Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4864/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Göyçay şəhərində anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni, o, xx.xx.2022-ci ildə yenidən qiymətləndirilmədən keçməli idi. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “sənədlərlə təsdiqlənmiş spazm ilə müşaiyət olunan stenokardiya. ÜİX, stabil gərginlik stenokardiyası FS İİİ tez-tez tutmalarla. Durğunluq ürək çatmamazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, ən yüksək risk. Ürək çatmamazlığı. Üç İİİ, mədəik ekstrasistologiyası” qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, DSMF tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraicətə cavab olaraq bildirilmişdir ki, ona məxsus müalicə məlumatları səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən X5 etibarsız edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə, cavabdeh inzibati orqan əlilliyinin etibarsız hesab edilməsi üçün DİN Tibb İdarəsi tərəfindən göndərişin əsassız olmasını əsas götürsə də, həmin məktubun surətini və ya məzmununu ona təqdim etməmişdir. Bundan başqa, ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra ona nəhayət ki, bir məlumat verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, həmin sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABKE saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının daxili İşlər nazirliyinin Tibb İdarəsinin 029- 283-1219/5 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə, 13 nəfərin, o cümlədən iddiaçının Daxili İşlər Nazirliyinə aidiyyatı olmadığına görə ona rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar İddiaçı əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəsissəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABKE saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azəbraycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AABKE sayıl göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlilliyi etibarsız edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Sumqayıt şəhər 3 nömrəli Xəstəxanası tərəfindən tərtib edilmiş X/T seriyalı, N-1909780 nömrəli epikrizdən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə, saat 13:30-da xəstəxanaya daxil olmuş, xx.xx.2017-ci il tarixdə, saat 11:00-da xəstəxanadan çıxmışdır. Əsas diaqnoz “İ20.8 ÜİX. Gərginlik stenokardiuyası İİİ FS, tez-tez ürək tutmaları ilə. Aterosklerotik kardioskleroz” olmuşdur. İşdə olan Sumqayıt şəhər 3 nömrəli Xəstəxanası tərəfindən tərtib edilmiş X/T seriyalı, ******* (435) nömrəli epikrizdən və 112 nömrəli xəstənin stasionar tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixədək, 05.0.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixədək müalicədə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı əlillik dərəcəsi xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək ona 5 il müddətinə ikinci əlillik dərəcəsi təyin edilmiş, əlilliyin səbəbi ümumi xəstəlik qeyd edilmiş, diaqnozda isə “sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası FS İİİ, tez-tez tutmalarla. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya xəstəlik(-yi), Hipertoniya xəstəliyi, ən yüksək risk, ürək çatışmamazlığı, üç İİİ, mədəcik ekstrasistoliyası” qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********5 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 4110003AABKE saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş, ümumi xəstəlik ilə əlaqədar beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABKE saylı göndərişin əsassız verilməsi barədə məktubu əsasında onun əlilliyi barədə müayinə **********6 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2020-ci il tarixli, 029-158-1220 nömrəli məktubdan görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X1 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə, **********348300 nömrəli “Müraciətə baxılması haqqında” məktubundan görünür ki, dövlət vergi orqanları əməkdaşlarının tibbi müayinə və müalicəsinin hansı tarixdən hansı tarixədək həyata keçirilməsi barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin xx xxxx 2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin xx.xx.2008-ci il tarixli, **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə bir dəfə DİN-in poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmışdır. Nazirliyin digər strukturlarında qeyd olunan əmrin tələblərindən irəli gələn tədbirlərin icrası həmin strukturların rəhbərlərinə tapşırılmışdır. İşdə olan Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən 13 saylı Vəkil Bürosunun vəkilinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı tibbi qeydiyyatda olduğu DİN-in 1 saylı poliklinikasından xx.xx.20119-cu il tarixdə tibbi kitabçasını apardığı üçün müraciətdə qeyd etdiyi suallara cavab vermək imkan xaricindədir. İşdə olan Azərbaycan Respublikası DİN TİBB İdarəsinin 1 nömrəli poliklinikası tərəfindən iddiaçının adına açılmış 509 nömrəli tibbi kitabçadan görünür ki, İddiaçı (doğulduğu il: 1962; iş yeri: Vergilər Nazirliyi ünvan 1 ünvanı: 2 ci Alatava 70 B) xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1 nömrəli poliklinikasında tibbi kitabça açılmışdır. O mütəmadi olaraq, həmin poliklinikada müayinlərdən keçmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AABKE saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin, sonradan cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 029-283-1219/5 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə qiymətləndirməyə əsas verən 4110003AABKE saylı göndəriş əsassız hesab edildiyindən, əlillik altsistemində etibarsız hesab edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Tibb İdarəsi tərəfindən verilmiş cavabda bildirilmişdir ki, göndərişin əsassız hesab edilməsinə səbəb, İddiaçı daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur. Lakin, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin xx xxxx 2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin xx.xx.2008-ci il tarixli, **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə birdəfə DİN-in poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmış, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Tibb İdarəsinin 1 nömrəli poliklinikasında xx.xx.2005-ci il tarixdən qeydiyyatda olmuş, onun adına 509 nömrəli tibbi kitabça açılmışdır. İddiaçının hüquqları yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcəli əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iş materiallarında iddiaçıya DİN Tibb İdarəsinin 4110003AABKE saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə ümumi xəstəliklə əlaqədar, 5 il müddətinə təyin edilmiş İİ qrup əlillik dərəcəsinin etibarsız hesab edilməsi üçün mötəbər əsaslar müəyyən edilmədiyindən, əlilliyin göndərişin etibarsız hesab edilməsi əsası ilə X5 etibarsız hesab edilərək ləğv edilməsi barədə cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Əsasnamədə şəxsə təyin edilmiş əlilliyin sonradan göndərişin əsassız hesab edilməsi əsası ilə əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin elektron sistemə nəzarət edilməsi, onun idarə edilməsi və s. bu kimi səlahiyyətlərin cavabdehə məxsus olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçı sonuncu müayinənin nəticələrinə əsasən əlil kimi tanındığından, ona xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin elektron sistemdə bərpa olunması vəzifəsi də məhz cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Əsasnaməsinin 3-cü bəndi Xidmətin vəzifələrini əks etdirir. Həmin vəzifələrdən biri 3.1.2-ci bəndə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etməkdən ibarətdir. “Tibbi-sosial Ekspert Komissiyası haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 5.3-cü bəndinə əsasən həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslər təkrar müayinəyə cəlb edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi məhkəmə vasitəsi ilə verilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4864/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4864/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver