Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4873/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquqlar qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquqlar qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1198 saylı bağ sahəsi dövlət reyestrində qeydiyyata alınmaqla iddiaçının xüsusi mülkiyyətindədir. Eyni zamanda, həmin bağ sahəsinə bitişik eyni hasarın içində əlavə olaraq ümumi sahəsi 418 kv.m olan torpaq sahəsi də onun istifadəsindədir. Həmin torpaq sahəsi texniki pasportda əks olunmuşdur. Torpaq sahəsinin ayrılması barədə Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 063 saylı qərarı ilə həmin sahə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış və AR Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) iddiaçının mülkiyyətinə verilmişdir. Bundan sonra 22 aprel 2005-ci il tarixdə iddiaçı ilə Bələdiyyə arasında torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Həmin akta əsasən Bilgəh qəsəbəsi, 1198 saylı bağ massivində 418 kv.m torpaq sahəsi əvəzi ödənilməklə iddiaçıya satılmışdır. İddiaçı həmin torpaq sahəsinin mülkiyyət kimi qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin inzibati orqan imtina məktubu ilə ərizəni icra etməmişdir. Cavabdehin imtinası qanunsuz hesab edilir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» AR Qanununun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» AR Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2, 4, 8-ci maddələrinə, İPM-in 8.11, 33, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması və iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1198 saylı bağ sahəsinə bitişik 418 kv.m ölçüdə torpaq sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamına əsasən cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunur: - X1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1198 saylı bağ sahəsində yerləşən torpağa bitişik 418 kv.m ölçüdə torpaq sahəsinin qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı iddiası etirazla qarşılanır. Göstərilən ərazinin sənəd üzrə sahəsi 0,24 ha, faktiki 0,2818 ha təşkil edir. Əlavə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.1, 8.04, 8.0.7, 23-cü maddələrinə, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 063 saylı qərarı ilə Bilgəh qəsəbəsi ərazisində 1198 saylı bağ massivində 418 kv.m ölçüdə torpaq sahəsi alq-satqı yolu ilə X1 (hazırkı iddiaçının) mülkiyyətinə verilmiş və bununla bağlı müvafiq “alqı-satqı aktı” tərtb olunmuşdur. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavbdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,24 ha, faktiki isə 0,28 ha təşkil edir, qeydiyyat üçün qanunda nəzərdə tutulan sənədlər təqdim edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 063 saylı qərarı Bilgəh qəsəbəsi ərazisində 418 kv.m ölçüdə torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsini təsdiqləyən hüquq müəyyənedici sənəddir. Məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin “. . . Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlər təqdim edilməmişdir” mövqeyi ilə razılaşmır. Nəzərə alınmalıdır ki, iddiaçının ona Bilgəh qəsəbəsində 418 kv,m ölçüdə torpaq sahəsinin ayrılması barədə təqdim etdiyi Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 063 nömrəli qərarı, həmin sənəddəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, inzibati akt qismində təqdim olunan həmin qərarın ləğvi və ya etibarsızlığı barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, qərar qüvvədədir. Belə olan halda iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1198 saylı bağ sahəsinə bitişik 418 kv.m ölçüdə torpaq sahəsinə qanuni əsaslarla mülkiyyət hüququ əldə etdiyindən, onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtina üçün gətirdiyi digər dəlillə bağlı isə məhkəmə qeyd edir ki, hazırkı mübahisənin obyekti olan 418 kv.m ölçüdə torpaq sahəsi həmin ərazidə yerləşən və iddiaçının mülkiyyəti kimi qeydiyyat alınmış 0,24 ha ölçüdə torpaq sahəsi ilə bitişik yerləşdiyindən, faktiki sahəsinin vahid hasar daxilində 0,2818 ha ölçüdə olması məntiqi və ağlabatandır. Ona görə də məhkəmənin qənaətinə görə cavabdehin dəlilləri formal mülahizələrə söykənmiş hal sayılmaqla qanuna zidd və iddiaçnın hüquqlarını pozulmasına səbəb kimi qiynmətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1198 saylı bağ sahəsinə bitişik 418 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 68 – 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddaçı X1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1198 saylı bağ sahəsinə bitişik 418 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4873/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4873/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver