Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4860/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 noyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh 1 dekabr 2021-ci il tarixdə ümumi iş stajının 20 ildən, güzəştli iş stajının 10 ildən az olduğunu göstərməklə təqdim edilmiş sənədləri qaytararaq pensiya təyin olunmasından imtina etmişdir. Təqdim edilən əmək kitabçasından göründüyü kimi, 1 yanvar 1977ci il tarixdən 14 mart 1977-ci il tarixədək Zərkənd Sovxozunda dalandar fəhlə 15 mart 1977-ci il tarixdən 9 iyul 1984-cü il tarixədək həmin sovxozda tütünçü, 10 iyul 1984-ci il tarixdən 30 noyabr 1988-ci il tarixədək isə sovxozda laborant işləmiş, 17 may 1990-cı il tarixdən 1 sentyabr 1990-cı il tarixədək Bakı Kondisioner Zavodunun plasmas sexində fəhlə, 1 sentyabr 1990-cı il tarixdən 2 fevral 1998-ci il tarixədək həmin sexdə plastik kütlə tökücüsü işləmişdir. Məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycana köçərkən 30 noyabr 1988-ci il tarixdən Azərbaycanda işə qəbul olunmuş, yəni 17 may 1990-ci il tarixədək iş stajıda fasilə olmuşdur. Həmin dövrün fasiləsiz iş stajı hesablanması barədə əmək kitabçasının 4-cü səhifəsində AMİŞ Rəyasət Heyətinin 11 yanvar 1990-cı il tarixli qərarına əsasən lazımi qeydlər aparılmışdır. 1 dekabr 1988-ci il tarixdən 17 may 1990-ci il tarixədək olan dövr nəzərə alındıqda, onun ümumi iş stajı 21 il 1 ay 2 gün olur. Güzəştli iş stajını hesabladıqda isə, 15 mart 1997-ci il tarixdən 10 iyul 1984-cü il tarixədək sovxozda tütünçü işlədiyi dövr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərişçilərin siyahısı»nın 5-ci bəndində 224050 kodu ilə kodlaşdırılmış “tütün istehsalı və bərpa” XXİİ Yeyinti Sənayesi. bölməsinin tütünün istehsalı a) fəhlələr yarım bəndində 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z) bəndində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan tütünün becərilməsi, yığılması və yığılandan sonrakı emalında işləyənlər güzəştli şərtlərlə pensiya almaq hüququ olduğu, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, siyahının “27.Yeyinti sənayesi” bölməsinin, “27.5 Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı” bəndinin “27.5.1 Tütün istehsalı” a) fəhlələr yarımbəndində göstərilənlərə əsasən 15 mart 1977-ci il tarixdən 10 iyul 1984-cü il tarixədək sovxozda tütüncü işlədiyi dövr 7 il 3 ay 25 gün, kondisioner zavondunda 17 may 1990-ci il tarixdən 2 fevral 1998-ci il tarixədək plastik kütlə tökücüsü kimi işlədiyi dövr 7 il 8 ay 15 gün güzəştli iş stajına aid olduğu üçün ümumilikdə güzəştli iş stajı 15 il 10 gün olur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən cavabdehə 2019-cu ilin noyabr ayının 20-də lazım olan sənədləri təqdim edərək ərizə ilə müraciət etmişdir. Araşdırma aparmadan 6 dekabr 2019-cu il tarixdə imtina cavabı verilmişdir. Onun 20 ildən çox ümumi, 10 ildən çox güzəştli şərtlərlə iş stajı var. Qanunda dəyişiklik edilənə, yəni 1 iyul 2017ci il tarixə qədər 52 tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddənin tələblərinə müvafiq olaraq həmin Qanun 1 yanvar 2006-ci il tarixdə qüvvəyə minənədək tələb olunan şərtlər ümumi və güzəştli iş stajını nəzərə alaraq ona pensiya təyin edilməli idi. Cavabdehin məktubunda göstərdiyi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması 1 iyul 2017-ci il tarixdən sonra pensiya hüququ olan şəxslərə şamil olunur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 72, 78-ci maddələrinə əsaslanaraq, məhkəmədən cavabdehin 1 dekabr 2021-ci il tarixli **********9 saylı məktubunu qanunsuz hesab edib, onun pensiya hüququnu yarandığı 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilib ödənilməsini öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 5 mart 2022-ci il tarixli məktubunda İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia etiraz edilərək aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassızdır və qanunazid olduğuna görə rədd edilməlidir. İddiaçı 18 noyabr 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununгт 1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə qadınlara 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. İddiaçının idarəyə təqdim etdiyi 15 yanvar 1977-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 1 yanvar 1977-ci il tarixdən 30 noyabr 1988ci il tarixədək olan dövr ərzində Ermənistan Respublikası Vardenis rayonunun “Zərkənd” sovxozunda işlədiyi qeyd olunmuşdur. Lakin əmək kitabçasındakı məlumatların həmin dövrün arxiv sənədləri əsasında dəqiqləşdirilməsi mümkün olmadığından, müvafiq dövrün əmək stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçının əmək kitabçasında 15 mart 1977-ci il tarixdən 10 iyul 1984-cü il tarixədək Ermənistan Respublikası Vardenis rayonunun “Zərkənd” sovxozunda işlədiyi qeyd olunan tütünçü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 20 ildən az, güzəştli iş stajı isə 10 ildən az (7 il 8 ay 15 gün (xx.xx.1990-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların – kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. O, əmək fəaliyyətinə Ermənistanın Vardenis rayonunda Zərkənd sovxozunda 1 yanvar 1977-ci il tarixdə başlamış, həmin tarixdən 14 mart 1977-ci il tarixədək sovxozda dalandar, 1977-ci ilin mart ayından 1984-cü ilin iyul ayının 9-dək sovxozda tütünçü işləmişdir. Sonuncu qeyd olunan tarixdən 1988-ci ilin 30 noyabr tarixinədək isə, sovxozda laborant vəzifəsində çalışmışdır. Məlum hadisələrlə əlaqədar Azərbaycana köçdükdən sonra iddiaçı 17 may 1990-cı il tarixdən Bakı Kondisioner Zavodunda Plastik kütlə sexinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul olunmuş, 1 sentyabr 1990-cı il tarixdən həmin sexdə plastik kütlə tökücüsü vəzifəsinə keçirilmiş və 2 fevral 1998-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun qaldırdığı məsələnin həllindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 20 ildən az, güzəştli iş stajı isə 10 ildən aza təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: - (b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; - (z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli Siyahının “XXİİ. Yeyinti sənayesi” bölməsinin “5. Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı” bəndində fəhlələr 2240500a (tütün istehsalı üzrə) və 2240502a (bərpa edilmiş tütünün istehsalı üzrə) kodları ilə nəzərdə tutulmuşdur. Bundan başqa, həmin Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000 – 13399 kodu ilə plastik kütlələrin tökücüləri peşəsi əks olunmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik qadınlar 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Həmçinin qanuna («Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “z” bəndinə) görə sovxozlarda bilavasitə tütünün becərilməsi tam mövsüm ərzində çalışan qadınlar da 52 yaşdan bu hüquqa malikdirlər. Hazırkı işin hallarına görə isə, İddiaçı işlədiyi sovxozda “tütünçü” və “plastik kütlələrin tökücüsü” peşələri «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir və iddiaçının ümumilikdə iki peşə üzrə iş stajı 1 yanvar 2006-cı il tarixədək 10 ildən artıqdır. Lakin iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən – 19 il 7 ay 14 gün (xx.xx.1977 – xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1998-ci il tarixlər arasındakı dövrlər) təşkil edir. Bu hal iddia ərizəsinə və ona məxsus əmək kitabçasına əsasən müəyyən edilir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına malik olmadığından, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensuyası hüququ yaranmır. Odur ki, məhkəmə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasını qanua zidd qiymətləndirmir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4860/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4860/2022
20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver