Məhkəmə qərarları › İş №2-1(112)-4860/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4860/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4860/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu 68 №li Mənzil Kommunal İstismar Sahəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu 68 №li Mənzil Kommunal İstismar Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Suraxanı rayon 68 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxx 2019-cu il tarixli aktının qanunsuz hesab edilməsi, həmin aktın tərtibi ilə əlaqədar cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddiaçı Nailə Əliyevanın ona qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi var. Həmin ərizə ilə iddiaçı guya mənzilinə onun tərəfindən su axıdılması nəticəsində maddi zərərin vurulmasını iddia edir. Su axıdılmasını isə Bakı şəhəri Suraxanı rayon 68 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxx 2019-cu il tarixli aktı ilə əsaslandırır. Hətta məhkəmə tərəfindən təyin edilmiş ekspert də rəyini həmin aktla əsaslandırmışdır. Lakin cavabdeh tərəfindən həmin akt tərtib edilərkən onun mənzilinə baxış keçirilməmiş, suyun axıdılması dövrü və mənbəyi müəyyən edilmədən akt tərtib edilmişdir. Həmin akt əsasında da ona qarşı maddi zərər tələbi irəli sürülmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında əlavə olaraq bildirdi ki, cavabdeh inzibati orqandır və tərtib etdiyi akt da inzibati aktdır. Bu baxımdan da hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda isə mənzil kommunal istismar sahələri inzibati orqan sırasına daxil edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir və mübahisələndirilən akt da inzibati akt hesab edilmir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar