Məhkəmə qərarları › İş №2-1(112)-485/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-485/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-485/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakimi Aygün Abdulla qızı Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı avtomobil üzərindən məhdudiyyətin götürülməsi barədə iddiasına dair işə ünvan 1 ünvanda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı cavabdehin öz maraqları naminə qəbul etdiyi inzibati qərarının ona vurduğu faktiki əlindən çıxmış məbləğin (ziyanın) kompensasiyası olaraq ümumilikdə 21140 (iyirmi bir min yüz qırx) AZN və ya cavabdehin etirazı ilə məhkəmə ekspertləri tərəfindən hesabalanaraq ziyan əvəzinə mütənasib məbləğin cavabdeh tərəfindən ona ödənilməsini təmin edən və cavabdehin avtomobilinin üzərinə maraqları qaldıqca növbəti günlər üçün əldən çıxmış faydanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sosial vəziyyətini tənzimləmək və yaşam meyarını tənzimləmək üçün mülkiyyətində olan qeydiyyat nişanı **-LG-*** “ Mercedes C 180” avtomobilin sürücülük etibarnaməsi ilə müxtəlif vaxtlarda müxtəlif şəxslər tərəfindən idarə edilməsinə verirdi. Sonuncu avtomobili sürücülük etibarnaməsi ilə idarə edən şəxs Ələkbərov Ziyafətdən xx.xx.2018ci ildə almışdır. Bu barədə yazılı öz aralarında müqavilə və sonradan sürücülük etibarnaməsinin ləğvi barədə sənədlər mövcuddur. Etibarnaməni ləğv etmə barədə ərizəsinə əsasən xx.xx.2019-cu ildə şəxsin sürücülük etibarnaməsi və digər öhdəlikləri onun tərəfindən ləğv olunub. Yəni, adı çəkilən şəxs barədə bütün əlaqələri xx.xx.2019-cu ildə kəsilib. Həmçinin, avtomobilini ona təhvil verib. Buna görə də, onun həmin damla hər-hansı ədavəti yoxdur. Lakin, cavabdeh ona bildirmişdir ki, sözügedən avtomobilin sabiq sürücüsü Ə.Ziyafətin ödənilməmiş cərimə borcuna görə mülkiyyətində olan **-LG-*** qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomobilə İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən məhdudiyyət tətbiq etmişlər. Bundan sonra dəfələrlə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və daha bir yeni mövzuda xx.xx.2020-ci ildə cavabdehin özünə və xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi vasitəsi ilə tam dolğun ünvanladığı məktublarda, ona bu 2 il ərzində dəyən ziyanın 18300 AZN olduğunu və əldən çıxan faydanın təmin edilməsini, onun pozulmuş hüquqlarının bərpasını özündən xahiş etmişdir. Qeyd edir ki, 2019-cu ildə ona gələn iş təklifi ilə o, həmin avtomobillə 35-40 AZN günlük gəlir əldə edə bilərdi. Lakin, o yenə də, orta məbləğ olaraq günlük 20 AZN olmaqla orta hesabla 17000 manatın ona 2020-ci ilin sonuna, dekabrın 31-nə kimi dəymiş ziyan kimi hesablayıb və bunu qənaətbəxş hesab etdiyindən cavabdehə müraciətində bir daha bildirmişdir. Həmçinin cavabdehdən ədaləti bərpa etməsini xahiş etmişdir. Ancaq cavabdeh müraciətini təmin etməkdən boyun qaçırmış və əvəzində qərəzli şəkildə cavab verərək, cərimə məbləğinin ödənilməsini, cərimə məbləği ödənildikdən sonra avtomobilinə tətbiq olunan məhdudiyyətlərin aradan götürüləcəyini bildirmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Mercedes C180” minik markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin, cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 20 sentyabr 2020-ci il tarixli, 046-35364G-4220 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il təvəllüdlüdür. İşdə olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” ƏN-İV seriyalı, 405095 nömrəli etibarnamənin surətindən görünür ki, Markası: Mercedes Benz C 180 minik markalı, mühərrik nömrəsi **********5786, BAN nömrəsi WDB2020181A120311, buraxılış ili 1994, dövlət qeydiyyat nişanı **-LG-*** olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair İddiaçı tərəfindən X1 etibarnamə verilmişdir. Etibarnamə xx.xx.2021-ci il tarixədək verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, 046-35364-4220 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, ona məxsus “Mercedes Benz C 180” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sabiq sürücüsü barəsində qəbul olunmuş inzibati tənbeh tətbiq etmə haqqında qərarlara əsasən cərimələr ödənilmədiyindən, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul olunması haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı eyniməzmunlu müraciəti əsasında araşdırma aparılaraq nəticəsi barədə ona yazılı cavab verilmişdir. Təkrarən nəzərə çatdırmışlar ki, “Mercedes Benz C 180” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sabiq sürücüsü X2 tərəfindən törədilən yol hərəkəti qayda pozuntularına görə barəsində qəbul olunmuş inzibati tənbeh tətbiqi etmə haqqında qərarlara əsasən cərimələr ödənilmədiyi təqdirdə nəqliyyat vasitəsinin saxlanılması barədə səlahiyyətli orqanının qərarının icrasına xitam verilməsi qeyri-mümkündür. İşdə olan sənədlərdən görünür ki, iddiaçı avtomobilin üzərindən məhdudiyyətlərin götürülməsi ilə bağlı cavabdehə çoxsaylı müraciətlər etmiş və iddiaçının müraciətləri eyni məzmunlu məktublarla cavablandırılaraq müraciətindən imtina edilmişdir. Məhkəmə tərəfindən cavabdehə sorğular göndərilərək, “Mercedes C180” minik markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobilin üzərinə məhdudiyyətin qoyulmasına əsas olmuş sənədlərin təqdim edilməsi xahiş edilsə də, məhkəmə sorğuları cavabdeh tərəfindən cavablandırılmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Mercedes C180” minik markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. İddiaçı ona məxsus avtomobili “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” ƏN-İV seriyalı, 405095 nömrəli etibarnamə əsasında X1 istifadə üçün vermişdir. Həmin nəqliyyat vasitəsinin X2 tərəfindən idarə edilməsi zamanı törədilmiş yol hərəkəti qayda pozuntularına görə barəsində qəbul olunmuş inzibati tənbeh tətbiq etmə haqqında qərarlara əsasən avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur. İddiaçı ona məxsus avtomobilin üzərindən məhdudiyyətin götürülməsi ilə bağlı cavabdehə çoxsaylı müraciətlər etsə də, cavabdeh tərəfindən onun müraciətindən cərimələr ödənilmədiyi təqdirdə nəqliyyat vasitəsinin üzərindən məhdudiyyətin götürülməsi mümkün olmaması əsas gətirilərək imtina edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, iddiaçı avtomobili istifadə edən başqa şəxs tərəfindən törədilmiş, yəni özü törətmədiyi inzibati xətaya görə təqsirli hesab edilə bilməz və odur ki, bu inzibati xətaya görə onun məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Odur ki, iddiaçı törətmədiyi inzibati xətaya görə inzibati məsuliyyət daşıya bilməz. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqanın iddiaçının avtomobilinin üzərindən məhdudiyyətin götürülməsindən verilməsindən imtinası qanunsuzdur. Belə ki, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Mercedes C180” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar