Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4871/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq şəhadətnaməsində üçüncü şəxslər ilə bağlı qeydlərin silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq şəhadətnaməsində üçüncü şəxslər ilə bağlı qeydlərin silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ona verilmiş torpaq şəhadətnaməsində olan müvafiq qeydlərin silinməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Sərəncam əsasında torpaq sahəsi ona ayrılmış, Sərəncamda digər fiziki şəxslərin adları göstərilməmişdir. Buna baxmayaraq, torpaq şəhadətnaməsində digər fiziki şəxslərin adları qeyd olunmuşdur ki, bu da onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçı iddia tələbi ilə eyni məzmunda olan ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina məktubu onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, “Torpağın mülkiyyətinə verilməsinə” dair şəhadətnamə paylı mülkiyyətçilərə məxsusdur və qeyd edilən torpaq sahəsinin iddiaçının adına özgəninkiləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. Bundan əlavə, İdarədə mövcud arxiv məlumatlarına əsasən iddiaçı tərəfindən təqdim edilən sənədlər əsasında qeyd edilən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 6 saylı Dövlət Notariat Kontorunun 12.09.2002-ci il tarixli, 4Ə-418 nömrəli müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Hazırda ünvan 1 ünvand yerləşən fərdi yaşayış evi hazırda X4 (1 otaq), X11 (1 otaq), X5 2 otaq (38.2 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərə (topraq şəhadətnaməsində düzəlişin edilməsi, məlumatların silinməsi) baxılması inzibati məhkəmələrinin səlahiyyətindədir. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1680/2021 saylı, 12.10.2021ci il tarixli qərarı; 2-1(102)-1819/2021 saylı, 20.10.2021-ci il tarixli qərarı) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdakı halı əsas gətirmişdir: -Fərdi yaşayı evi və yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətdə olmasıdır. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -16.1.Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2.Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun: -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinin birinci cümləsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. -10-cu maddəsinin 5-ci hissəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. -21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddədə, beşinci hissədə "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin: (qüvvədən düşmüş) -3. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilir. -5.Torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. -6.Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı, torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqqında səlahiyyətli dövlət orqanı və ya bələdiyyə tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş 1:500, 1:2000, 1:5000 1:10000 və ya 1:25000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini müvafiq olaraq bu Əsasnamənin 1, 2, 3, 4 nömrəli əlavələrində verilən formalarda əks etdirir. Bu sənədlər qeydiyyatdan keçirilərək torpaq mülkiyyətçisinə və istifadəçisinə verilmək üçün müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinə təqdim olunur. -8. Verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağandır. Dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır.
10. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun arxivində müddətsiz olaraq saxlanılır. -13. Dövlət aktlarının və şəhadətnamələrin hazırlanmasına, verilməsinə, dövlət qeydiyyat kitablarının doldurulmasına, habelə saxlanılmasına ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir ki, qanunvericilik bu sənədlərdən biri kimi müvafiq icra hakimiyyəti tərəfindən verilmiş qeydiyyat vəsiqəsini müəyyən etmişdir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair şəhadətnamə vətəndaşın əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən ilkin hüquqmüəyyənedici sənəddir. Doğrudur ki, qanunvericilikdə “mülkiyyət hüququna dair şəhadətnamə” anlayışı 21 aprel 2006-cı il tarixədək olmuş, sonradan həmin anlayış "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" ilə əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin hazırlanması, verilməsi, dövlət qeydiyyat kitablarının doldurulması, habelə saxlanılmasına ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilirdi. Sözügedən şəhadətnamə tərtib edilərkən həmin dövrdə qüvvədə olan normativ hüquqi aktların tələbləri baxımından zəruri olan məlumatlar (ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir) və 1:500, 1:2000, 1:5000 1:10000 və ya 1:25000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini göstərilirdi. Əgər verilmiş torpaq şəhadətnaməsində hər hansı bir düzəlişin edilməsi zəruriyyəti yaranırdısa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı tərəfindən şəhadətnamədə düzəlişin edilməsi həyata keçirilirdi. Göründüyü kimi, həmin dövrdə torpaq şəhadətnaməsi ilə bağlı məsələlər üzrə (verilməsi, saxlanılması, düzəliş edilməsi və s.) səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi çıxış edirdi. Lakin, sonradan Komitənin ləğvi ilə əlaqədar onda olan funksiyaların icrası dövlət orqanlarına (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti) keçmişdir ki, hazırda da yaranmış mübahisə üzrə bu səlahiyyət Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məxsusdur. Məhkəmə diqqətə çatdırır ki, hazırkı iddia üzrə cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Xətai rayon İcra Hakimiyyəti Başçısının 04 iyun 1999-cu il tarixli 174 saylı Sərəncamına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahəsi vətəndaşın mülkiyyətinə Xətai rayon İcra Hakimiyyətinin qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahibinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmiş, lakin şəhadətnamədə iddiaçıdan savayi, digər fiziki şəxslərin adları da göstərilmişdir. İddiaçının hazırki iddia tələbinin irəli sürülməsində əsas məqsədi torpaq şəhadətnaməsində yol verilən səhvin aradan qaldırılaraq üçüncü şəxslər barəsində qeydlərin silinməsi təşkil edir. Bunun müqabilində məhkəmə bildirir ki, torpaq şəhadətnaməsində hər hansı bir səhvə yol verilib-verilməməsinin müəyyən edilməsi üçün müvafiq olaraq torpaq şəhadətnaməsinin verilməsinə əsasən olan qərara nəzər yetirilməlidir. Məhkəmə tərəfindən torpaq şəhadətnaməsinin və onun vərilməsinə əsas olan Sərəncamın mövcudluğu ilə bağlı aidiyyəti orqanlara (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Xətai rayon İcra Hakimiyyəti, Dövlət Arxivinin Bakı filialı) sorğular verilmiş, topraq şəhadətnaməsinin mövcudluğu müəyyən edilmiş, lakin onun verilməsinə əsas olan qərar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə torpaq şəhadətnaməsinin verilməsinə əsas olan qərarın səlahiyyətli orqanlarda saxlanılmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və bu hal onun ziyanına şərh edilməməlidir. Belə ki, şəhadətnamənin verildiyi dövrdə qüvvədə olan normativ hüquqi akt - şəhadətnamələrin ilkin torpaqayırma sənədlərinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun arxivində müddətsiz olaraq saxlanılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi şəhadətnamənin və ilkin torpaqayırma sənədlərinin müddətsiz olaraq arxivdə saxlanılması müvafiq orqanın səlahiyyətində idi. Hər nə qədər də məhkəmə sorğusu əsasında tələb olunan Sərəncamlar təqdim olunmasa da, iddiaçı tərəfindən Xətai rayon İcra Hakimiyyətinin 04.06.1999-cu il tarixli, 174 saylı və m-497 saylı 11.06.2002-ci il tarixdə Sərəncamların surətləri təqdim olunmuşdur. Sözügedən sərəncamın məzmunundan görünür ki, həmin Sərəncam ilə vətəndaş İddiaçı Bəfadar qızına Levanovski küçəsi 15 saylı evin yaxınlığında çizgidə göstərilən sahədə 0,017 ha torpaq sahəsinin ayrılması və fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Bundan sonra isə, Xətai rayon İcra Hakimiyyətinin m-497 saylı 11.06.2002-ci il tarixdə Sərəncamı ilə ümumi torpaq sahəsi 0,017 ha yaşayış sahəsi 61 kv.m, köməkçi sahəsi 68,2 kv.m-dən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Göründüyü ki, həm torpaq sahəsinin ayrılması ilə bağlı, həmçinin də fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı Sərəncamda fərdi evin tikintisi üçün Əbilov küçəsindəki torpaq sahəsinin yalnız İddiaçı Bəfadar qızına ayrılması göstərilmişdir. Halbuki, torpaq şəhadətnaməsində bu hal nəzərə alınmamış, iddiaçı ilə yanaşı digər fiziki şəxslərin adları göstərilmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq şəhadətnaməsində göstərilən və iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunan şəxslər notarial qaydada təsdiq edilmiş ərizələr verərək, torpaq sahəsinin İddiaçı Bəfadar qızına məxsus hissəsinin dəyişdirilməsi, satılması, bağışlanması haqqında məlumatların olması, bu payın alınması üçün alıcılıq hüquqlarından imtina edilməsi və onun başqa şəxsə satılmasına etiraz etmədiklərini bildirmişdirlər. Eyni zamanda üçüncü şəxslərdən X6, X1, X9 adından iddiaçıya verilmiş müvafiq etibarnamə əsasında da həmin şəxslərin adlarının çıxarılması ilə əlaqədar iddiaçı cavabdehə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, torpaq şəhadətnaməsinin verilməsinə əsas olan Sərəncam ilə torpaq sahəsi yalnız iddiaçıya ayrıldığından, həmçinin həmin Sərəncamda üçüncü şəxslərin adları göstərilmədiyindən, o cümlədən həmin şəxslər torpaq sahəsinin iddiaçıya məxsus olmasını qəbul etdiyindən (ərizələr ilə), torpaq şəhadətnaməsində üçüncü şəxslərin adlarının olması texniki səhv kimi qiymətləndirilməlidir. Bundan başqa, nəzərə alınmalıdır ki, hazırda torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olsa, bu hal iddiaçının tələbinin təmin edilməməsi üçün əsas deyil. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4, X11, X5 paylı mülkiyyətindədir. Adı çəkilən şəxslər məhkəmə icraatı zamanı ərizə ilə müraciət edərək iddianın təmin olunmasına və torpaq şəhadətnaməsində üçüncü şəxslər ilə bağlı qeydlərin silinməsinə etiraz etmədiklərini bildirmişdirlər. Bu zaman, nəzərə alınmalıdır ki, şəhadətnamədə və sərəncamda məhz iddiaçının adının qeyd edilməsi evə dair mülkiyyətçi dəyişsə də hazırkı vəziyyətdə iddiaçının tələbi irəli sürməsində subyektiv hüququnun mövcudluğuna dəlalət edir. Bu səbəbdən də hazırkı iddianın evin paylı mülkiyyətçiləri əvəzinə iddiaçının özü tərəfindən irəli sürülməsi prosessual qanunvericiliyin tələbinə məhkəmə hesab edir ki, uyğun olmuşdur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətindən imtina olunarkən qanunvericilikdə müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, imtina məktubunda yalnız formal mülahizələrə istinad olunmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Levanovski küçəsində yerləşən torpaq sahəsinin şəhadətnaməsindən X3, X6, X2, X7, X8, X1, X10, X9 adlarının silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Levanovski küçəsində yerləşən torpaq sahəsinin şəhadətnaməsindən X3, X6, X2, X7, X8, X1, X10, X9 adlarının silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov