Məhkəmə qərarları › İş №2-1(112)-4859/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4859/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4859/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, tərcüməçi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-İİ 252692 №-li Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 07 ayının 26 günündə 731 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Durğunluq ürək çatmamazlığı. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Olimp xəstəxanasında vəfat etmiş X2 ölümü haqqında akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. İddia tələbi, onun əsaslandırılması, cavabdehin etirazı: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə naməlum səbəblərdən Olimp Xəstəxanasında vəfat etmiş X3 ölümü haqqında dövlət qeydiyyatını aparan vətəndaşlıq vəziyyəti aktları kitabında düzəlişlər və dəyişiklər edilməsi, xx.xx.2022-ci ildə vəfat etmiş mərhum X6 naməlum ölüm səbəbi göstərilməklə yeni ölüm şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə X10 xx.xx.2022-ci il tarixdə Olimp xəstəxanasında vəfat etmiş X3 ölüm haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydlər kitabında düzəliş edilməsi barədə Bakı şəhəri Nizami rayon Şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsinin əməkdaşları X3 ölümü haqqında vətəndaşlıq vəziyyəti kitabında düzəliş və dəyişiklik etməkdən imtina cavabı vermişlər. xx.xx.2023-cü il tarixdə X10 ərizə tərtib etmiş, ərizəyə əlavə edilmiş sənədlər və ölüm haqqında şəhadətnamənin əsli ilə birlikdə Bakı şəhəri Nizami rayonu Şəhər Qeydiyyatı Şöbəsinə rəsmi qaydada təqdim etmişdir. Sənədləri qəbul edən işçilər X9 şifahi məlumat verdilər ki, “1 ay ərzində X3 ölümü ilə bağlı vətəndaşlıq vəziyyəti kitabında düzəlişlər ediləcək və siz mərhumun yeni ölüm şəhadətnaməsini alacaqsınız ki, bu da öz növbəsində anlaşılmaz və qanunsuz niyyət şübhələri yaradır”. xx.xx.2023-cü il tarixdə 397-C-22 saylı cinayət işi üzrə sadələşdirilmiş cinayət materialları üzrə Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun müstəntiqi X7 tərəfindən AR CPM 39.1.1 və 140.0.1-ci maddələri ilə xx.xx.2022-ci ildə X3 Olimp xəstəxanasında ölümünün səbəblərinin naməlum faktları üzrə cinayət işinin başlanmaması barədə qətnamə çıxarılmışdır. Müəyyən edilib ki, X8 Olimp xəstəxanasının məsul şəxslərinin öz xidməti vəzifələrinə səhlənkar münasibəti ucbatından xx.xx.2022-cü il tarixdə Olimp xəstəxanasında dünyasını dəyişib, ölümün səbəbi isə müəyyən edilməyib. X3 xx.xx.2022-ci il tarixdə verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 252692 saylı ölüm şəhadətnaməsində ölüm səbəbi kəskin ürək çatışmazlığı göstərilib, bu da həqiqətə uyğun deyil. Olimp xəstəxanasından X3 epikrizində epikrizin verilmə tarixi göstərilməyib və mərhum X4 uzun illər şəkərli diabet və arterial hipertoniya xəstəliyindən əziyyət çəkdiyi (AR CM-nin 313-cü maddəsi) barədə bilərəkdən yalan məlumatlar daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə uyğun olaraq, məhkəmə işə baxarkən tərəflərin və digər şəxslərin hərəkətlərində cinayət əlamətləri aşkar etdikdə, bu barədə prokurora məlumat verir və xüsusi qərardad qəbul edir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X3 adına Bakı şəhər 26 saylı şəhər poliklinikası tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə öldüyü tarix “xx.xx.2022-ci il” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın aşağıdakı bəndlərinə əsasən; 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” aşağıdakı bəndlərinə əsasən; 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirilir ki, X3 731 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığına görə ərizəçinin müraciətinin qeydiyyat şöbəsi tərəfindən təmin edilməsi mümkün deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin əsaslandırması: İşin faktiki hallarına görə, X8 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 07 ayının 26 günündə 731 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Durğunluq ürək çatmamazlığı. İddiaçı hazırkı tələbində ölümün səbəinin naməlum səbəbdən göstərilməklə yeni ölüm şəhadətnaməsi verilməsini xahiş edir. Cavabdeh isə tələbin təmin olunmasından imtina etməklə ona istinad edir ki, X3 731 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığına görə ərizəçinin müraciətinin qeydiyyat şöbəsi tərəfindən təmin edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, cavabdehin imtinası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; 5-ci bənd. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Yuxarıda sadalanan qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Maddə 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Maddə 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Sadalanan normalardan göründüyü kimi, ölüm qeydə alınması tibbi şəhadətnaməyə əsasən, tibbi şəhadətnamə olmadıqda isə ölüm faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinə əsasən aparılır. Məhkəmə sorğusu əsasında “Tibbi Ərazi Bölmələrini X14” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 26 nömrəli Şəhər Poliklinikası 15 aprel 2024-cü il tarixli məktubunda bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış xx.xx.1941-ci il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə “Durğunluq ürək çatmamazlığı. Ürəyin aterosklerotik xəstəliyi”. Diaqnozu ilə mərhumun oğluna müəssisə tərəfindən (AZS-106) **********57 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilmişdir. Həmin məktuba ölüm haqqında tibbi şəhadətnamənin surəti əlavə olunmuşdur. Göründüyü kimi, mərhum X3 ölümünə dair qeydiyyat tibbi müəssəsinin verdiyi məlumatlar əsasında yazılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar