Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-486/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 66 q saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 və İstismarı Birliyi ilə Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 66 q saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş mülkiyyətçisi X6 arasında xx.xx.1998-ci il tarixində 21846 saylı müqavilə bağlanılmışdır. Həmin sözügedən bağ sahəsinin xx.xx.2004-cü il tarixdə onun adına keçirilməsinə dair X6 dövlət notariat ofisində təsdiq olunmuş razılıq ərizəsi vermişdir. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyası Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 66q saylı bağ sahəsini onun adına keçirmiş və xx.xx.2001 -ci il tarixli, 21846 saylı müqavilə ilə təsdiq edilmişdir. Razılıq əsasında və qanuni şəkildə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 66 q saylı bağ sahəsinin adına özəlləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən çıxarışın verilməsindən imtina edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə çıxarışın verilməsinə dair etdiyi rəsmi müraciətinə aşağıdakı kimi cavab verilmişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər guya ona məxsus Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 66 q saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Belə ki, guya daşınmaz əmlaka dair bağlanılmış icarə müqaviləsində səlahiyyətli qurumun möhürü yoxdur kimi absurd əsaslandırılma edilmişdir. Halbuki, həmin fikrin tamamilə yanlışdır, ona məxsus Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 66q saylı bağ sahəsinə dair bağlanılmış icarə müqaviləsində müqavilənin digər tərəfi olan X2 və İstismarı Birliyinin möhürü mövcud idi. Həqiqətə uyğun olmayan əsasa görə ona məxsus Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 66q saylı bağ sahəsinin dövlət qeydiyyatına alınmaması qanunsuzluqdan başqa bir şey deyildir. Beləliklə, ona məxsus Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 66q saylı bağ sahəsinin dövlət qeydiyyatına alınmaması mülkiyyətçi kimi onun hüquqlarına toxunur. Nəzərinizə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Göründüyü kimi, bütün qanuni tələblər ona məxsus Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 66q saylı bağ sahəsinin adına rəsmiləşdirilməsini şərtləndirir. Belə olduğu halda, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ona məxsus əmlakın dövlət qeydiyyatına almasından imtina edilməsi onun hüquqlarının pozulmasının bariz münuməsidir.
3. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ massivində yerləşən 66 q saylı bağ sahəsinə dair 1191.0 kv.m hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, əvvəlki məhkəmə iclaslarındakı izahatını çıxış kimi qəbul edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektrron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi 66 b saylı bağın ərazisinə uyğun gəlir və iddia olunan bağ sahəsinin 0.12 ha hissəsi Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2 bağ sahəsi 66 V saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin torpaq sahəsinin 344 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, icarə müqaviləsində səlahiyyətli qurumun (keçmiş “X2 və İstismarı Birliyi”) möhürü yoxdur. Əlavə olaraq torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli **********23 saylı cavab məktubu ünvanlanmışdır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 13.0.2021-ci il tarixli **********23 nömrəli imtina məktubuna əsasən bağ sahəsinin qeydiyyata alınması ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi 66 b saylı bağın ərazisinə uyğun gəlir və iddia olunan bağ sahəsinin 0.12 ha hissəsi Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2 bağ massivində 66 V saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin torpaq sahəsinin 344 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, icarə müqaviləsində səlahiyyətl iqurumun (keçmiş “X2 və İstismarı Birliyi”) möhürü yoxdur. Əlavə olaraq torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********4 nömrəli xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2 bağ massivində yerləşən xx.xx.1990-cı il tarixli 4806 saylı müqavilə əsasında ayrılmış 67 saylı sahəsinə dair, həmçinin dövlət reyestrində qeydiyyatdan keçmiş 66 saylı və 66 b saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********86 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2 bağ massivində yerləşən 66 Q və 66 V saylı bağ sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 28 oktyabr 1998-ci il tarixli 21846 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka – 2 bağ massivində yerləşən 66 q saylı bağ sahəsi X3 ayrılmış, R.X5 Birliyinə ərizə ilə müraciət edərək həmin 66 q saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsini xahiş etmişdir. xx.xx.2001-ci il tarixli 21846 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka – 2 bağ massivində yerləşən sahəsi 0.12 ha olan 66 q saylı bağ sahəsinə dair İddiaçı ilə müqavilə bağlanmışdır.
12. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 01-/xxxx/6798 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən torpaq sahələri Səhmdar Cəmiyyətə məxsus hər hansı bir elektrik verilişi xətti keçmir.
13. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********82 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1191,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində həyət tikilisi mövcuddur. Göstərilən torpaq sahəsi digər bağ sahəsi (qeydiyyatdan keçmiş) ilə bir hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Faktiki olaraq göstərilən 1191.0 kv.m torpaq sahəsinin sərhəd xətlərini və koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron baza məlumatlarına əsasən göstərilən faktiki torpaq sahəsi Vişnyovka-2 bağ massivində 66 nömrəsi ilə başlayan bağların yeridir. Bu sahənin dəqiq olaraq hansı nömrəyə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə olaraq torpaq sahəsinin 344.0 kv.m hissəsi elektrik xəttinin mühafizə düşür. Həmçinin sözügedən torpaq sahəsi Maştağa-Bilgəh yolunun kənarında yerləşir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi 28 oktyabr 1998-ci il tarixli 21846 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka – 2 bağ massivində yerləşən 66 q saylı bağ sahəsi X3 ayrılmış, R.X5 Birliyinə ərizə ilə müraciət edərək həmin 66 q saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsini xahiş etmişdir. xx.xx.2001-ci il tarixli 21846 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka – 2 bağ massivində yerləşən sahəsi 0.12 ha olan 66q saylı bağ sahəsinə dair İddiaçı ilə müqavilə bağlanmışdır. İddiaçı sözügedən bağ sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın dəlillərindən biri elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin 66 b saylı bağın ərazisinə uyğun gəlməsi və bağ sahəsinin 0.12 ha hissəsinin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2 bağ massivində 66 V saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir ki, işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, 66 V (kiril əlifbası ilə B) saylı bağ sahəsi də, iddiaçının iddia etdiyi 66 q saylı bağın əvvəlki sahibi X3 məxsus olmuş, sadəcə həmin bağ sahələrinə dair cavabdeh tərəfindən vaxtında bölgü aparılmadığından iddiaçıya ayrılmış 0.12 ha ölçüdə 66 q saylı bağ sahəsinin 66 V (kiril əlifbası ilə B) sahəsinin 0.12 hissəsinə düşməsi müəyyən edilmişdir. Faktiki olaraq bağ sahələri ayrı-ayrı bağ sahələridir və hər bir bağ sahəsinə dair ayrıca hüquqmüəyyənedici sənəd olan “bağların icarəyə verilməsinə dair” müqavilə mövcuddur. Cavabdehin digər dəlili isə ondan ibarətdir ki, icarə müqaviləsində səlahiyyətli qurumun (keçmiş “X2 və İstismarı Birliyi”) möhürü yoxdur, iddiaçı tərəfindən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə cavabdehin sözügedən dəlilinə münasibətdə qeyd edir ki, həmin müqavilə sözegedən bağ sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən aktdır. Həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, müqavilə mötəbər sübut kimi qiymətləndirilir. Digər tərəfdən həmin müqavilənin surəti (arxiv nüsxəsi) cavabdehin arxiv sənədlərində aşkar edilmişdir. Müqavilədə möhürün olmaması iddiaçının iradəsindən asılı olmamışdır və müqavilənin mötəbərliyinə təsir edə bilməz. Bu xüsusat iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina olunması üçün əsas kimi çıxış edə bilməz. Bu səbəbdən də, cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh digər dəlilində torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad etsə də, "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş məktubda həmin bağ sahəsindən Səmdar Cəmiyyətə məxsus hər hansı elektrik verilişi xəttinin keçmədiyi bildirilmişdir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iş üzrə təqdim edilmiş mütəxəssis rəyi ilə mübahisəli bağ sahəsinin faktiki olaraq sahəsinin 1191.0 kv.m təşkil etməsi müəyyən edildiyindən, iddiaçının bağ sahəsinə dair hüquqları həmin hissədə qeydiyyata alınmalıdır.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
23. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
25. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
26. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
28. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
29. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
31. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ massivində yerləşən 66 q saylı bağ sahəsinə dair 1191.0 kv.m hissədə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva