Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4856/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X14 (hüquqşünas, ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş İddiaçı üzərinə 24.000 manat vergi öhdəliyinin qoyulmasına dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8448 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı fiziki şəxs olaraq (VÖEN **********) iaşə fəaliyyəti ilə məşğul olur və son ildə “Lizetta” Restoranı işlədir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8448 nömrəli qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbləri pozulduğu əsasdan, büdcəyə 24.000 manat ödənilməsinin təmin etməsi qərara alınmışdır. Buna əsas kimi əmək müqaviləsi hüquqi qüvvəsinə minmədən 12 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi göstərilmişdir. Qərarın məzmununa görə keçirilmiş operativ vergi nəzarəti haqqında xx.xx.2021- ci il tarixli 004093 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi məsələsinə xx.xx.2021 -ci il tarixdə saat 11- 00-da baxılması barədə bildiriş verilməsinə baxımayaraq iştirak etməmişdir. Əslində onun nə həmin qərarın çıxarılmasından və nə də ki, həmin qərarın çıxarılmasına əsas vermiş 004093 saylı Aktın tərtib edilməsindən xəbəri olmamış və bu barədə ona məlumat verilməmişdir. Onun yoxlamada iştirak etmədiyi və akt tərtib edilərkən onun orada olmadığı yoxlama aktının özündə də qeyd edilmişdir. Adı çəkilən 004093 nömrəli, xx.xx.2021-ci il tarixli akta görə vergi əməkdaşları “Lizetta” Restoranında olarkən orada 12 nəfərin, onunla əmək müqaviləsi olmadan işlədikləri qeyd edilmişdir. Lakin həmin şəxslərin restoranda hansı işdə işlədikləri qeyd olunmamışdır. Düzdür həmin vaxtı restoranın yerləşdiyi obyektdə və ərazidə 12 və ya 25 və ya daha çox adam iş başında ola bilərdi. Lakin bunların həmin obyektdə sırf aid aid restoran fəaliyyətində çalışdıqları anlanılması doğru deyildir. Belə ki, restoran kimi işlətdiyi 600 kv.m. qeyri-yaşayış sahəsi, mülkiyyət hüquqları əsasında “Cıdır” firmasına məxsus əmlak və ərazidə yerləşir. İki aydır ki, həmin obyektdə mülkiyyətçi tərəfindən təmir işləri aparılır. Yoxlamanın keçirildiyi gün obyektin döşəmələrinə plintoslar vurulması ilə 4 nəfər usta, pərdələrin asılması ilə bağlı Sədərəkdən 5 nəfər göndərilmişdir. Bunların ona və ya restorana heç bir aidiyyəti olmamış və heç birini də tanımır. Həmin gün iddiaçı obyektdə olmasa da orada 15 nəfər restoranın işçisi olmuşdur. Onların heç biri Aktda qeyd edilməmişdir. Akta qeyd edilənlərdən bir nəfəri işçisinin bacısıdır. Həmin gün bacısı xəstə olduğundan əvəzinə işə gəlmişdir. Bundan da onun xəbəri olmamışdır. Çünki həmin gün eləcədə ondan əvvəl və ondan sonra bir-neçə gün özünü pis hiss etdiyindən işə çıxmamışdır. Aktla bağlı olan inzibati qərarın qəbul edilməsi barədə də ona bildiriş çatdırılmamışdır. Bu səbəbdən də irad və etirazı nəzərə alınması mümkün olmamışdır. Göründüyü kimi aktda qeyd edilən 4 nəfər usta və 5 nəfər obyektdə təmir işləri aparanlar olmaqla, restoran tərəfindən cəlb edilməmişdir. Bir nəfər bacısı olan restoran işçisinin əvəzinə gəlmişdir. Yerdə qalan iki nəfər də görünür yoldan keçəni yazıblar. Qeyd olunanların heç birini də tanımır və onlara hər hansı bir iş tapşırığı verməmişdir. Bu da onu göstərir ki, yoxlayıcılar işçi kimi qeyd etdikləri adamların kimliyini, hansı işə və kim tərəfindən cəlb edilməsini aydınlaşdırmadan Akt tərtib etmişlər. Bu da mübahisələndirilən qərarın özündə nəticəsini əks etdirdiyi cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktının aşkar şəkildə yanlış olduğunu göstərir. Yanlış aktın nəticələrinə görə qəbul edilmiş qərar doğru ola bilməz. Mübahisələndirilən qərarın və onunla bağlı olan “operativ vergi nəzarətinin nəticəsi haqqında” aktının aşkar şəkildə yanlış məlumatlar daxil edilməklə tərtib edildiyi cavabdehin özünə (vəzifəli şəxslərinə) məlumdur, lakin yol verilmiş pozuntuları aradan qaldırılması üçün heç bir tədbir görülmədən, məsələnin həlli ilə bağlı hərəkətsizlik davam etməkdədir. Ona görə də cavabdehin qeyd olunan məsələ ilə bağlı hərəkətsizliyə yol verilməklə, törətdiyi pozuntunun aradan qaldırılması və sahibkar olaraq qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********2650 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov 909 ünvanında yerləçən “Lizetta” restoranı adlı obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 12 (on iki) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004093 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 7 (yeddi) nəfər (X7, X2, X11, X1, X4, X17, Babaşov Murad İslam oğlu) izahat verərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini bildirmişlər. 1 (bir) nəfər (X12) xüsusi ayrılmış otaqda kompyuter arxasında, iş görərkən aşkar edilmiş, 1 (bir) nəfər (X5) vergi ödəyicisinin oğlunun göstərişi əsasında izahatını tamamlamaqdan imtina etmiş, 3 (üç) nəfər (X15, X8, X18) izahat verməkdən imtina edərək obyekti tərk etmişdirlər. İzahatların verilməsindən imtina etmiş şəxslər operativ vergi nəzarəti zamanı onlar tərəfindən işlərin yerinə yetirildiyi vaxt aşkar edilmişdir. Qeyd olunan hallar müvafiq aktla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31,05.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 10.4-cü bəndinə əsasən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Tərtib edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004093 nömrəli akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8448 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 24.000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. İddiaçı iddia ərizəsində işlərə cəlb edilmiş şəxslərin usta olduğunu və onun işçiləri olmadığını iddia edir. Məhkəmənin nəzərinə çatdırırıq ki, izahatları alınmış şəxslər izahatlarında qab-yuyan, ofisiant, xadimə, bağban vəzifələrində çalışdıqlarını bildirmişdirlər. Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin tədbirin həyata keçirildiyi obyektdə olmaması isə həmin tədbirin nəticəsi əsasında qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Vergi orqanı tərəfindən vergi ödəyicisinin operativ vergi nəzarətinin həyata keçirildiyi təsərrüfat subyektinə gəlişinin gözlənilməsi operativ vergi nəzarətinin məqsədlərinə zidd olar və vergi ödəyicisinə qanun pozuntusu faktını gizlətmək üçün şərait yaratmış olardı. Həmçinin, vergi orqanı tərəfindən vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür. Əlavə olaraq, vergi ödəyicisinə operativ vergi nəzarəti materiallarına baxılması barədə bildiriş göndərilərək vergi orqanına dəvət edilmiş, hər hansı etiraz və ya sənədlərin təqdim edilməsi təklif edilmişdir. Lakin vergi ödəyicisi göstərilən tarixdə operativ vergi nəzarəti materiallarına baxılmada iştirak etməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 7.2-3-cü maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; -bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; -yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; -müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçının və şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8448 nömrəli qərarın ləğv edilməsini tələb edir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli **********466300 nömrəli məktubla müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********2650 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov 909 ünvanında yerləçən “Lizetta” restoranı adlı obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 12 (on iki) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 004093 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004093 nömrəli akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8448 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 24.000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İddiaçı iddia ərizəsində işlərə cəlb edilmiş şəxslərin usta olduğunu və onun işçiləri olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, operativ vergi nəzarəti tədbiri zamanı 7 (yeddi) nəfər (X7, X2, X11, X1, X4, X17, Babaşov Murad İslam oğlu) izahat verərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini bildirmişlər. 1 (bir) nəfər (X12) xüsusi ayrılmış otaqda kompyuter arxasında, iş görərkən aşkar edilmiş, 1 (bir) nəfər (X5) izahatını tamamlamaqdan imtina etmiş, 3 (üç) nəfər (X15, X8, X18) izahat verməkdən imtina edərək obyekti tərk etmişdirlər. İzahatların verilməsindən imtina etmiş şəxslər operativ vergi nəzarəti zamanı onlar tərəfindən işlərin yerinə yetirildiyi vaxt aşkar edilmişdir. Qeyd olunan hallar müvafiq aktla rəsmiləşdirilmişdir. İşdə olan operativ vergi nəzarəti tədbiri çərçivəsində X7, X2, X11, X3, X4, X17, Babaşov Murad İslam oğlundan xx.xx.2021-ci il tarixdə alınmış izahatlarında İddiaçı tərəfindən işə qəbul edildiklərini, lakin onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını bildirmişdirlər. İşdə olan əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, X15 ilə İddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. İşdə olan operativ vergi nəzarəti zamanı surəti çıxarılmış əmək haqqı cədvəllərindən görünür ki, X8 gözətçi kimi və X18 barmen kimi əmək haqqı almışdırlar. Həmçinin, iddiaçı iddia ərizəsində bildirmişdir ki, operativ vergi nəzarəti zamanı iddiaçı tədbirin həyata keçirildiyi obyektdə olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin tədbirin həyata keçirildiyi obyektdə olmaması isə həmin tədbirin nəticəsi əsasında qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin operativ vergi nəzarətinin həyata keçirildiyi təsərrüfat subyektinə gəlişinin gözlənilməsi operativ vergi nəzarətinin məqsədlərinə zidd olar və vergi ödəyicisinə qanun pozuntusu faktını gizlətmək üçün şərait yaratmış olardı. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 7.2-3-cü maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması iş materialları ilə öz təsdiqini tapmadığından Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8448 nömrəli Qərar əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4856/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4856/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver