Məhkəmə qərarları › İş №2-1(112)-4867/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4867/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4867/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı X2 və vəkili X6 Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “22.05.2014-cü il tarixdən 3-cü qrup əlil kimi müddətsiz əlilliyinin elektron sistemdə edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.05.2014-cü il tarixdən 2-ci qrup əlil kimi müddətsiz əlilliyinin elektron sistemdə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixində anadan olub. X12, 1992ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı 15.04.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edib, ona "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı ahnnuşdır” xəstəlik qərarı verildi. 2001-ci ildən 3-cü qrup əlildir və 22.05.2014-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən mənə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlillik təyin edilib. 2020-ci ilin sentyabr ayında hərbi qulluqçular pensiya ilə təmin olunarkən ona pensiya verilmədi və elektron sistemə baxış keçirən zaman ona məlum oldu ki, onun müddətsiz əlilliyi sistemə 1 illik 2015-ci ilə kimi daxil edilmişdir, əsasız olaraq onun pensiyasının hesablanması dayandırılmışdır. Bu ona qarşı haqsız mövqedir, çünki o 2014-cü ildən müddətsiz əlildir və avqust 2020-ci ilə kimi pensiya ilə təmin olunub. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi onun 22.05.2014-cü ildən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü qrup müddətsiz əlil olmağını elektron sistemdə bərpa etməlidir. Qeyd etmək istəyir ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o 2014-cü ildə qiymətləndirilib və 3-cü qrup müddətsiz əlildir, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı hərəkətləri əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyi bərpa edilməlidir.

3. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti 17 saylı Birləşidirilmiş Şəhər Xəstəxanasının 22.06.2009-cu il tarixli göndərişi əsasında əsasında baxılmış, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, XİX Sinif - Travmalar zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74 - Sinirlərin bud-çanaq oynağı və bud səvi..., Sol bud çanaq oynaq odlu silah yaralanmasından sonraki kontrakturası. oturaq sinirin travmatik nevriti hissi və hər iki pozulması ilə pəncənin parezi. Astenonevritik sindrom” səbəbi ilə bir il müddətinə İİİ dərəcə əlillik verilmişdir. Daha sonra, 22.05.2014-cü il tarixli göndərişə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, XİX Sinif - Travmalar, zəhərlənmələr və xaric- səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74 - Sinirlərin bud-çanaq oynağı və bud səvi..., Sol bud çanaq oynaq odlu silah yaralanmasından sonraki kontrakturası. oturaq sinirin travmatik nevriti hissi və hər iki pozulması ilə pəncənin parezi. Asteno-nevritik sindrom” səbəbi ilə bir il müddətinə İİİ dərəcə əlillik verilmişdir. Bundan başqa yuxarıdan göründüyü kimi, iddiaçı barəsində qərar 2020-ci ilin sentyabr ayında verilsə də, o, 2021-ci ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Belə ki, İPM-nin 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiaçı tərəfinədn mümkünlük şərtlərinə əməl edilməmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 16.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “22.05.2014-cü il tarixdən 3-cü qrup əlil kimi müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, 15.07.2020-ci il tarixədək əlilliyə görə pensiya almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış, pensiyasının ödənilməsi dayandırıldıqdan sonra ona məlum olmuşdur ki, əlilliyinin “müddətsiz” müəyyən edilmiş olmasına baxmayaraq, elekton altsistemdə əlilliyinin müddəti qanunsuz olaraq 22.05.2015-ci il tarixədək qeyd edilmişdir.

6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı müayinədən keçmək üçün yenidən Agentliyə dəvət olunub, müayinənin nəticəsindən asılı olaraq əlilliyi qiymətləndirilə bilər.

İİ. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X7-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3-cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

8. İddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini tələb etmir, artıq mövcud olan, iddiaçının xeyrinə qəbul edilmiş inzibati aktın (bax 18-ci bənd) icra edilməsini tələb edir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Odur ki, hazırki iddia öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. X3 29.07.1999-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir (əsli məhkəmə iclasında tədqiq edilmişdir)

12. Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının 15.04.2009-cu il tarixli 814 nömrəli Qərarına əsasən, Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X2 döyüş zonasında hərbi xidmət keçərkən 31.12.1993-cü ildə aldığı və 01.01.1994-cü ildən 19.01.1994-cü ilə kimi M.Nağıyev adına kliniki təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Çanağın sol nahiyyəsinin yumşaq toxumalardan keçən odlu silah yarası (güllə). Yaranın irinləməsi” və 21.01.1994-cü ildə ildə MN MHP-nin HHK-sı tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Odlu silahla güllə yaralanması nəticəsində bud-çanaq oynağı nahiyyəsinin irinləmiş yarası” (Cəbrayıl RHK-nın 09.04.2009-cu il tarixli 260 nömrəli arayışı, M.Nağıyev adına kliniki təcili tibbi yardım xəstəxanasından verilmiş 19.01.1994-cü tarixli çıxarış epikrizi, MN MHP-dan verilmiş 21.01.1994-cü il tarixli 377 saylı və 22.02.1994-cü il tarixli 2121 saylı arayışlar ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” (notarial qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmişdir).

13. Tibbi Sosial Ekspert komissiyası (bundan sonra - TSEK) tərəfindən iddiaçıya ilkin əlillik 01.07.2010-cu il tarixədək müəyyən edilməklə 22.06.2009-cu il tarixli müayinə aktına əsasən təyin olunmuşdur (Arayışın əsli məhkəmə iclasında tədqiq olunmuşdur).

14. İddiaçı TSEK-də 02.06.2010-cu il tarixdə təkrar müayinədən keçmiş, əlilliyin müddəti 01.07.2011-ci il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar əlillik (Arayışın əsli məhkəmə iclasında tədqiq olunmuşdur).

15. İddiaçı TSEK-də 24.05.2011-ci il tarixdə təkrar müayinədən keçmiş, əlilliyin müddəti 01.06.2012-ci il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar əlillik (Arayışın əsli məhkəmə iclasında tədqiq olunmuşdur).

16. İddiaçı TSEK-də 21.05.2012-ci il tarixdə təkrar müayinədən keçmiş, əlilliyin müddəti 01.06.2013-cü il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar əlillik (Arayışın əsli məhkəmə iclasında tədqiq olunmuşdur).

17. İddiaçı TSEK-də 17.05.2013-cü il tarixdə təkrar müayinədək keçmiş, əlilliyin müddəti 01.06.2014-cü il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar əlillik (Arayışın əsli məhkəmə iclasında tədqiq olunmuşdur).

18. İddiaçı TSEK-də 22.05.2014-cü il tarixdə təkrar müayinədək keçmiş, əlillik “müddətsiz” müəyyən edilmişdir. Arayışda “Müddətsiz” düzəlişinə inanılmasına dair müvafiq qeyd aparılmışdır; əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar əlillik (Arayışın əsli məhkəmə iclasında tədqiq olunmuşdur).

19. Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, X4 22.05.2014-cü il tarixdə “sol bud çanaq oynaq odlu silah yaralanmasından sonrakı kontrakturası. Oturaq sinirin travmatik nevriti hissi və hər iki pozulması ilə pəncə parezi. Asteno-nevritik sindrom” diaqnozu ilə qiymətləndirilmiş, əlilliyin müddəti 22.05.2015-ci il tarixədək müəyyən edilmiş, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu göstərilmişdir.

20. İddiaçının 2015-2020-ci illərdə ödəniş kartı üzrə çıxarışa (bank hesabından çıxarış) ona qeyd edilən dövrlər üzrə aylıq pensiya ödənmişdir (sonuncu pensiya ödənişi karta 2020- 07-15 tarixdə köçürülmüşdür). (Çıxarış iş materiallarına əlavə olunmuşdur).

21. İddiaçının 2013-2020-ci illərdə ödəniş kartı üzrə çıxarışa (bank hesabından çıxarış) ona qeyd edilən dövrlər üzrə aylıq müavinət ödənmişdir. (Çıxarış iş materiallarına əlavə olunmuşdur).

İV. Məhkəmənin mövqeyi

22. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

23. Etimad hüququnun qorunması Konstitusiyadan və X10 Konvensiyasından irəli gəlir. -Konstitusiyanın 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. -X10 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən: Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.

24. Etimad hüququn qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz.

25. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayı verilmişdir. -13-cü maddə etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə əsasən, əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir.

29. Məhkəmə müəyyən edir ki, iddiaçıya ilkin əlillik 2009-cu ildə təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə TSEK-də 22.05.2014-cü il tarixdə təkrar müayinədək keçmiş, əlillik “müddətsiz” müəyyən edilmiş (Bax İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar), əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olmuş (bax 28-ci bənd), iddiaçı 15.07.2020-ci il tarixədək əlilliyə görə pensiya almış (bax 20-ci bənd), qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış, buna baxmayaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində əlilliyin müddəti 22.05.2015-ci il tarixədək müəyyən edilmişdir (bax 19-cu bənd).

30. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur (bax 23-26cı bəndlər), cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək X2 İİİ (üçüncü) dərəcə əlil kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində 22.05.2014-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı, cavabdehin hərəkətləri qanunsuz hesab olunmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı X2 İİİ (üçüncü) dərəcə əlil kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində 22.05.2014-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Cavabdehin hərəkətləri qanunsuz hesab olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar