Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4872/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında inşa edilmiş 1B saylı yaşayış binasının 134A saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman müvafiq sahənin faktiki olaraq on mərtəbəli binanın mansard mərtəbəsində yerləşdiyi və mənzil kimi istifadə olunduğu müəyyən edilmişdir, lakin ərizəyə əlavə olunmuş sənədlər Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında inşa edilmiş 1B saylı yaşayış binasının 7-ci girişinin mansard mərtəbəsinin sol tərəfində yerləşən ümumi sahəsi 88.0 kv.m. olan qeyri-yaşayış sahəsinə aiddir. Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında inşa edilmiş 1B saylı yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 320 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbə barədə məlumat qeyd edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında inşa edilmiş 1B saylı yaşayış binasının 134 A saylı mənzilin on mərtəbəli binanın mansard mərtəbəsində yerləşən qanuni payı olan mənzilin reysterdə dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında yerləşən, 1 “B” nömrəli evin 3 otaqdan ibarət 88,0 kvadratmetr ümumi sahəsi olan 134 A saylı mənzilinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında inşa edilmiş 1B saylı yaşayış binasının 134 A saylı mənzili on mərtəbəli binanın mansard mərtəbəsində yerləşir və bu hissədən mənzil kimi istifadə edirlər. 134 A saylı mənzilə dair Bakı Şəhər İcra hakimiyyəti başçısının 320 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə də təsdiq edilmiş "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası"nın aktında mansard mərtəbədə ümumi binaya aid olduğu bildirilmişdir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti başçısının 54 saylı, xx.xx.2005-ci il tarixli Mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının protokollarının təsdiq edilməsi haqqında sərəncama əsasən, bütün bu binada mansardda yaşayan mənzil sahibləri həmin bu mansard hissələrini özəlləşdirmiş və müvafiq çıxarışlar almışlar. "xxxx" MTK tərəfindən verilən 846 saylı maliyyə arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında inşa edilmiş 1B saylı yaşayış binasının 7-ci girişinin mansard mərtəbəsinin sol tərəfində yerləşən mərhum ərinə məxsus ümumi sahəsi 88,0 kv.m olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya heç bir borcu olmadığı bildirilmişdir. Sənədə əsasən, 2004-cü ildən istifadəyə verilən binanın bu qeyri-yaşayış sahəsi adlanan mansard hissəsindən yaşayış sahəsi kimi, illərdir yaşayırlar və bütün kommunal xərcləri də yaşayış sahəsinin mənzillərinin sakinləri kimi ödəyirlər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim olunmalı olduğu halda, X4 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə təqdim edilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyini bildirən mərtəbəlilik planı sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman müvafiq sahənin faktiki olaraq onmərtəbəli binanın mansard mərtəbəsində yerləşdiyi və mənzil kimi istifadə olunduğu müəyyən edilmişdir. Lakin ərizəyə əlavə olunmuş sənədlər Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında inşa edilmiş 1B saylı yaşayış binasının 7-ci girişinin mansard mərtəbəsinin sol tərəfində yerləşən ümumi sahəsi 88.0 kv.m. olan qeyri-yaşayış sahəsinə aiddir. Əlavə olaraq, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında inşa edilmiş 1B saylı yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 320 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbə barədə məlumat qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan: - Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2004-cü il tarixli aktından görünür ki, Xətai rayonu, M.Hadi küçəsi, 2316-cı məhəllədə 10 mərtəbəli 9 girişli yaşayış binasının (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) tikintisi 01 mart 2003-cü il tarixdə başlanmış, 30 noyabr 2004-cü il tarixdə başa çatdırılmışdır. Aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, S.Ə.Şirvani küçəsi, 2316-cı məhəllədəki 1b saylı 10 mərtəbəli yaşayış binası (9 girişli, 180 mənzilli, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) istismara qəbul edilmişdir. - "xxxx" MMC tikilməkdə olan balansında qeyri-yaşayış sahəsi almaq haqqında xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, «MOS - AZ 97 LTD» məhdud məsuliyyətli cəmiyyəti və X4 arasında bağlanmış müqavilənin 1-ci bəndinə əsasən, «MMC» nin, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2316-cı məhəllədə yerləşmiş və tikilməkdə olan binasında qeyri yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən sahə 88 kv.metrdir (mansard), 3-cü bəndinə görə sahənin ümumi dəyəri 88×110 ABŞ dolları = 10120 ABŞ dollarıdır. - "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən kooperativ yaşayış binası «MOS-AZ-l» Mənzil Tikinti kooperativinə məxsusdur. Bu binanın mansart-mərtəbə qeyri-yaşayış sahəsinin (88 kv.m olan) pay dəyəri payçı X5 tərəfindən tam ödənilmişdir, MTK -ya borcu yoxdur. - "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2005-ci il tarixli 12 saylı protokolundan çıxarışdan görünür ki, vət. X4 "xxxx" MTK-ya qeyri-yaşayış sahəsinin dəyərini tam ödədiyinə görə ona MTK-nın ünvan 4 ünvanda yerləşən kooperativ binasının mansard mərtəbə-7, giriş sol tərəfdə, sahəsi 88 kv.metr olan mansar-mərtəbə qeyriyaşayış sahəsinin verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2005-ci il tarixli, 3B nömrəli protokolundan görünür ki, "xxxx" MTK məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2316-cı məhəllədəki 1B yaşayış binasının 7-ci girişin mansard mərtəbəsində sol tərəfi 88,0 kv.m qeyri-yaşayış sahəsinin vət. X3 verilməsi barədə "xxxx" MTK üzvlərinin xx.xx.2005-ci il tarixdə (12 saylı protokol) qərar qəbul edilmişdir. Göstərilənlər nəzərə alınaraq, "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2316-cı məhəllədəki 1B saylı yaşayış binasının 7-ci girişin mansard mərtəbəsində sol tərəfi 88,0 kv. m (səksən səkkiz) kv.m qeyri-yaşayış sahəsini vət. X3 verilməsi barədə MTK-nın ümumi iclasının xx.xx.2005-ci il tarixli (12 saylı protokol) qərarı baxılmaq üçün komissiyaya çıxarılmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 54 nömrəli sərəncamından çıxarışdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2005-ci il tarixli, 3B nömrəli protokolu təsdiq edilmişdir. - 01.07.2023-cü il tarixli, 362209 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixində ölmüşdür. - 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 1842/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinində notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X1 qalmış miras əmlaka (ünvan 5 ünvanında inşa edilən ümumi sahəsi 88 kv.m olan qeyri-yaşayış sahəsinə (mansard) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak (ünvan 5 ünvanında inşa edilən ümumi sahəsi 88 kv.m olan qeyri-yaşayış sahəsi (mansard) miras qoyan X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək, 134a saylı mənzilin mərhum əri Toğrul Arixova ayrıldığını iddia edərək, mənzilə mülkiyyət hüququnun ona məxsus olması barədə arayış verilməsini verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçı 134a saylı mənzilin onun mərhum əri Toğrul Arixova verilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2005-ci il tarixli 12 saylı protokolundan çıxarışı, MTK-ya borcunun olmaması barədə "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli maliyyə arayışını, binanın istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2004-cü il tarixli aktını təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçı Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulan bütün sənədləri cavabdehə təqdim etmişdir, deməli, onun həmin mənzilə hüququn qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən aşağıdakılara istinad etmişdir: 1.kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim olunmalı olduğu halda, X4 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə təqdim edilmişdir;
2. qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyini bildirən mərtəbəlilik planı sənədlər toplusuna əlavə edilməmişdir:
3. sahənin faktiki olaraq onmərtəbəli binanın mansard mərtəbəsində yerləşdiyi və mənzil kimi istifadə olunduğu müəyyən edilmiş, ərizəyə əlavə olunmuş sənədlər qeyriyaşayış sahəsinə aid olmuşdur;
4. Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında inşa edilmiş 1B saylı yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 320 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbə barədə məlumat qeyd edilməmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə aşağıda göstərilən səbəblərdən razılaşmır. Birincisi, 134a saylı mənzilin Toğrul Arixova verilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2005-ci il tarixli 12 saylı protokolundan çıxarış mövcuddur. İkincisi, Qanun ərizəçi tərəfindən sahənin yerləşmə mövqeyini bildirən mərtəbəlilik planının təqdim edilməsi barədə hər hansı bir müddəa nəzərdə tutmamışdır. Üçüncüsü, müvafiq sahə ilə bağlı sənədlərdə 134a saylı mənzilin qeyri-yaşayış sahəsi kimi göstərilməsi onun mansard mərtəbəsində yerləşməsi ilə bağlı olmuş, lakin həmin sahə mənzil kimi istifadə olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Göründüyü kimi, mansarda mərtəbəsi həm yaşayış, həm də qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutula bilər, hansı ki, hazırkı halda iş materialları ilə müəyyən edilir ki, 1b saylı binada mansard mərtəbə yaşayış sahəsi kimi nəzərdə tutulmuş və mənzil kimi istifadə olunmuşdur. Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, cavabdeh həmin binada mansard mərtəbədə yerləşən və qeyri-yaşayış sahəsi kimi verilən daşınmaz əmlakları mənzil kimi qeydə alaraq buna dair müvafiq çıxarışlar təqdim etmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbə barədə məlumatın olmamasına gəldikdə, işdə olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2003-cü il tarixli 18/04-463 nömrəli məktubu ilə razılaşdırılmış yaşayış binasının mansard mərtəbəsinin layihəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, həmin məktuba əlavə edilmiş 23.07.200-cü il tarixli məktub ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 110 №-li sərəncamı, 11225 №-li inşaat pasportu və xx.xx.2003-cü il tarixli, 18/04-359 №- И məktubumuz əsasında hazırlanmış Xətai rayonu, M.Hadı küçəsindəki 2316-cı məhəllədə nəzərdə tutulmuş yaşayış binasının təqdim edilmiş işçi layihəsinin (9 girişli 10 mərtəbəli + çardaq, 1-ci mərtəbə - qeyri-yaşayış; «Azərdövlətlayihə» institutunun 2 N°-li emalatxanasının 12136/3-BP №-li işi, LBM Əşrəfov) memarlıq hissəsi razılaşdırılmışdır. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinasının dəlilləri əsassız olmuş, iddiaçının hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin yuxarıda qeyd olunan hallarından məlum olur ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316 ünvanında yerləşən, 1 “B” nömrəli evin 3 otaqdan ibarət 88,0 kvadratmetr ümumi sahəsi olan 134 A saylı mənzilinə mülkiyyət hüququnun vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova