Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-487/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "Təmir” kiçik müəssisəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı "Təmir” kiçik müəssisəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1392 sərəncamı ilə “Təmir" kiçik müəssisəsinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində yerləşən 0.7 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1392 sərəncamı ilə “Təmir" kiçik müəssisəsinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində yerləşən 0.069 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1392 sərəncamı ilə İddiaçınə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0.7 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı yuxarıda qeyd olunan Sərəncamda göstərilən təyinat üzrə torpaq sahəsinin üzərində iaşə obyektini inşa edərək sözügedən 0.07 ha torpaq sahəsindən 20 ildən artıqdır ki, istifadə edir. Sözügedən torpaq sahəsi üzərində istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyat alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, bu günə qədər müraciətlərinə cavab verilməmişdir. Qeyd olunan maddələrin məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri icra hakimiyyətinin sərəncamı hesab olunur. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1392 sərəncamı hüquqi şəxsə torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, o məhz sözügedən torpaq sahəsi qanuni istifadələrinə verilmiş, həmin torpaq sahəsində uzun müddət istifadə edərək, üzərində müəyyən tikililər tikmişdirlər. Torpaq ayırma sənədləri də hazırda qüvvədədir.
4. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-40810/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 7-2331/17 nömrəli sərəncamında ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunmamışdır.
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş Bakı şəhər icra Hakimiyyəti başçısının 1392 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamında ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü və hansı əsaslarla ayrılması barədə (istifadə, icarə və s.) məlumat qeyd edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunmamışdır və bu səbəbdən sənədin göstərilən sahəyə aid olub olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və çoxmənzilli yaşayış binalarının həyətində yerləşir. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 720 kv.m təşkil edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaları”n 9-cu bəndinə əsasən ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edirik.
6. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanlandığı xx.xx.2023cü il tarixli 3-52/2-6298/2023 nömrəli sorğuya cavab olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1392 sərəncamında olan çıxarışda qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti başçısının 14.05.93-cü il tarixli 488 nömrəli məktubu nəzərə alınaraq İddiaçınə Xətai rayonu Neapol küçəsinin, 2942 a məhəlləsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmişdir.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş memarlıq-planlaşdırma göstərişlərində qeyd edilmişdir ki, İddiaçınə Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində ayrılmış torpaq sahəsinin ölçüləri 0,069 ha təşkil edir.
8. Bakı şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-52/2- 2342/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə torpaq sahəsinin ayrılmasına dair xx.xx.1993-cü il tarixli, 1382 №-li sərəncamına əsas olmuş sənədlər (akt və cizgi) əlavə edilməmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sorğuda qeyd olunan akt və cizginin Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında verilməsi barədə Bakı şəhər İcra hakimiyyətinin arxivində məlumat aşkar edilməmişdir.
9. Cavabdehin məhkəməyə ünvanlandığı daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Xətai rayonu Neapol küçəsinin, 2940 a məhəlləsində ayrılmış torpaq sahəsinin faktiki ölçüləri 720,2 kv.metr təşkil edir. 20,2 kv.metr sahə artıqdır. Ərazidə 1 mərtəbəli QYB-lar mövcuddur.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. İddia mümkündür
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1392 sərəncamı ilə İddiaçınə Xətai rayonu Neapol küçəsinin, 2942 a məhəlləsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində istifadə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.
26. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1392 sərəncamı ilə İddiaçınə Xətai rayonu Neapol küçəsinin, 2942 a məhəlləsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sənədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasından imtina edilmişdir. Sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
27. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlil odur ki, torpaq sahəsinin ölçüsü sərəncamda qeyd edilməmişdir, həmçinin yerləşmə cizgisi təqdim edilməmişdir.
28. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1392 saylı sərəncamı qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Həmin cizgidə dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu tərtib edilmişdir, həmin pasporta torpaq sahənin 0,069 ha olduğu qeyd edilmişdir. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
29. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1392 Sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində yerləşən 0.069 ha torpaq sahəsinə iddiaçı “Təmir" kiçik müəssisəsinin istifadə hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva