarışında isə “160” kimi göstərilmişdir (“160” nömrəli BTK Ləhiş bağ massivinə aiddir), 2) bağ sahəsinin 290 kv.m hissəsi yaxınlıqda keçən 60 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Cavabdehin imtinası əsasız hesab edilir. Hazırda mübahisələndirilən “180” nömrəli torpaq sahəsi Xaşa-Xuna bağlar massivində, “160” nömrəli torpaq sahəsinin Ləhiş bağ massivində yerləşdiyinə görə sərəncamın arxiv hissəsində “180” rəqəmi əvəzinə “160” rəqəminin qeyd edilməsi texniki səhvlə əlaqədar olması məlum olur. Belə olan təqdirdə hesab edilir ki, bu əsasla cavabdehin imtinası əsassızdır. İmtinanın digər əsasına, bağ sahəsinin 290 kv.m hissəsi yaxınlıqda keçən 60 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi səbəb olmuşdur. Lakin 0.11 ha torpaq sahəsinin 290 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttindən hansı məsafədə yerləşməsi qeyd edilməmiş, elektrik xəttinin mühafizə zonasının sərhədlərinin miqyası müəyyən edilməmişdir. Cavabdehin imtinasının digər əsasına, münasibətdə isə qeyd edilməlidir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15.1-ci maddəsində sadalanmışdır. Lakin cavabdeh tərəfindən istinad edilən hal imtinaya əsas olan hal olaraq nəzərə tutulmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 8.0.1-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəaları (“«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.2-ci bəndi) nəzərə alınaraq qeyd olunur ki, Bakı ŞİH X4 və İstismarı Birliyinin 13 dekabr 1991ci il tarixli 130 nömrəli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində 180 nömrəli BTK-nın nəzdində sahəsi 0.11 ha torpaq sahəsinin rəsmiləşdirilməsi üçün yetərincə əsas olduğu halda cavabdeh inzibati orqan qanunsuz olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, İPM-in 1.2, 2.2.3, 45, 46, 68.1, 70-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 22.2-ci maddəsinə, AR Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarının müddəalarına əsaslanaraq, X2 adına Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində, 180 nömrəli BTK-nın nəzdində sahəsi 0.11 ha torpaq sahəsi olan 114/27 nömrəli bağ torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 26 aprel 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı tələbi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 23 iyul 2020-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsinin hasarından 0.90+3.90+4.70+3.80 metr aralı məsafədən 6.0 kV-luq elektrik xətti keçir və bağ sahəsinin 290.0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin bağ təsərrüfatı kooperativinin nömrəsi təqdim edilmiş orderdə “180” kimi, sərəncamın arxiv çıxarışında isə “160” kimi qeyd edilmişdir. 160 nömrəli BTK ləhiş bağ massivinə aiddir. Göstərilənlərə və İPM-in 48.2-ci maddəsinə, AR Torpaq Məcəlləsinin 62-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 11.2, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli sərəncamının və AR Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixlki 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın müddəalarına əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim eymiş və iddia tələbinin dəyişdirilərək «İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində, 180 nömrəli BTK nəzdində sahəsi 0,11 ha olan 114/27 nömrəli bağ sahəsinin mərhum atası X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin (etirazının) məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 30 iyun 2020-ci il tarixli arxiv arayışında Bakı ŞİH başçısının 13 dekabr 1991-ci il tarixli 130 nömrəli sərəncamı ilə (çıxarış) X3 Xaşa-Xuna massivində 180 nömrəli BTK-nın nəzdində bağ sahəsinin ayrılması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Bakı Şəhər XDS İK X7 və X9-Xuna bağlar massivindəki 180 nömrəli BTK-nın 13 nömrəli orderi ilə X3 Xaşa-Xuna massivində 0,11 ha sahəsi olan 114/27 nömrəli bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 7 oktyabr 2009-cu il tarixdə verilmiş AZ-İ 349301 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 26 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, ünvan ünvanlanmış 12 mart 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - X1 miras qalmış, Bakı Şəhər XDS İK X4 və İstismarı Birliyinin 13 dekabr 1991-ci il tarixli 130 nömrəli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində 180 nömrəli BTK-nın nəzdində 0,11 ha torpaq sahəsi olan 114/27 nömrəli bağ sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 10 saylı Notariat Ofisinə mərhum oğlu İddiaçı tərəfindən müraciət olunmuşdur. X2 26 sentyabr 2009-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsənin ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar sahəsində 180 nömrəli BTK-nın nəzdində sahəsi 0,11 ha olan 114/27 nömrəli bağ torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən xahiş olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «İnzibati icraat haqqında» AR Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə Bakı ŞİH X4 və İstismarı Birliyinin 180 saylı BTK-nın 13 saylı orderinə əsasən iddiaçının mərhum atası X3 Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində 0,11 ha sahəsi olan 114/27 saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. X5 26 sentyabr 2009-cu il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı iddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. İddiaçı vərəsə kimi vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat orqanına təqdim edilməsi üçün bağ sahəsinə dair ərinin adına reyestrdən çıxarış verilməsi xahişi ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, 1) bağ massivinin hasarından müvafiq məsafədə yüksək gərginlikli elektrik xətti keçdiyindən, bağ sahənin 290 kv.m hissəsi həmin elektrik xəttinin mühafizə zonasına aiddir, 2) torpaq ayıran BTK-nın nömrəsi orderdə “180”, müvafiq arxiv arayışında isə “160” kimi göstərilmişdir, lakin 180 nömrəli BTK-ya aid bağ sahələri Ləhiş bağlar massvində yerləşir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı tələbi inzibati orqana müraciətində göstərilənlərdən formal cəhətdən fərqlənərək “əmlakın mərhuma məxsus olması barədə arayışın verilməsi”dir. Bu fərq iddiaçının inzibati orqana müraciəti zamanı məqsədi baxımından arzuladığı sənədin adının düzgün ifadə olunmamasını nəticəsidir ki, bu da formal xəta qismində qiymətləndirilməlidir. Çünki, həmin sənədin son nəticədə notarat qurumuna təqdim edilməsi nəzərdə tutulur və mahiyyətcə “arayış”ı ehtiva edir. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş Bakı ŞİH X4 və İstismarı Birliyi 180 saylı BTK-nın verdiyi 13 saylı order Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağlar massivində 0,11 ha sahəsi olan 114/27 saylı bağ sahəsinin mərhum X2 qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Sözügedən bağ sahəsinə dair həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum atası X5 həmin bağın qanuni istifadəçisi olmuş və onun altındakı 0,11 ha torpaq sahəsinə «Torpaq islahatı haqqında» AR Qanununun 9, 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Cavabdehin imtinasında qeyd olunan dəlilə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: - 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən orderlər əsasında vətəndaşlara ayrılmış bağ sahələrinin bir hissəsinin yüksək gərginlikli eleüktrik xəttinin mühafizə zonasına düşməsi həmin bağ sahəsinin və ya onun hər hansı hissəsinin həmin vətəndaşın mülkiyyətinə keçməsinə və hüququn qeydiyyat alınmasına maneə deyil. Belə hal, yalnız «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərə aid tələb kimi çıxış edir (Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanın 2-ci bəndinə əsasən). - bağ sahəsinə və onun yerləşdiyi torpaq sahəsinə hüquqların qeydiyyat alınması üzrə əsas kimi çıxış edən sənəd “order”dir, həmin orderi məhkəmə mötəbər sübut kimi qiymətləndirdiyindən, arxiv materiallarına olan sərəncamda BTK-nın nömrəsinin başqa şəkildə göstərilməsi formal xarakrerli çatışmazlıq kimi dəyərləndiriməlidir. Nəzərə alınmalıdır ki, Xaşa-Xuna qəsəbəsində orderdə göstərilən 180 saylı BTK-ya aid bağların yerləşməsini tərəflər mübahisələndirmir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində, 180 nömrəli BTK nəzdində sahəsi 0,11 ha olan 114/27 nömrəli bağ sahəsinin mərhum atası X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində, 180 nömrəli BTK nəzdində sahəsi 0,11 ha olan 114/27 nömrəli bağ sahəsinin mərhum atası X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4849/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4849/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver