Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4862/2020 30.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Həsənova Elvira Oqtay qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası texnoloq, işsiz),cavabdehin nümayəndəsi İsmayılova Vəfa Həzi qızının (Laçın rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Həsənova Elvira Oqtay qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Bakı şəhər Nərimanov rayon şöbəsinə) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Həsənova Elvira Oqtay qızı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 61 il 6 ay yaşının tamam olduğuna görə xx.xx.2020-ci ildən əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılmış pensiya ödənişinin birdəfəlik ödənilməsi üçün zəruri olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı Həsənova Elvira Oqtay qızı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-cü il təvəllüdlüdür, ümumi 25 il 2 ay 7 gün əmək stajı vardır.Yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətini qanunsuz olaraq təmin etməkdən imtina etmişdir, əsas kimi o halı göstərmişdir ki, onun təqdim etdiyi sənədlərə əsasən fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermir və tələb olunan iş stajı yoxdur.Halbuki onun iş stajı 25 ildən çoxdur ki, bu da yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məblığindən azalmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası ilə iddiaçının 23 il 2 ay 13 gün sığorta stajının olması müəyyən edilmişdir. Bu da tələb olunan sığorta stajından - 25 ildən azdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi V.İsmayılova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri kimi Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatdadır. 754085 №li diploma əsasən iddiaçı 1977-ci ildən 1981-ci ilə qədər Bakı Yüngül Sənaye Texnikumunda təhsil almışdır. “Billur” ATCS-nin xx.xx.2020-ci il tarixli, 05 №li arayışına əsasən iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər həmin cəmiyyətdə normal.texnik işləmişdir.1998-ci ilin fevral və mart aylarında əmək haqqı almışdır,xx.xx.1998-ci ildən xx.xx.2000ci ilə qədər öz hesabına məzuniyyətdə olmuşdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Kirov rayon məişət xidmətində, xx.xx.1977-ci ildən xx.xx.1984-cü ilə qədər Volodarski adına tikiş fabrikində,xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperasiyası İdman Cəmiyyətində, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilə qədər Volodarski adına tikiş fabrikində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər Melitopolski ət kombinatında,xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər Vaqon bələdçiləri ehtiyatında, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər “Büllur” ATSC-də, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalında, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilə qədər “Abşeron” mehmanxanasında işləmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə imtina edilmişdir. Cavabdehin məhkəmə iclasında təqdim etdiyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon xidmət nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş iddiaçının əmək stajının hesablanmasına əsasən cavabdeh iddiaçının əmək stajını 23 il 2 ay 13 gün hesablamışdır, həmin hesablama zamanı iddiaçının “Billur” ATSC-də xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər işləməsi əks olunmamışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur, əmək kitabçasına əsasən onun 25 ildən çox əmək stajı vardır, iddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının tələb olunan sığorta stajı yoxdur, belə ki, iddiaçının əmək stajı 23 il 02 ay 13 gün təşkil edir və həmçinin zəruri sığorta kapitalı da mövcud deyildir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçasına əsasən və “Billur” ATCS-nin xx.xx.2020-ci il tarixli, 05 №li arayışına əsasən iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər həmin cəmiyyətdə normal.texnik işləmişdir. AR ƏƏSMN-nın Kollegiyasının xx.xx.2017-ci il tarixli,17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.1-ci maddəsinə əsasən, sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi əmək kitabçasından müəyyən olunur ki, iddiaçı həqiqətən də xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər “Billur” ATSC-də normalaşdırıcı texnik vəzifəsində işləmiş və onun həmin illərlə bərabər 25 ildən artıq (2006-ci ilin 01 yanvar tarixinə )iş stajı olması əmək kitabçası ilə təsdiqlənir. Cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsi iddiaçının təqdim etdiyi əmək kitabçası və onda əks olunan qeydlərin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim etmədiyi üçün həmin sənəd və məlumatları məhkəmə mötəbər hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. Belə olan halda iddiaçının “Billur” ATSC-də xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər işlədiyi müddətin cavabdeh tərəfindən nəzərə alınmaması əsassız və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına zidd olmuşdur. Məhkəmə onu da xüsusi qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya 61 il 6 ay yaşının tamam olduğuna görə xx.xx.2020-ci ildən əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılmış pensiya ödənişinin birdəfəlik ödənilməsi üçün zəruri olan hərəkətlərin icra edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 61 il 6 ay yaşının tamam olduğuna görə xx.xx.2020-ci ildən əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılmış pensiya ödənişinin birdəfəlik ödənilməsi üçün zəruri olan hərəkətlərin icra edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Bakı şəhər Nərimanov rayon şöbəsinə) həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4862/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4862/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver