Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4868/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı müraciətinə cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən baxılmamasının habelə cavabdehin sözügedən hərəkətsizliyinin qanunsuz hesab edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı2 ilə iddiaçının paylı mülkiyyətindədir. Sözügedən mənzilə dair qanuna müvafiq formada bölgü sxemi səlahiyyətli icra hakimiyyəti orqanı olan Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstismarı Birliyinin 49 saylı MKİS-in mühəndisi tərəfindən tərtib edilmiş və 6 saylı Notariat kontoru tərəfindən təsdiq edilmişdir. Müvafiq bölgü sxemi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Əmlak Məkanı Xidməti”nə təqdim edilmiş, lakin ərizəmiz və ona əlavə edilmiş hüquqmüəyyənedici sənədlərin qəbulundan imtina olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14cü binanın, 58-ci mənzilinə dair mülkiyyət hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının dəfələrlə (həm şifahi, həm də yazılı) müraciət etməyinə baxmayaraq, müraciətinə heç bir cavab gəlməmişdir. İddiaçı cavabdeh orqanın hərəkətsizliyinin əsassız və qanunsuz olduğunu düşünür. Belə ki, sözügedən hüquqmüəyyənedici sənədlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, bölgü sxemi əsasında qeydiyyat aparıla bilər. Bu barədə hər hansı cavab verilməməsi və müraciətinin cavabsız qalması yolverilməzdir. Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4868/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən yerində müayinə (baxış) təyin edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı2 iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “ünvan 1 ünvanında yerləşən mənzilə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrıayrılıqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsinə” dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilən texniki baxış zamanı mənzilin kommunal şəraitinin vahid olduğu müəyyən olmuşdur. Həmçinin sözügedən mənzil 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********36 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən 58 saylı mənzil (Yeni qaydalarla: AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 30, M4, m9) hazırda İddiaçı1 (28 kv.m) və İddiaçı2 (50.5 kv.m) paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surəti; - **********54-05101-093038 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti; - Bakı şəhəri, Nəsimi rayonu, .28 May küçəsi, ev 14, m. 58. Yeni qaydalarla : AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 30, M4, m9 ünvanında yerləşən X1 mülkiyyətində olan mənzilə dair Texniki Pasportun surəti; - Bakı şəhəri, Nəsimi rayonu, .28 May küçəsi, ev 14, m. 58. Yeni qaydalarla : AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 30, M4, m9 ünvanında yerləşən İddiaçı2 Bağər qızının mülkiyyətində olan mənzilə dair Texniki Pasportun surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi baxış iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki mübahisə mahiyyət etibarı ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı1 və İddiaçı2 naturada payların ayrılaraq onlara ayrı-ayrılıqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki tələb ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2022-ci il tarixli il tarixli məktubunda qeyd etmişdir ki, müraciətinizlə əlaqədar bildirilir ki, ünvan 1 ilə bağlı xx.xx.2021 -ci il tarixli, ********** nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən (satıcı) X2 tərəfindən ünvan 1; Yeni qaydalarla : AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 30, M4, m9 ünvanında yerləşən 28 kv.m olan mənzili (alıcı) İddiaçı1 satmışdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı1 adına ünvan 1; Yeni qaydalarla: AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 30, M4, m9 ünvanında yerləşən mənzilə dair DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli texniki pasport tərtib edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı2 adına ünvan 1; Yeni qaydalarla: AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 30, M4, m9 ünvanında yerləşən mənzilə dair DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə texniki pasport tərtib edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********54-05101-093038 reyester nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 1 Yeni qaydalarla : AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 30, M4, m9 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış, daşınmaz əmlakın ümumi sahəsi 78.50 kvadrat metr göstərilmişdir. Həmin çıxarışda mübahisəli ünvanda yerləşən mənzilə dair İddiaçı2 (paylı mülkiyyətçinin) payının 50.5 kv.m olduğu, iddiaçının isə payının 28.0 kv.m olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, **********54-05101-093038 reyester nömrəli xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 Yeni qaydalarla: AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 30, M4, m9 ünvanında yerləşən ümumi sahəsi 78.50 kvadrat metr olan mənzilə iddiaçının xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Həmin çıxarış əsasında 2 nəfərin, İddiaçı2 və İddiaçı1 paylı mülkiyyət hüququ qeydə alınmış, İddiaçı2 50.5 kv.m hissədə, iddiaçı isə qalan 28.0 kv.m aid olan hissədə hüquq sahibləri kimi göstərilmişdir. Məhkəmə tərəfindən yaşayış sahəsinə yerli baxış keçirilmiş və mübahisəli mənzilin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, qeyd edilən ünvanda dəhlizin sağ tərəfində yerləşən mənzil İddiaçı1, sol hissəsində yerləşən mənzil isə İddiaçı2 faktiki istifadəsindədir. Mübahisələndirilən mənzillər 4 mərtəbədən ibarət olan çoxmənzilli binanın 4-cü mərtəbəsində yerləşməklə, fərqli mənzillərdir. Yəni mübahisələndirilən mənzillər faktiki olaraq ayrı-ayrı mənzillərdir. İddiaçı tərəfindən məhkəməyə sübut qismində DVD disk təqdim edilmişdir. (həmin disk iş materiallarında öz əksini tapır) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında diskdə olan videogörüntülər araşdırılmış (baxış keçirilmiş) və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hər iki mənzilin ayrıca giriş-çıxış qapısı və hər bir mənzilin ayrıca kommunal şəraiti mövcuddur və mənzillər dəhlizin sağ və sol hissəsində ayrı-ayrı istiqamətlərdə yerləşir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi imtina dəlilləri məhkəmə araşdırması ilə öz təsdiqini tapmamış və məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinası formal xarakter daşımışdır. Həmin Qanunun 8.0.3-cü maddsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsinin təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Həmin “Qaydalar”ın 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə müvafiq olaraq əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci və 220.2-ci maddələri özündə paylı mülkiyyətində olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlak faktiki olaraq naturada ayrı olduğundan, yəni mübahisə predmeti olan daşınmaz əmlak çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrı-ayrı sahələrdən ibarət olduğundan, buna dair notarial qaydada bölgü sxemi təsdiq edildiyindən, əmlakın bütün mülkiyyətçiləri naturada bölgüyə razı olduğundan cavabdeh orqanın imtinası qanuni və əsaslı hesb edilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 1 (yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən mənzilə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasınına dair iddia tələbi təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə dair notarial qaydada təsdiqlənmiş bölgü sxeminə uyğun olaraq İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev