Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4851/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyatın bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyatın bərpa edilməsi” dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı və oğlu X1 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasına (ünvan 1 ünvanına) qeydiyyatlarının bərpa edilməsi öhdəliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinə əsasən, iddiaçı və oğlu X2 yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında qeydiyyatda olmuşlar. Lakin, 2022-ci ilin oktyabr ayında onlar həmin inzibati binadan qeydiyyatdan çıxarılmışlar. Hazırda öz evinin mülkiyyət sənədi olmadığından ora qeydiyyata düşə bilmirlər. Qeydiyyatla bağlı, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə xx.xx.2023-cü ildə rəsmi müraciət etmişdir. Təəssüf ki, aydan artıq vaxt keçməsinə baxmayaraq ona cavab verilməmişdir. Məhkəmə hesab edir ki, onun və oğlunun əvvəllər polis idarəsinə qeydiyyatı mövcud olduğundan, hazırda polis idarəsinin inzibati binasından qeydiyyatdan çıxarılması nəticəsində aktiv şəxsiyyət vəsiqələrinin mövcud olmaması onun vətəndaşlıq hüquqlarının və ondan irəli gələn digər Konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola biləcəyindən, həmçinin "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, həmçinin Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, iddiaçının hazırda qeydiyyatsız qalması onun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından iddia tələbi təmin edilərək, onun polis idarəsinə qeydiyyatı bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamış. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə xx.xx.2024cü il tarixli məktub ünvanlayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İddia tələbindən görünür ki, İddiaçı və oğlu X1 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasına (ünvan 1 ünvanına) qeydiyyatlarının bərpa edilməsi öhdəliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə İddiaçı və oğlu X1 qeydiyyatda olduqları ünvan barədə məlumatın əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müvafiq sorğu ilə müraciət etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, X2 xx.xx.2019-cu il tarixdən, İddiaçı xx.xx.2019-cu il tarixdən ünvan 3 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə nail olmaq istədiyi hüquqi marağı və məqsədi onun və oğlunun ünvan 4 ünvanına qeydiyyatlarının bərpa edilməsindən ibarət olsa da, qeyd edilən şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmaları iş materialları ilə müəyyən edilmir, əksinə olaraq həmin şəxslərin qeyd edilən ünvanda 2019-cu ildən qeydiyyatda olmaları işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl inzibati orqana hazırki tələb ilə müraciət etməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri hüququ pozulmuş şəxs tərəfindən ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl inzibati orqana həmin tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddia ərizəsinə xx.xx.2023-cü il tarixli poçt qəbzi əlavə edilsə də, həmin poçt qəbzindən iddiaçının cavabdehə müraciətinin nədən ibarət olmasını müəyyən etmək mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən cavabdeh inzibati orqanla onun arasında hər hansı mübahisənin olması, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulması, iddiaçının cavabdeh inzibati orqana hazırkı tələblə müraciət etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev