Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4873/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X5, X6, X1) “qeydiyyatdan çıxarılma” barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X5, X6, X1) “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ona məxsus mənzildən yetkinlik yaşına çatmayan X2 və X3 qeydiyyatdan çıxarılmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, adıçəkilən şəxslər onun qardaşı övladlarıdır və onların yaşayış sahəsinə münasibətdə hər hansı hüquqları yaranmamışdır. İddiaçı bildirir ki, onun qardaşının X2 və X3 yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına etirazı olmamışdır. Hazırkı vəziyyətdə qeyd olunan şəxslərin qeydiyyatda qalması onun hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxslərin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın: -1.2-ci bəndində qeyd olunmuşdur ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. -2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Şərh olunan müddəaların birgə təhlilindən görünür ki, qanunvericilik iddianın mümkün sayılmasını aşağıda səciyyələnmiş əsasların olması ilə şərtləndirmişdir: -Maddi-hüquqi tələbin mövcud olması; -Subyektiv hüququn olması; -Cavabdehin həmin iddiaya cavab verməsi; -İddia müddətinə riayət olunması; (yalnız zəruri olan iddia növlərində) -Əvvəlcə inzibati orqana müraciət edilməsi; (yalnız zəruri olan iddia növlərində) -Prosessual həmiştirakçılığa yolverilməsi; -Tələblərin bir iddiada birləşdirilməsinin mümkün olması. Məhkəmə bildirir ki, hazırki iddia tələbi mümkünlük şərtlərini ödəmir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının hazırki tələbi onun mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini cavabdehə həvalə edilməsini xahiş edir. Halbuki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddia tələbi üzrə üçüncü şəxs qismində cəlb edilmiş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə kimi yaşayış yerində qeydiyyatda olmuşlar, lakin sonradan onların yaşayış yeri üzrə qeydiyyatı başqa ünvana dəyişdirilmişdir. Bunun əsası isə Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil olmuş şəxsiyyət vəsiqələri təşkil edir. Belə ki, hər iki şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həm X5, həmçinin də X6 xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqələrini yeniləyərək yaşayış yerlərini dəyişmiş, ünvan olaraq isə Bakı şəhəri, Binəqədi rayonu, 18 ünvanına qeydiyyata alınmışdırlar. Göründüyü kimi, hər iki üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanları dəyişdirilmiş və onların hazırda qeydiyyatda olduğu ünvan üzərində iddiaçının bilavasitə hər hansı bir hüququ olmamışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab verildiyi tarixə (imtina məktubu xx.xx.2021) üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyindən sonra, üçüncü şəxslər yaşayış sahəsindən qeydiyyatdan çıxmalarını təmin etmişdirlər. Göstərilən bu hal ona dəlalət edir ki, tərəflər arasında hazıra maddi-hüquqi tələb mövcud olmamışdır. Beləliklə qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin göstərilən ünvan üzrə qeydiyyatda olmaması, inzibati mübahisənin mövcudluğunu istisna edir. Yuxarıda adıçəkilən Məcəllənin 35.1-ci maddəsinin mahiyyətindən də aydın olur ki, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində şəxsin hüquq və qanunla qorunan maraqlarının pozulması baş verməmişdirsə iddianın mahiyyəti üzrə qiymətləndirilməsindən söhbət gedə bilməz. Pozuntunun (mübahisənin) olmaması hazırkı vəziyyətdə iddianın mahiyyəti üzrə yox iddianın mümkünlüyü ilə bağlı qiymətləndirmənin predmetini təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-4873/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4873/2022
13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver