Məhkəmə qərarları › İş №2-1(112)-485/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-485/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-485/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz olaraq qeydiyyatda olan şəxs kimi ona aprel, may və iyul ayları üçün birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehndə işsiz kimi qeydiyyata düşməklə həmin qurumda “turanimator”-luq (turizm) peşəsi üzrə peşə təhsilinə cəlb olması üçün ərizə ilə müraciət edərək qeydiyyata alınmışdır. Həmin kurs üzrə təhsil başlandıqda hər tələbəyə aylıq 250 manat təqaüd ödənilməsi nəzərdə tutulurdu. Kurs hələ də fəaliyyətə başlamamışdır. İddiaçı koronavirus pandemiyası ilə bağlı işsizlər üçün nəzərdə tutulan 190 manat müavinətin ona ödənilməsi üçün Şəki rayonu üzrə Məşğulluq mərkəzinə müraciət etmiş, lakin ona peşə təhsilinə cəlb edildiyi üçün 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-125/2021 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X5 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində” (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Yuxarıda qeyd edilən Nazirlər Kabineti Qərarının 2.3.7ci yarımbəndinə əsasən, 190 (yüz doxsan) manat birdəfəlik ödənişin verilməsindən imtina edilən şəxslərin dairəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə peşə hazırlığına görə təqaüd alan şəxslər də aid edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı yuxarıda qeyd edilən meyara uyğun gəlmədiyinə görə ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, Nazirlər Kabinetinin müvafiq Qərarının 3.8-ci bəndinə əsasən, 190 birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması”na dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı iddianın dəyişdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsində iddia tələbinin aşağıdakı formada qəbul edilməsini xahiş etmişdir: “Koronavirus (Covi-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə xüsusi karantin rejiminin Şəki şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr ayları üzrə (5 ay), işsiz statuslu şəxs qismində mənə hər aya 190 manat, ümumilikdə 950 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz.” Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidməti Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020ci il tarixli məktubdan görünür ki, işsiz kimi qeydiyyata alınmış iddiaçıya peşə təhsilinə cəlb olunmasına görə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Müvafiq məlumatlarının ümumiləşdirilmiş informasiya bazasından əldə edildiyi bildirilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Alt Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. Məhkəmənin sorğusu ilə Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı peşə hazırlığına cəlb edilməsi və “Turanimator” kursunda iştirakına dair məlumatlar məhkəməyə təqdim edilmişdir: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 1 №li Şəki Peşə Məktəbi tərəfindən Şəki Təhsil üzrə Fövlət Agentliyinə ünvanlanan məktubdan görünür ki, özünüməşğulluq proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə peşə təlimi kurslarının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 12 saylı Ərazi Məşğulluq Mərkəzi filialı ilə 1 nömrəli Şəki Peşə Məktəbi arasında bağlanılmış 26 fevral 2020-ci il tarixli 01 saylı müqaviləyə əsasən 12 saylı Ərazi Məşğulluq filialı tərəfindən 15 nəfər müdavim cəlb olunmaqla 01 oktyabr 2020-ci il tarixində 3 aylıq “Turanimator" peşə təlimi kursu keçirilmişdir. Müdavimlərdən 13 nəfəri kursu başa vurduqdan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilən sertifikatlarla təltif olunmuşdur. İddiaçı da təlim kursunun sonunda AS006425 nömrəli sertifikat verilmişdir. Peşə hazırlığı kursunun iştirakçılarının adına plastik kartların alınması və müəyyən olunan təqaüdün verilməsi 12 saylı Məşğulluq filialı tərəfindən həyata keçirilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2 X1 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Turanimator” peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş və ona “Məşğulluq haqqında’’ Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq təhsil aldığı dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə aprel, may, iyun iyul və sentyabr ayları üçün birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); Məhkəmə araşdırması ilə müəyyən olundu ki, hazırkı iş üzrə iddiaçıya peşə təhsilinə cəlb olunduğu müddət ərzində təqaüd ödənilmişdir. Məhkəmə həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa istinad edir. Belə ki, sözügedən Qanunun Preambulasında göstərilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Həmin Qanunun 24 dekabr 2021-ci il tarixədək qüvvədə olan 29.1-ci maddəsinin (xx.xx.2021-tarixli Qanunla maddədə “peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə” sözləri “bu Qanunun 20.2.1-ci və 20.2.2-ci maddələrinə uyğun olaraq peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə” sözləri ilə əvəz edilmişdir) redaksiyasına görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir. 29.3-cü maddəsinə əsasən isə peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2019-cu il tarixli, 251 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın 1.1-ci bəndində göstərili ki, bu Qayda “Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən hazırlanmışdır və peşə hazırlığına cəlb olunduğu dövrdə işsiz, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxsə verilən təqaüdün ödənilməsi qaydasını müəyyən edir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı işsiz kimi 2020-ci ilin fevral ayında qeydiyyata alınmış, mart ayında peşə hazırlığı kurslarına cəlb edilmiş, lakin koronavirus pandemiyası səbəbindən kursun başlama vaxtında dəyişikliklər edilmişdir. Yəni kursun dayandırıldığı müddətdə iddiaçı peşə hazırlığına cəlb edilmiş işsiz şəxs statusunda olmuşdur. Məhkəmə həm də əsasdan çıxış edərək hesab edir ki, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan “Məşğulluq haqqında” Qanunun istinad olunan 29-cu maddəsinin əvvəlki redaksiyasında işsiz şəxsin peşə hazırlığına cəlb edildiyi dövrdə təqaüd almaq hüququnun olması nəzərdə tutulduğundan ona eyni zamanda birdəfəlik ödəmə də verilə bilməzdi. Bu baxımdan cavabdehin iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtinası qanunazidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar