Məhkəmə qərarları › İş №2-1(112)-487/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-487/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-487/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 345 №li qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X5 və İstismarı Birliyinin 50 № li Kooperativinin 23 № li orderi əsasında onun adına ayrılmış X15 0.12 ha ərazisi olan 320 “B” № li bağ sahəsinin Dövlət Reyestri Qeydiyyatından keçirərək həmin bağ sahəsinə plan və ölçülərin tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X5 və İstismarı Birliyinin 50 № li Kooperativinin 23 № li orderi üzrə ona Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 345 № li qərarına əsasən X15 0.12 ha ərazisi olan 320 “b” № li bağ sahəsi ayırmışdır. Qeyd edilən bağ sahəsi hal-hazırda onun istifadəsindədir. O, xx.xx.2021-ci il tarixdə ********** № li ərizə ilə cavabdeh ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 320 “b” № li nömrəli bağın X10 alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdehin xx.xx.2021-ci il tarixli, **********94 № li bildirişi ilə 320 “b” № li bağın Dövlət Reyestrində Qeydiyyata alınmasına imtina verilmişdir. İmtinaya səbəb qeyd olunan ünvanda yerləşən bağ sahəsinin ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, ərazidə yerləşən bağ sahələrinin nömrə ardıcılıgına uyğun gəlməməsi və Bakı Səhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 345 № li sərəncamın arxiv arayışında ad, ata adının tam geyd edilməməsi bildirilmişdir. X5 və İstismarı Birliyinin 50 № li Kooperativinin 23 №li orderində bağın nömrəsi 320 “b” kimi göstərilmişdir, lakin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 345 №li sərəncamın arxiv arayışında həmin bağın nömrəsi 32a “b” kimi qeyd edilmişdir. Bu da “0” rəqəminin “a” kimi yazılmasından irəli gəlib. Bundan əlavə 320 “b” № li bağ 319 № li bağ sahəsi ilə mişar daşı ilə aradan bölünmüşdür. 319 № li bağ sahəsi onun oğlu X7 məxsusdur və həmin bağ X10 alınmış və ********** qeydiyyat nömrəsi ilə Çıxarış verilmişdir. 320 “b” №li bağ sahəsi onun yaxın qohumu, X1 istifadəsində olan 350 № li bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir və 1954-cü ildə tərtib edilmiş sxematik xəritəyə əsasən həmin 350 № li bağ sahəsinin cizgisində 320 “b” № li bağ sahəsi arasında yol mövcud olmuşdur. Lakin bu illər ərzində bağların hasarlanmasına icazə olmadığı üçün 1990-cı ildən başlayaraq vətəndaşların istifadəsində olan bağlar, o cümlədən iddiaçının və onun yaxın qohumu X1 razılqı ilə 350 № li bağın şimal-qərb hissəsindən yol ayıraraq 320 “b” və 350 №li bağ sahəsi X5 və İstismarı Birliyi tərəfindən razılaşdırılmadan aralarındakı yol ilə birlikdə hasara alınmış və fərdi yaşayış evi tikimişdir. Bu səbəbdən 1954-cü ildə tərtib edilmiş bağların bölgüsünə dair sxematik xəritədə və cizgisində uyğunsuzluq əmələ gəlmişdir. 1954-cü ildən hazırki vaxtadək 320 “b” və 350 № li baq sahəsi, fərdi yaşayış evi mübahisəsiz onun və qohumu X1 istifadəsindədir. Beləliklə, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 № li Sərəncamı ilə Bakı Şəhər İH-nin nəzdində fəaliyyət göstərən X5 və İstismarı Birliyinin fəaliyyəti ləğv edildiyindən yenidən müqavilə bağlamaq, sxematik xəritədə düzəlişlər etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 02 noyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın **********61 saylı 13 dekabr 2021-ci il tarixli etirazında göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “32 a b” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-cı il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərazidə yerləşən bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəlmir. Bundan əlavə, təqdim edilən bağ sahəsinin ayrılması haqqında olan Bakı Şəhər icra Hakimiyyəti Başçısınin xx.xx.1996-cı il tarixli, 345 nömrəli sərəncamın arxiv arayışında ad, ata adı tam qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********94 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. İddiaçı tərəfindən iddia olunan əraziyə X2 tərəfindən idarəyə ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciət daxil olmuşdur. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X13 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin halları Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X5 və istismarı birliyinin Maştağa bağlar sahəsindəki 50 №-li kooperativi tərəfindən verilmiş 23 №-li orderin surətindən müəyyən olunur ki, Mirzəyev X14 Bakı şəhər icraiyyə komitəsinin 8 aprel 1996-cı il tarixli 345 №-li qərarına əsasən Maştağa bağlar sahəsində 50 № BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 320 “b” №-li bağ sahəsi ayrılmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********94 №li xx.xx.2021-ci il tarixli imtina (bildiriş) məktubda qeyd olunmuşdur ki, tərəflərindən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərazidə yerləşən bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəlmir. Bundan əlavə, təqdim edilən bağ sahəsinin ayrılması haqqında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısınin xx.xx.1996-cı il tarixli, 345 nömrəli sərəncamın arxiv arayışında ad, ata adı tam qeyd edilməmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: Bakı şəhər İcra Hakimiyyətinin 7-5255/17 №-li xx.xx.2021-ci il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinə göndərilmiş arxiv arayışında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1996-cı ilə dair sərəncamlar kitablarında 50 №-li BTK tərkibində olan Maştağadakı 42a b №-li (sənəddə olduğu kimi) bağ sahəsinin Nümayəndə istifadəsinə verilməsi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********05 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş X1 müraciətinin əsasının təşkil edən hüquqmüəyyənedici sənəd olaraq, Bağ sahələrinin, binaların uzunmüddətli icarəyə verilməsinə dair 2660 №-li, 02 mart 1983-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X3 Maştağa bağ sahəsində sahəsi 0,24 ha olan 350 №-li bağ sahəsi ayrılmışdır. Qeyd olunan məktubla Bakı şəhəri, Sabunçu rayonu, Maştağabağ massivinsə yerləşən 315-325 nömrəli bağ sahələrinin sxematik xəritəsi və 50 saylı BTK üzvlərinin xx.xx.1989-cu ildə tərtib olunmuş siyahısı məhkəməyə təqdim olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********07 №-li xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, hazırda istinad edilən mövcud bazada Bakı şəhəri, Sabunçu rayonu, X15 yerləşən 320 “B” saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar olunmamışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********61 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Maştağa bağ sahəsində 32 a b №-li bağ sahəsinə baxış keçirilərkən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 1200,0 kv. m., faktiki sahəsinin də 1200,0 kv. m. olduğu, bir neçə sahənin ümumi bir hasar daxilində olduğu, göstərilən sahənin metal tor ilə ayrılaraq sərhədləndiyi, sahədə “A” gözətçi evi və “B” “C” İ həyət tikililərinin olduğu, qeyd olunan bağ nömrəsinin sxematik xəritəyə əsasən göstərilən sahəyə aidiyyətinin olmadığı, mövcud vəziyyətin cizgi və koordinatlarının əlavə olunduğu qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 319 “B” saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə ********** Qeydiyyat nömrəsi (Reyestr № **********18) ilə X4 adına qeydiyyata alınmışdır. ünvan 4 ünvanında qeydiyyatda olan X9 notarial qaydada təsdiq olunmuş ərizəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1200 kv. metr olan 320 “B” saylı bağ sahəsinin sənədləşdirilməsinə, özəlləşdirilməsinə, adına mülkiyyət sənədi rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. ünvan 5 ünvanında qeydiyyatda olan X2 notarial qaydada təsdiqənmiş ərizəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 345 №-li qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Bağ İstehsalat İdarəsinin nəzdində fəaliyyət döstərən X5 və istismarı Birliyinin 50 №-li Kooperativinin 23 №-li orderi əsasında Mirzəyev X12 adına ayrılmış X15 yerləşən 0,12 ha ərazisi olan 320 “B” №-li bağ sahəsinə çıxarışın verilməsinə etiraz etmədiyini, razı olduğunu və həmin əmlaka dair bir iddiası və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh inzibati orqanın imtinaya əsas kimi və etirazda qeyd etdiyi dəlillərə (bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərazidə yerləşən bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəlmir. Bundan əlavə, təqdim edilən bağ sahəsinin ayrılması haqqında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısınin xx.xx.1996-cı il tarixli, 345 nömrəli sərəncamın arxiv arayışında ad, ata adı tam qeyd edilməmişdir) gəldikdə isə məhkəmə hesab edir ki, həmin dəlillər işin yuxarıda qeyd olunan hallarına görə iddiaçının qanuni əsaslarla faktiki istifadəsində olan bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Lakin cavabdeh inzibati orqan tərəfindən işin qeyd olunan halları nəzərə alınmadan iddiaçının müraciətindən imtina olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 345 №li qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X5 və İstismarı Birliyinin 50 №li Kooperativinin 23 №li orderi əsasında ayrılmış X15 0,12 ha-dan ibarət 320 “b” №li bağ torpaq sahəsinin Daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmaqla, həmin bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar