Məhkəmə qərarları › İş №2-1(112)-4856/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4856/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4856/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə və "xxxx" ASC-nə qarşı “zərər, pensiya və müavinətin təyin edilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlük məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə və "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ümumi müavinətinin, pensiyasının 1709,52 (bir min yeddi yüz doqquz manat, 52 qəpik) manat təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, "xxxx" ASC-nin inzibati orqan olmadığını bildirmişdir. Bu səbəbdən iddia tələbində dəqiqləşdirilmə aparılması qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə hazırlıq icraatının iclası 15 sentyabr 2020-ci il tarixə saat 15:30-a təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbdən olması barədə əməlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Mehrəliyeva iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı eyni iddia ilə eyni predmetli məsələlər ilə bağlı Bakı İnzibati Məhkəməsinə bir neçə dəfə müraciət etmiş və hazırda həmin işlər Bakı İnzibati Məhkəməsinin icraatındadır. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik məhkəmə icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iddiaların olduğu zaman, məhkəmə iddianın baxılmamış saxlama barədə qərardad qəbul etmə səlahiyyətindədir. Lakin inzibati-prosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Belə olan halda, qanunun analogiyasından istifadə edilməlidir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Şərh edilən maddənin normasına əsasən, məhkəmə mübahisənin həllində qanunun analogiyasını və ya hüququn analogiyasını tətbiq edərkən, öz qərarında mübahisənin məhz bu yolla həllinin zəruriliyini, konkret olaraq hansı oxşar maddi hüquq normalarını və hansı əsaslara görə tətbiq etdiyini və ya hüququn hansı ümumi prinsiplərini rəhbər tutduğunu ətraflı əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə qeyd etmək istəyir ki, tərəflər arasında yaranmış inzibati hüquq mübahisələri ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə, iddiaçının həmin iddiası dərhal icraata götürülür. Lakin nəzərə almaq lazımdır ki, qüvvədə olan qanunvericilik, inzibati hüquq münasibətindən irəli gələn mübahisə nəticəsində verilən iddia məhkəmə icraatında olduğu zaman, iddiaçı həmin tələb ilə bağlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququna malik deyildir. Buna baxmayaraq, Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 02 iyun 2020-ci il tarixdə və 03 iyun 2020-ci il tarixlərdə Bakı İnzibati Məhkəməsinə iddia ərizələri ilə müraciət edərək, cavabdehlər tərəfindən aylıq zərərin ödənilmə məbləğinin 1367,62 (bir min üç yüz altmış yeddi manat, 62 qəpik) manat təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və cavabdehlər qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "xxxx" ASC-ni göstərmişdir. Digər iddia ərizəsində cavabdehlər tərəfindən 1992-ci il sentyabrın 1-dən indiyə kimi aylıq zərərin ödənilmə məbləği+pensiya – ümumi müavinətinin ödənilməmiş hissəsinin – 444891 manat + 36740 manat, 481.631 manatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və cavabdehlər qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-nun Xətai rayon şöbəsini və "xxxx" ASC-ni göstərmişdir. Hazırda həmin iş üzrə icraatlar məhkəmənin digər hakimlərinin icraatında davam etdirilir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı İPM-nin 45.5.1-ci maddəsinin tələblərini pozaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə və "xxxx" ASC-nə qarşı “zərər, pensiya və müavinətin təyin edilməsi” tələbinə dair 2-1(112)-4856/2020 saylı iş üzrə iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə və "xxxx" ASC-nə qarşı “zərər, pensiya və müavinətin təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar