Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4849/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı şəhid ailəsi kimi yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində olan güzəştli mənzil növbəsi siyahısına götürülməyi və güzəştli mənzil növbəsi əsasında mənzillə təmin olunmağı vəzifəsinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974- cü ildə Astara rayonu Maşxan kəndində anadan olmuşdur. Mərhum oğlu X6 24 avqust 1998-ci ildə Astara rayonu Maşxan kəndində anadan olmuşdur. Rauf Cahangirov 02 noyabr 2020-ci il tarixində Şuşa isdiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra “ Füzulinin azad olunmasına görə ”, “Hadrutun azad olunmasına görə ”, “Xocavəndin azad olunmasına görə”, “ Cəbrayılın azad olunmasına görə”, eləcədə 3-cü dərəcəli “vətənə xidmətə görə”, “vətən uğurunda”, “şücaət “ medalları ilə təltif olunmuşdur. Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Mənzil komissiyasinda 07 may 2021-ci il tarixli 40 nömrəli sərəncamla mənzil növbəsinə götürülmüş X1 atası İddiaçı faktiki qeydiyyat ünvanı dəyişmişdir. xx.xx.2021-ci il tarixdə ölüm haqinda qeyd kitabında, 07 sayla qeydiyyata alınmış və AZ-İİ № 129745 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respubilkasının tələblərinə əsasən, İddiaçı və həyat yoldaşı X3 şəhid ailəsi status verilmişdir. Bunan sonra Astara rayon İcra Hakimiyyətin başçısı yanında güzəştli mənzil növbəsinə götürülmüşdür. Bunan sonra iddiaçı X1 atası İddiaçı qeydiyyat ünvanı ünvan 1iyi üçün müraciəti əsasında və Astara Rayon İcra Hakimiyyətin başçısının 07 may 2021ci il tarixli, № 40 sərancamı ilə şəhid ailəri güzəştli mənzil növbəli siyahısından çıxarılaraq və toplanmış mənzil növbəliyinə dair sənədləri Baki şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyətinin başçısının 1-ci müavini Hacıbaba Babayevin 25 noyabr 20204-ci il tarixli 5-10/2-C-58- 068/2024, saylı məktubunda bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının” tələblərinə ziddir və müraciətdən imtina edilir. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayon icra hakimiyyəti bununla bağlı iddiaçıya qarşı haqsızlıq edir, hazırkı ailə vəziyyətini, səhətini və sağlıq durumunu nəzərə almır və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “şəhid ailələrinə verilən güzəştli mənzil qaydalarını” kobud surətdə pozur. Ona görə də, məcburiyyət qarşısında qalıb bu məsələnin hüquq müstəvisində həll etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin imtina məktubunda bildirilmişdir ki, “təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Astara rayonu, Maşxan kəndində 2004-cü ildə tikilmiş 1 mərtəbəli 2 otaqlı 124 kv.m (ümumi 88 kv.m, köməkçi 36 kv.m) sahəsi olan fərdi yaşayış sahəsi Sizə məxsusdur (Astara Rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 224 saylı arayışı). Həmçinin Astara rayonu Təngərüd bələdiyyəsi ərazisində Sizə məxsus 0.15 ha həyətyanı torpaq sahəsinin layihəsi mövcuddur (Astara rayonu Təngərüd bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 63 saylı arayışı). Eyni zamanda bildiririk ki, Sizin həyat yoldaşınız X2 adına daşınmaz əmlakın olub olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyiniz xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-C0173-8/2024 saylı arayışa əsasən Astara rayonu, Kijəbə qəsəbəsində 0.19 ha (ümumi birgə) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 232A nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Nəzərinizə çatdırırıq ki, Sizə məxsus fərdi yaşayış evi, həmçinin özünüzə və həyat yoldaşınıza məxsus həyətyanı torpaq sahəsi olduğundan müraciətində qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır.”
4. Astara Rayon İcra Hakimiyyəti Başçısının 40 nömrəli 07 may 2021-ci il tarixli sərəncamına əsasən İİ Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində aşağıda göstərilmiş şəxslərin adları rayon icra hakimiyyətində mənzil növbəsinə dayanan imtiyazlı şəxslərin növbəlilik siyahısına daxil edilsin - Şəhid ailəsi, Maşxan kənd sakini İddiaçı
5. Astara Rayon İcra Hakimiyyətinin Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanan 20 may 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Vətən müharibəsi şəhidi X6 24 avqust 1998ci ildə Astara rayonu Maşxan kəndində anadan olmuşdur. Rauf Cahangirov 02 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra “Füzulinin azad olunmasına görə" və “Hadrutun azad olunmasına görə”medalları ilə təltif olunmuşdur. Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Mənzil komissiyasında 07 may 2021-ci il tarixli 40 nömrəli sərəncamla mənzil növbəsinə götürülmüş X1 atası İddiaçı faktiki qeydiyyat ünvanı dəyişmişdir. Hazırda İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı qeydiyyat ünvanı dəyişdiyindən adının imtiyazlı şəxslərin mənzil növbəliliyi siyahısından çıxarılması üçün rayon icra hakimiyyətinə müraciət etmişdir. Nəticədə İddiaçı adı Astara Rayon İcra Hakimiyyəti başçısının 16 may 2024-cü il tarixli 70 nömrəli sərəncamı ilə mənzil növbəsinə dayanan imtiyazlı şəxslərin növbəlilik siyahısından çıxarılmışdır. Əlavə olaraq onu da bildiririk ki, İddiaçı Astara rayonu ərazisində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şəhid ailə üzvləri qeydiyyatda olduğu ərazi üzrə yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsinə dururlar. Qeyd olunanları nəzərə alaraq X1 atası İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılmasından ötrü Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsini Sizdən xahiş edirəm.”
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü) ünvan 4 ünvanında xx.xx.2024-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmənin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iştirakını təmin etməmişdir.
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
III. Məhkəmənin mövqeyi
12. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.
13. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.
16. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin: 4.6.9-cu bəndinə əsasən əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.
17. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir; 2-ci bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər; 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər; 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər;
18. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.
19. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır; 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
22. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir.
23. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.
24. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir.
25. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı şəhid ailəsi kimi Astara Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Eyni zamanda iddiaçı Bakı şəhərində (Binəqədi rayonunda) xx.xx.2024-cü ildən qeydiyyata düşmüşdür.
26. Beləliklə iddiaçının daimi olaraq 7 il müddətində Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşaması öz təsdiqini tapmır.
27. Cavabdehin imtinası və işə əlavə edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı və ailə üzvü Respublika ərazisində daşınmaz əmlaka malikdirlər. Belə ki, İddiaçı adına Astara rayonu, Maşxan kəndində yerlışın 0,6267 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçının arvadı – X2 adına Astara rayonu, Kjəbə qəsəbəsində 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
28. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürülmə hüququna malik deyildir.
29. Bu səbəbdən cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia rədd edilməlidir.
30. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
33. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva