Məhkəmə qərarları › İş №2-1(112)-4854/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4854/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4854/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı mənzil verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ailəsinə tam təmirli və əmlakla təchiz olunmuş 4 otaqlı mənzil verilməsi, yaxud 160.000 (bir yüz altmış min) manat dəyərinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2-ci qrup əmək əlildir. 23 ildir Cavabdeh1ndə güzəştli siyahıda mənzil növbəsindədir, 63, 5 yaşı var. X2 inzibatı binasına qeydiyyatdadır, rəsmi və faktiki olaraq Azərbaycanda sığınacaq yeri yoxdur. Himayəsində məskunlaşdırılmamış Ermənistandan qaçqın anası, oğlu, gəlini, iki nəvəsi olduğu halda, növbədə ailə tərkibi bir nəfər kimi göstərilmişdir, əmək əlili olduğu halda növbədə ümumi əlil kimi göstərilmişdir, növbəlilik hüququ da pozulub. Ali təhsil aldıqdan sonra vətəninə qayıtmaq mümkün olmadığından, özü də məskunlaşdırılmamış ermənistanlı qaçqındır. 2001-ci il Prezident Fərmanına görə həmin il məskunlaşdırılmalı idi. Həmin fərmana əməl olunmayıb, ermənistanlı qaçqınlara dövlət tərəfindən mənzil verilməyib. 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 39-cu maddəsinə görə əmək əlili olduğundan onlara növbədənkənar mənzil verilməli idi. Mənzil Məcəlləsinin 48.1 və 56.2-ci maddələrinə görə də mənzillə təmin olunmalı idi. Onlara verilməli təmirili və əmlakla təchiz olunmuş 4 otaqlı mənzilin 160.000 (bir yüz altmış min) manat dəyəri Qaçqınkom, yaxud Konstitusiyanın 68ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Cavabdeh Bakı şəhəri, Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək etirazının onunla əsaslandırmışdır ki, iddia tələbi ilə razı deyillər. Belə ki, İddiaçı Cavabdeh1 Başçısının M-707 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən 1 nəfər (tək özü) yaşayış yeri üzrə 2-ci qrup əlil kimi güzəştli mənzil növbəsindədir. İddiaçı eyni məzmunlu iddia tələbi ilə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(82)-1971/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilsə də Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(102)-514/17 qərarı ilə Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsindən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmələrin qanuni qüvvəsini almış qərarlarını və mövcud qanunvericilikdə eyni məzmunlu iddialara məhkəmələrdə baxılmadığını nəzərə alaraq iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehlərə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqanlar tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtina almadığından, həmçinin bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar