Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-487/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı məhkəmə qərarına əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia qaldıraraq, cavabdeh orqanın **********7 №li 25 avqust 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, ona təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin 623 manat təyin olunmaqla, 2020-ci ilin may ayından 2016-cı ilin oktyabr ayına kimi 43 aya görə ona 26.789 (43 x 623 = 26.789), 2020-ci ilin may ayından sonrakı aylara görə yaranan fərqlər (623-495,28=128 manat) nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ötən ayların pensiya məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh orqanın **********7 №li 25 avqust 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, ona təyin olunmuş əmək pensiyasının aylıq (495,28 manat) məbləği 623 manat hesablanmaqla, 2016-cı ilin oktyabr ayından 2020-ci ilin may ayına kimi 43 aya görə ona 26.789 (43 x 623 = 26.789), 2020-ci ilin may ayından sonrakı aylara görə yaranan (495,28 + 127,72=623) 127,72 manat fərqlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ötən ayların pensiya məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin 05.03.2020-ci il tarixli 2-1(112)-709/2020 saylı qərarına əsasən, ona 52 yaşının tamam olduğu 25.10.2016cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. 01.01.2006-cı il tarixədək onun aldığı əyani təhsillə birlikdə iş stajı 24 il 04 ay 29 gün təşkil edir. Həmin 24 il 04 ay 29 gün əmək stajının 12 il 10 ayı güzəştli şərtlərlə pensiya hüququ verən zərərli sahədir. 2006-cı ildən pensiya təyin olunduğu 25.10.2016-cı il tarixinə kimi onun fərdi hesabında 48.000 manat sığorta pulu yığılmışdır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin olumuşdr. Lakin ona təyin edilən pensiya məbləği düzgün hesablanmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 21.12.2020-ci il tarixli **********5 №li iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olanişlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən, güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə hazırlıq və şifahi məhkəmə baxışı iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü Abdullayev X3 rayon, Qara-Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 7, mənzil 76 ünvanında qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin 05.03.2020-ci il tarixli 2-1(112)-709/2020 saylı qərarından müəyyən olunur ki, İddiaçı cаvаbdеh Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı məhkəməyə müraciət edərək, 01.09.1985-ci il tarixdən 1 iyun 1990-cı il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətinin sosial sığorta stajının daxil edilməsini, onun pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 25.10.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsini cavabdehin üzərinə öhəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.03.2020-ci il tarixli 2-1(112)-709/2020 saylı qərarı ilə iddiaçı X1 iddiasının təmin edilməsi, iddiaçı X2 01.09.1985-ci il tarixdən 1 iyun 1990-cı il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddəti sosial sığorta stajına daxil edilməsi, 52 yaşı tamam olduğu 25.10.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləği hesablanaraq ödənilməsi qərara alınmışdır. Qeyd olunan qərardan görünür ki, İddiaçı: - 1985-ci ildə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1990-cı ildə həmin institutu bitirmişdir (PB-044593 nömrəli diplomun notariat qaydasında təsdiq edilmiş surəti). - 28 noyabr 1982-ci ildən 04 dekbr 1984-cü ilə qədər Sovet Ordusu sıravi xidmət etmişdir (ZE-0035564 nömrəli hərbi biletin surəti) -22.12.1981-ci il tarixdən 10.12.1982-ci il tarixədək X11 Kombinatının Zərdabtoxucu sexində köməkçi fəhlə vəzifəsində işləmişdir. -03.01.1985-ci il tarixdən 08.07.1985ci il tarixədək Zərdab toxucu sexində köməkçi çıxda vəzifəsində işləmişdir. - 01.09.1985-ci il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstituna daxil olaraq, 01.06.1990ci ildə neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. -12.09.1990-ci il tarixdə Neft və qaz yataqlarının istismar və kəşfiyyat qazması üzrə 4-cü ərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. -07.01.1991-ci il tarixdə Neft və qaz yataqlarının istismar və kəşfiyyat qazması üzrə qazmaçı köməkçisinin 5-ci dərəcəsi verilmişdir. - 30.07.1992-ci ildən 06.12.1993-cü ilədək qazma ustası. -11.04.1995-ci ildən 15.01.1996-cı ilədək qazma ustası -01.03.1997-ci ildən 05.01.2011-ci ilədək qazma ustası peşə vəzifələrində işləmişdir. -02.03.2012-ci il tarixdən-03.02.2014-cü il tarixədək Kəmər endirmə və qəzaların ləğvi sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsində işləmişdir. - 04.02.2014-cü ildən X6 endirmə və qəzaların ləğvi sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsinə işləyir (İT-İ-1687167 nömrəli əmək kitabçasının surəti). Məhkəmənin müvafiq sorğusuna əsasən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqim olunmuş iddiaçıya aid 002101 №li pensiya işində olan: - Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” 30.04.2020-ci il tarixli **********3 saylı qərarın surətindən müəyyən olunur ki, ümumi iş stajı 23 il 05 ay 18 gün, güzəştli iş stajı 12 il 09 ay 27 gün olan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 25.10.2016-ci il tarixdən yaşa görə 495,28 manat məbləğində pensiya təyin olunmuşdur. Qərarın 10-cu bəndində göstərilmişdir ki, ötən dövrlər üzrə hesablanmış pensiya məbləğləri aşağdakı kimi olmuşdur: Başlanğıc tarixi 25.10.2016- son tarix 30.06.2020- məbləğ 17.508,70 : 43 ay= 407,18 manat. - Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən müəyyən olunur ki, İddiaçı hazırki pensiya məbləği 495,28 manat hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.-1-ci maddəsinə əsasən onun pensiyası yenidən hesablanmış, ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri 25.10.2016-31.12.2016cı il tarixə 359,25 manat; 01.01.2017-31.12.2017-ci il tarixə 390,16 manat; 01.012018- 31.12.2018-ci il tarixə 4412,40 manat; 01.01.2019-31.12.2019-cu il tarixə 424.77 manat; 01.01.2020-ci il tarixdən ömürlük 495,28 manat. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 25 avqust 2020-ci il tarixli **********7 №li imtina məktubunda göstərilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 30 aprel 2020ci il tarixində Bakı İnzibati Məhkəməsinin 05.03.2020-ci il tarixli 2-1(112)-709/2020 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyası hüququnun yarandığı 25 oktyabr 2016-cı il tarixindən hesablanmışdır. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 17.508,70 manat pensiya məbləği cari ilin iyul ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (407,18 manat) pensiyanın (495,28 manat) üzərinə əlavə olunmaqla (495,28 + 407,18=902,46 manat) müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İş materiallarından da göründüyü kimi, iddiaçının 52 yaşının tamam olduğu 25.10.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdeh inzibati orqan tərəfindən sonuncuya həmin tarixdən pensiya təyin olunmuşdur. Onun, 01.01.2006-cı ilədək təhsil və həqiqi hərbi xidmət dövləri də nəzərə alınmaqla ümumi iş stajı 23 il 5 ay 18 gün təşkil etmişdir. İddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: - 1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. - 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.; - 10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. - 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik 01.01.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Burada vətəndaşın 01.01.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.-1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 17.508,70 manat pensiya məbləği 2020-ci ilin iyul ayından etibarən ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (407,18 manat) pensiyanın (495,28 manat) üzərinə əlavə olunmaqla (495,28 + 407,18=902,46 manat) iddiaçının hesabına köçürülür. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətindən qanuni və əsaslı olaraq imtina edildiyindən, İddiaçı pensiyanın yenidən hesablanması barədə tələbi əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-487/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-487/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver