Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4863/2020 28.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, X1nın iştirakı ilə X1nın cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia tələbi irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və bildirmişdir ki, o, 1998-ci ilədək AR Daxili İşlər Nazirliyinin Kriminalistik İdarəsində dəftərxana müdiri (kiçik inspektor) vəzifəsində işləmişdir. 1998-ci ilin iyul ayında uşaqla əlaqədar sosial müzuniyyətə çıxmışdır. 2001-ci ildə məlumatı olmadan onu həmin İdarənin katibliyinin operatoru təyin etmişlər. 2003-cü ildə məzuniyyətdən qayıtdıqdan sonra İdarə rəhbərliyi ona başqa vəzifə təklif etmişdir. O, həmin təkliflə razılaşmamışdır. Lakin ona daktiloskopik kartoteka ilə məşğul olmağı tapşırdılar. 2009-cu ildən İdarənin yeni rəhbərliyi onu katibliyə keçirmişdir. Lakin bəzi şəxslər onun işləməsinə imkan verməmişlər. Onlardan biri başqa vəzifəyə keçirildikdən sonra o (iddiaçı), işləməyə başlamışdır. Xüsusilə qeyd olunur ki, onun tərtib etdiyi sənədlərin nomenklaturasından katiblik bu günədək öz işini qurur. 2011ci ildə müəyyən səbəblərdən o, Kriminalistika şöbəsinə kiçik inspektor vəzifəsinə təyin edilmişdir. Həmin şöbədə onunla qeyri-etik, davranış kodeksinə sığmayan tərzdə rəftar edilmişdir. Bu barədə rəhbərliyə raport ünvanlasa da, nəticə olmamış və münasibət daha da kəskinləşmişdir. Hətta ona öz işini görməyə imkan verilməmişdir. Bu təzyiqlərə dözməyib məcbur qalaraq 2012-ci ildə KTİ-nin katibliyində işləmiş və KTİ-nin daktiloskopik şöbəsində fəaliyyət göstərən sistemə xeyli sayda kart yükləməklə məşğul olmuşdur. Lakin o, 2010-cu ildən mükafatlandırılmamışdır. x xxxxxxxx 2014-cü il tarixdə DİN rəhbərliyinin adına şikayət məktubu (kompyuter olmadığından qələmlə) yazmışdır. Lakin raport katibliyin rəhbərliyinə təqdim olunsa da, qeydiyyatdan keçməmişdir. Nazirliyin X3 əməkdaşları xx xxxxxxxx 2014-cü il tarixdə raporta aydınlıq gətirmək üçün ondan izahat almışlar. X3 rəyində KTİ-nin əməkdaşlarının ona qarşı əsası olmayan dəlillər göstərilmişdir və bunu əsas tutaraq AR Daxili İşlər Nazirliyinin x xxxxxxxx 2014-cü il tarixli Ə 746-001-14 nömrəli əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. Bu günədək yaşayış yeri üzrə Sabunçu rayonu Məşğulluq xidmətində işsiz kimi qeydiyyatdadır, işlə təmin olunmamışdır. Yazılı şikayət versə də, bugünədək ona orqandan xaric olunmasının əsasları təqdim edilməmişdir. AR Daxili İşlər Nazirliyinin x xxxxxxxx 2014-cü il tarixli əmri ilə DİO-dan xaric edildiyindən, bu günədən onun işlə təmin olunmasına əngəllər yaradan və işgüzar nüfuzunu ləkələyən, barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Yəni, AR Daxili İşlər Nazirliyinin DTİ-nin rəyində qeyd olunan KTİ-nin əməkdaşlarının izahatlarında həqəqətə uyğun olmayan məlumatlar yazılmışdır. Çünki o, 1990-cı ildə dəftərxana rəisi vəzifəsinə qəbul olunmuşdur. Cavabdehin hərəkətləri nəticəsində onun işgüzar nüfuzuna ziyan vurulmuşdur. Bundan başqa, o, cavabdeh tərəfindən işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində bu günə kimi özünə iş tapa bilmir, peşə fəaliyyətini davam etdirməsi mümkün olmamışdır, hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3205/206 saylı x xxxx 2016-cı il tarixli qərdadını ləğv edib iddia icraatına keçilməsini məhkəmədən tələb edir (Məhkəmə sədrinin xx xxxxxx 2019-cu il tarixli məhkəmə əmrinə etiraz). Yuxarıda göstərilənlərə və İPM-in 8.1.3-cü maddəsinə əsaslanaraq məhkəmədən xahiş edilir ki, AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx xxxxxx 2018-ci il tarixli 203 nömrəli məktublarında qeyd edilən 9 saylı Hüquq Məsləhətxanasının vəkili Ağayev A.M. xx xxxxxx 2018-ci il tarixli 203 nömrəli məlumat bir vəzifə olaraq 9 saylı Hüquq Məsləhətxanasının vəkilinin və Kommersiya Məhkəməsinin üzərinə qoyulsun və məcburi icra edilsin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədrinə ünvanlanmış və katibliyə təhvil verilmiş x xxxxxx 2019-cu il tarixli məktubda qeyd olunan əmək münasibətləri x xxxxxx 2018-ci il tarixli iddia ərizəsinin qərar qəbul olunması məhkəmədən tələb edilsin, Kommersiya Məhkəməsinin arxivində olan 2-1(82)-3281/2016 nömrəli iş tələb edilsin və iddia ərizəsinə əlavə olunsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İPM-in 49.1.1 və 49.1.2-ci maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət etmək, hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək. Məhkəmə İPM-in 49.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədilə iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə müvafiq məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən X1 iddianı müdafiə etdi, ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb etdiyini və yazdığı iddia ərizəsi üzrə işə baxılmalı olduğunu bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24-cü müddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qaldırılan məsələlər qeyri-müəyyən şəkildə ifadə olunmaqla, mahiyyəti üzrə cavabdeh AR Daxili İşlər Nazirliyinə səlahiyyətlərinə aid olmayan hallarla bağlıdır. İddiaçının özünün izhatında “dəymiş mənəvi ziyanın ödənilməsi”nə gəldikdə isə nəzərə alınmalıdır ki, o, dəymiş ziyanı bir tərəfdən onun DİO-dan xaric olunmasının qanunsuzluğu ilə, digər tərəfdən onun DİO-dan xaric olunduqdan sonra işgüzar nüfuzunun aşağı düşdüyünən başqa işlə təmin olunmasında əngəllərin yaranması ilə əsaslandırır. Hazırda isə, o, DİO-da xidmətdən xaric olunması barədə əmri mübahisələndirmədiyindən, cavabdehin həmin hərəkətlərinin qiymətləndirilməsi mümkün sayıla bilməz. Məhkəmə İPM-in 13 və 54-cü maddərinə uyğun şəkildə müvafiq x xxxxxxxx 2014-cü il tarixli əmrin (iddia ərizəsinə əsasən) hazırda mübahsələndirilməsinin iddiaçıya tövsiyə olunması da məqsədəmüvafiq saymır. Çünki, iddiaçı xidmətin xüsusiyyətlərinə görə həmin ərəfədə əmrdən xəbərdar olmuş əmrin qəbulundan 5 ildən çox müddət ötdükdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Onun işgüzar nüfuzunun aşağı düşməsinin birbaşa cavabdehin müvafiq əmr verməsi hərəkətləri ilə bağlılığı mülahizələrə söykənir və ehimallı deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının şifahi bildirdiyi tələbi “dəymiş mənəvi ziyanın ödənilməsi”, yazılı tələbi isə cavabdehə aid olmayan digər hərəkətlərdir. İddiaçı tələbini dəyişdirməməkdə israrlı olduğundan, eləvə də onun dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana müraciəti olmadığından, iddianın “dəymiş mənəvi ziyanın ödənilməsi” kimi təqdim olunması da ona tövsiyə edilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 7.2, 9 və 17-ci bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmənin qənaətinə görə ilkin məhkəmə araşdırılması ilə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı hərəkətin edildiyi, vəzifənin yerinə yetirilmədiyi müəyyən olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4863/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4863/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver