Məhkəmə qərarları › İş №2-1(112)-4857/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4857/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4857/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X9 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1də yerləşən 0,0147 ha ölçüdə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində tikilmiş, müvafiq orqanlar tərəfindən təsdiq edilmiş olan eskiz layihəsində qeyd edilmiş ölçüdəki obyektin özəlləşdirilərək dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciəti əsasında Nəsimi küçəsi, 2520-2521-ci məhəllədə ticarət obyektinin quraşdırılmasına icazə verilməsi haqqında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2004-cü il tarixli 154 saylı sərəncam verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 7-114/7g saylı məktubunda göstərilən məsələyə etiraz etmədiyini bildirməklə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əlavə olunmuş eskiz layihə razılaşdırılmışdır. Torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 04 mart 2022-ci il tarixdə iddiaçı X5 oğlu İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən 07 yanvar 2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı 203705 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunmuşdur ki, iş üzrə iddiaçı X9 24 dekabr 2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 12-ci ayının 29cu günündə 1025 № ilə qeyd edilmişdir. İddiaçı 04 mart 2022-ci il tarixdə, eyni zamanda, Ağdaş rayon notariat ofisi tərəfindən 02 mart 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim etmək üçün verilmiş, 127 nömrəli arayışın əslini məhkəməyə təqdim edərək onun X5 hüquq varisi kimi tanınmasını xahiş etmişdir. Məhkəmənin 04 mart 2022-ci il tarixli qərardadı ilə, inzibati iş üzrə iddiaçı X9 onun hüquq varisi İddiaçı ilə əvəz edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004cü il tarixli, 154 nömrəli Sərəncamında ticarət obyektinin, eksiz layihədə yüngül konstruksiyalı qeyri-yaşayış obyektinin quraşdırılması nəzərdə tutulsa da, qeyri-yaşayış binası inşa edilmişdir. Həmçinin texniki pasportdakı torpaq sahəsinin ölçüləri ilə faktiki sahə arasında fərq var və tikilinin 4.0 kv. m.hissəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsindən kənarda yerləşir. Qeyri-yaşayış binasının istismara qəbul aktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 nömrəli qərarına uyğun təsdiq edilməmişdir. Qeyri-yaşayış binası çoxmərtəbəli yaşayış binasından 10 metr məsafədə və yolun kənarından 2,25 metr məsafədə yerləşir. İddiaçının nümayəndəsi və vəkili 12 aprel 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1də yerləşən 0,0147 ha ölçüdə xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində tikilmiş, müvafiq orqanlar tərəfindən təsdiq edilmiş olan eskiz layihəsində qeyd edilmiş ölçüdəki obyektin özəlləşdirilərək, mülkiyyət hüququnun X7 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11 may 2022-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0147 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir; Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 154 nömrəli sərəncamı ilə, Nəsimi küçəsi, 2520-2521-ci məhəllədə şəhid anası vət. X7 razılaşdırılmış eksiz layihəsinə uyğun ticarət obyektinin quraşdırılmasına icazə verilmişdir; Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 7-114/7g saylı məktubu ilə, Nizami rayonu, Nəsimi küçəsi, 2520-2521-ci məhəllə yüngül metal konstruksiyadan qeyri-yaşayış obyektinin quraşdırılmasına dair razılaşdırılmış memarlıq-planlaşırmasının həlli layihəsinin təqdim olunmuş yeni variantı ("xxxx" MMC-nin işi, memar E.Hacıyev) razılaşdırılır; “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı”ndan (tarixi qeyd edilməmişdir) görünür ki, "xxxx" MMC tərəfindən işlənmiş layihə əsasında inşa edilmiş, bir mərtəbəli, tikinti altı sahə 79,2 kv. m. olan ticarət obyekti istismara qəbul edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, X10 Xidməti, Dövlət Ekspertiza İdarəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin möhürləri ilə təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 04 may 2022-ci il tarixli məktubla, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 154 nömrəli sərəncamı və ona əlavə edilmiş "xxxx" MMC tərəfindən işlənmiş, Nizami rayonu, Nəsimi küçəsi, 2520- 2521-ci məhəllədə quraşdırılacaq yüngül konstruksiyalı pavilyonun eskiz layihəsi məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş qeyri-yaşayış sahəsinin X7 məxsus olması haqqında arayışın (çıxarışın) xahiş edir. X9 eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Daha sonra çıxarış almadan vəfat etdiyindən, iddiaçı hüquqi varis kimi hazırkı icraatı davam etdirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 3.0.9-cu maddəsinə əsasən, tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir; 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır; 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Məhkəmə qeyd edir ki, iddiaçının müraciətinə qiymət verilərkən tikintisinə icazə tələb olunan obyektlərə dair qanunvericiliyin tələbləri nəzərdən keçirilməlidir. Şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, xx.xx.2013-cü il tarixdən sonra, o cümlədən həmin tarixdən əvvəl inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tələb olunan tikililəri münasibətdə sənədlərin əhatə dairəsi fərqləndirilmişdir. Hazırkı iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2 və ya 8.0.10.1-ci maddəsində göstərilmiş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Məhkəmə cavabdehin imtinasının (etirazının) dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının istinad etdiyi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 154 nömrəli sərəncamı ilə, razılaşdırılmış eksiz layihəyə uyğun ticarət obyektinin quraşdırılmasına icazə verilmişdir. İstər ilkin olaraq, 2004-cü ildə razılaşdırılmış eksiz layihə ("xxxx" MMC tərəfindən işlənmiş), istərsə də sonradan, 2017-ci ildə razılaşdırılmış layihə ("xxxx" MMC tərəfindən işlənmiş) sözügedən ünvanda yüngül metal konstruksiyadan qeyri-yaşayış obyektinin quraşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı mübahisə predmeti obyektin yüngül metal konstruksiyadan quraşdırılmaması öz təsdiqini tapmışdır. Təqdim edilmiş fotoşəkillərdən bunun müəyyən edilməsi xüsusi bilik tələb etmir. Həmçinin qeyd edilən hal iddiaçı tərəfdən də təkzib edilməmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (Dövlət Tikinti norması (AzDTN 1.6-1)): 4.6-cı bəndinə əsasən obyektin tikintisi təsdiq olunmuş layihə əsasında aparılmalıdır... Tikintinin gedişində layihədə nəzərdə tutulmuş texniki və mühəndis həllərin, konstruksiya, material və məmulatların dəyişdirilməsi (əvəz edilməsi) lazım gələrsə, bu dəyişmə layihə sənədlərində müvafiq orqan və xidmətlərlə razılaşdırımış düzəlişlər edilməklə aparılmalıdır. Belə olan halda, həmin sərəncam mübahisə predmeti qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi barədə qərar kimi qəbul edilə bilməz. İş materiallarında olan istismara icazə sənədi ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Birincisi, iddiaçının istinad etdiyi istismara qəbul aktının tarixi qeyd olunmamış, qanunvericiliyə uyğun olaraq təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (Dövlət Tikinti norması (AzDTN 1.6-1)): 6.1-ci bəndinə əsasən, tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir; 6.3-cü bəndinə əsasən istismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi, təsdiq olunmuş layihə və müqavilə sanədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar gigiyeniya və təhlükəsizlik texnikası tələblərinə uyğun hər cür fəaliyyət (yaşayış, iş, istirahət və s.) şəraiti təmin edilməlidir; 6.8-ci bəndinə əsasən, dövlət qəbul və qəbul komissiyalarına sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, yanğın təhlükəsizliyi, ekologiya, memarlıq-tikinti nəzarəti orqan və xidmətlərinin və X2 (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə) nümayəndələri mütləq daxil edilməlidir. ...; 6.12-ci bəndinə əsasən, dövlət qəbul və qəbul komissiyaları görülən işlərin nəticəsində obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqda qərar qəbul edirlər. Dövlət qəbul və qəbul komissiyalarının qərarları akt kimi bu Qaydaların əlavə 5 və 6-da verilmiş formada, 4 nüsxədən ibarət tərtib və təsdiq edir. Qəbul aktı dövlət qəbul və qəbul komissiyalarını təyin edən qurum tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydalar”nın: 3.6.1-ci bəndinə əsasən, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissəhissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; 3.6.4-cü bəndinə əsasən, qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin, Tikintidə X1 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X3 Görülməsi və X6 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir; 3.6.5-ci bəndinə əsasən, istismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir; 3.6.6-cı bəndinə əsasən, qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. İkinci isə, istismara qəbul aktında 2004-cü ildə razılaşdırılmış "xxxx" MMC tərəfindən işlənmiş layihə əsasında inşa edilmiş, bir mərtəbəli, tikinti altı sahə 79,2 kv. m. olan ticarət obyekti istismara qəbul edilməsi göstərilmişdir. Lakin iş materiallarından görünür ki, 2017ci ildə "xxxx" MMC tərəfindən işlənmiş yeni layihə razılaşdırılmışdır. Yeni layihə üzrə tikilinin istismarına icazə sənədi isə iş materiallarında mövcud deyil, iddiaçı tərəfindən də belə bir sənədin mövcudluğuna istinad edilməmişdir. Belə olan halda, iddiaçının istinad etdiyi istismara qəbul aktının da yeni layihə üzrə tikili barəsində heç bir hüquqi qüvvəsi ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2 və ya 8.0.10.1-ci maddələrinin tələbləri təmin edilmədiyindən, imtinada (etirazda) göstərilən digər dəlillərin yoxlanılmasına zərurət qalmamışdır. Belə ki, həmin dəlillər öz təsdiqini tapmasa belə yuxarıda göstərilən səbəblərdən iddia təmin edilə bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın (çıxarışın) verilməsi” tələbinə dair təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar