Məhkəmə qərarları › İş №2-1(112)-4870/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4870/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4870/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaqla, ünvan 2sına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3023/2022 saylı qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 25, mənzil 14-də istifadə hüququ itirilmişdir. Həmin qətnamənin nəticə hissəsində bu qətnamənin iddiaçının qeydiyyatdan çıxarılması üçün əsas olması qeyd edilmiş və cavabdeh tərəfindən o, həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırda iddiaçının qeydiyyata düşməyə başqa yeri yoxdur. Qeydiyyatı olmadığından isə vergi orqanında qeydiyyatdan keçə, eləcə də "ASAN imza" ala bilmir. Ona görə də, xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdeh Suraxanı rayon Polis İdarəsinə poçt vasitəsilə məktub göndərərək Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına pasport qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh həmin məktubuna bu günədək cavab verməyərək hərəkətsizlik göstərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı münasibət məktubu (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçıın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli yazılı müraciətdən görünür ki, iddiaçı cavabdeh orqanın inzibati binasına pasport qeydiyyatına alınmasını xahiş etmişdir. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3023/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 25, mənzil 14-dən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Həmçinin cavabdehin qeyd edilən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi onun həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verdiyi bildirilmişdir. -Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozunda, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 41, mənzil 50-də, xx.xx.2015-ci il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə mənzil və ya fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. -Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı həqiqətən ünvan 5 ünvanında qeydiyyatsız yaşayır (ünvan 6n ərizəsinə əsasən). Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Qanunun qeyd olunan maddəsinin imperativ tələbindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Ona görə də iddiaçıların uzun müddət özbaşına inşa edilmiş tikilidə yaşamaları faktı onların mübahisəli ünvana qeydiyyata alınmaları üçün əsas verə bilməz. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur. İş materiallarında olan sənədlər və iddiaçının izahatları əsasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda ünvan 7 ünvanına qeydiyyatsız yaşayır və həmin yaşayış sahəsinə qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan hər hansı sənədi mövcud deyil. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış hər hansı yaşayış sahəsinin olması müəyyən edilməmişdir. Həmçinin, AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin müvafiq sorğuya cavab məktubuna əsasən iddiaçının qeydiyyatda olduğu göstərilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 25, mənzil 14-dən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3023/2022 nömrəli məhkəmə aktına əsasən istifadə hüququ itirilmiş hesab edilmiş və qeyd edilən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi onun həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verdiyi qət edilmişdir. Hazırda iddiaçının hüquqi marağı faktiki yaşadığı ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasina pasport qeydiyyatına alınmaqdan ibarətdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğu onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının sözügedən ünvandan qeydiyyatdan çıxarılması həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmişdir. Məhkəmə, şəxsin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun məqsədi baxımından qiymətləndirərək bildirir ki, Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli “55 s” saylı Sərəncamının 1-ci bəndində qeyd edilmişdir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Nazirlər Kabinetinin sözügedən Sərəncamı ilə yaşayış yeri olmayan şəxslərə münasibətdə onların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulmuşdur. Sözügedən Sərəncam yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal hazırkı iş üzrə mövcuddur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması, qeydiyyatda olduğu mənzildən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılması, faktiki yaşadığı fərdi yaşayış evinə qeydiyyata alınmaq üçün qanunla tələb olunan sənədlərinin olmaması, habelə hazırda yaşadığı ünvanın Suraxanı rayonunun inzibati ərazisi daxilində yerləşməsi işin məhkəmə araşdırılması ilə təsdiqini tapdığından, iddiaçının Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaqla, ünvan 2sına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaqla, ünvan 2sına, yəni Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 42-yə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar