Məhkəmə qərarları › İş №2-1(112)-4877/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4877/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4877/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı, X8 və X3 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “maneələrin aradan qaldırılması və tikintiyə icazə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “maneələrin aradan qaldırılması və tikintiyə icazə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “BMHK” b/y-nin 23A saylı 0,03 ha bağ sahəsi üzərində bağ evinin tikilməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən törədilən maneələrin aradan qaldırılmasını və tikintiyə razılıq verilməsi ilə bağlı sənədin təqdim edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “BMHK" b/y-nin 23A saylı 0.03 ha bağ sahəsi 01.09.2020ci il qeydiyyat tarixi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Sözügedən bağ sahəsini alqı-satqı yolu ilə əldə etdikdən sonra həmin bağ sahəsində bir mərtəbədən ibarət olan ümumi sahəsi 104 kv. metr, hündürlüyü 6 metr 40 sm., hasarlardan aralığı isə 2 metrə 40 sm., təşkil edən ev tikmək istəmişdir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya əldə etmiş “Memarlıq və Dizayn" MMC-yə müraciət edərək, evin memarlıq-planlaşdırmasını sifariş etmişdir. “Memarlıq və Dizayn" MMC-nin evin memarlıq-planaşdırması sənədini əldə etdikdən sonra Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə müraciət edərək, (xəbardarlıq və icazə məqsədi ilə), bildirmişdir ki, bu formada evin tikintisinə başlamaq istəyir. Müraciəti əsasında Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi bağ sahəsinə baxış keçirsə də, heç bir fikir bildirməmişdir. Həmin bağ sahəsinə təmir-tikinti materialları aparmış, təmir-tikinti materiallarını bağa apardıqdan sonra Binəqədi rayonunun İcra Hakimiyyətinin nümayəndəsi bağ sahəsinə gələrək, bildirmişdir ki, tikintiyə icazə verilmir və qeyd etmişdir əgər evi tiksə ev söküləcək. Bir nəcə gün sonra Bakı şəhəri Binəqədi rayonunun İcra hakimiyyəti tərəfindən 04.02.2021-ci il tarixli, 02/12-10-7/0-4-151 saylı cavab məktubu gəlmişdir. Məktuda cavabdeh qeyd edir ki, tərtib olunmuş layihədə AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə və “Ara məsəfəsi ilə bağlı müfəssəl qaydalar"ın 11.03.2014-cü il tarixli 72 saylı qərarın 8-ci maddəsinə əsasən ara məsəfəsi 1.74 metrdən az olmamalıdır və buna görə də ev düzgün layihələndirilməmişdir. Bununla bağlı layihəni hazırlayan təşkilata bir daha müraciət edərək ara məsafələri düzgün qoyulmasını xahiş etmişdir. Yeni yuxarıda qeyd olunmuş ölçülərdə hazırlanmış layihəni aparıb təqdim etmiş, lakin, İcra hakimiyyətinin nümayəndəsi həmin layihəni qəbul etməmişdir. Bundan əlavə olaraq imtina məktubunda qeyd edilmişdir ki, torpaq səhəsi tam sərhədləndirilmədiyi (hasarlanmadığı) məlum olmuşdur və bu səbəbə görə də ev tikilə bilməz. Əlavə olaraq cavabdeh məktubda qeyd edir ki, layihədə olan nöqsanlar aradan qaldırdıqda və digər payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi və sahəsində əlavə tikililərə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini təqdim edildikdə müraciətə yenidən baxıla bilər. Hesab edir ki, cavabdehin imtina məktubu və xüsusi mülkiyyətində olan torpaq üzərində bağ evin tikinti işinə dair törədilən maneələr qanunsuz və əsassızdır. İlkin olaraq, qeyd etmək istəyir ki, cavabdehin imtina məktubunda qeyd olunan tələblər əsasız və qanunsuzdur. Odur ki, ara məsafəsi ilə bağlı yenidən layihə hazırlanmışdır və həmən layihəni cavabdehə təqdim etsə belə cavabdeh layihəni qəbul etməmişdir. Torpaqların sərhədlərinə gəldikdə, torpaq hər bir tərəfdən hasarlanıb, bundan əlavə olaraq torpaq sahəsinin planı və ölçüsü Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınıb və həmən sənədi o, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Hər bir halda torpaq səhəsinin hasarları olmamağı evin tikintisinə heç bir aidiyyatı yoxdur və əsas kimi cavabdeh tərəfindən tutula bilməz. Cavabdeh imtina məktubunda digər payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini təqdim olunmasını tələb edir. Torpaq sahəsi onun xüsusi mülkiyyətindədir, yənı paylı mülkiyyətdə deyil, görünür ki, cavabdeh onun sənədlərilə heç tanış olmamışdır. Bundan əlavə olaraq cavabdeh bağ sahəsində əlavə tikililərə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini tələb edir, lakin hansı səbəblərə görə və hansı normativ hüququ aktla tələb etdiyini əsaslandırmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 29.03.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47 və 49-cu maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş və məhkəmənin 05.05.2021-ci il tarixli 2-1(112)-4877/2021 saylı qərardadı ilə X8 və X3 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Cavabdeh inzibati orqanın və üçüncü şəxslərin iddiaya dair etirazları (mülahizə) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 təmsil etdiyi inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - 03.05.2018-ci il tarixdə Şamaxı RPŞ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “BMHK” b/y-nın 23A saylı bağ sahəsi X4 (0,03 ha , qeydiyyat tarixi- 20.09.2017ci il), X1 ( 0,01 ha, qeydiyyat tarixi -05.02.2018-ci il) və İddiaçı (0,03 ha, qeydiyyat tarixi- 01.09.2020-ci il) adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmiş və bu barədə 720 nömrəli reyestr kitabının 68159 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Memarlıq və Dizayn" MMC tərəfindən sifarişçi İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “BMHK” b/y-nin 23 A saylı bağ sahəsində tikilməsi nəzərdə tutulan bir mərtəbəli bağ evinin memarlıq-planlaşdırılması sənədi tərtib olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, cavabdeh inzibati orqan- Bakı şəhəri, Binəqədi rayonu İcra hakimiyyəti tərəfindən verilmiş 02/12-10-7/0-4-151 №li 04.02.2021-ci il tarixli məktubda müraciətçiyə bildirilmişdir ki, təqdim edilmiş sənədlərin araşdırılması zamanı tərtib olunmuş layihədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 11.03.2014-cü il tarixli 72 saylı Qərarının 8-ci maddəsinin tələblərinin nəzərə alınmadığı məlum olmuşdur. Belə ki, tikintisi nəzərdə tutulan bağ evinin xarici divarı ilə torpaq sahəsinin sərhədləri arasında ara məsafəsi sözügedən Məcəllənin 69.4-cü maddəsinin və yuxarıda qeyd olunan Qərarın 8.2-ci bəndinin tələblərinə uyğun (ara məsafəsi, 1,74 m-dən az olmamalıdır) layihələndirilməmişdir. Eyni zamanda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin natural qaydada tam sərhədləndirilmədiyi (hazırlanmadığı) məlum olmuşdur. Qeyd olunan iradlar eskiz layihənin tərtib olunmasına birbaşa məsuliyyət daşıyan layihə təşkilatında aradan qaldırıldıqdan, digər payçıların notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi və sahəsində əlavə tikililərə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti Binəqədi rayon İcra hakimiyyətinə təqdim edildikdən sonra müraciətə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq yenidən baxıla bilər. İddia mümkündür. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın hüquqi əsası ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə görə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina olunarkən, təqdim edilmiş layihədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 11.03.2014-cü il tarixli 72 saylı Qərarının 8-ci maddəsinin tələblərinin nəzərə alınmadığına, belə ki, tikintisi nəzərdə tutulan bağ evinin xarici divarı ilə torpaq sahəsinin sərhədləri arasında ara məsafəsinin sözügedən Məcəllənin 69.4-cü maddəsinin və yuxarıda qeyd olunan Qərarın 8.2-ci bəndinin tələblərinə uyğun (ara məsafəsi, 1,74 m-dən az olmamalıdır) layihələndirilmədiyinə, mübahisəli torpaq sahəsinin natural qaydada tam sərhədləndirilmədiyinə (hazırlanmadığı) istinad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3579 nömrəli 21.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" MMC tərəfindən İddiaçı adına tərtib olunmuş evin memarlıq-planlaşdırma sənədi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X5 (0,03 ha, qeydiyyat tarixi 20.09.2017-ci il), X2 (0,01 ha, qeydiyyat tarixi 05.02.2018-ci il) və İddiaçı (0,03 ha, qeydiyyat tarixi 01.09.2020-ci il) məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “BMHK” b/y-nın 23A saylı bağ sahəsində inşa olunması planlaşdırılan tikilinin layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 11.03.2014-cu il tarixli 72 saylı Qərarının tələblərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X5 (0,03 ha, qeydiyyat tarixi 20.09.2017-ci il), X2 (0,01 ha, qeydiyyat tarixi 05.02.2018-ci il) və İddiaçı (0,03 ha, qeydiyyat tarixi 01.09.2020-ci il) məxsus Bakışəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “BMHK” b/y-nın 23A saylı bağ sahəsi natural qaydada sərhədləndirilmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb olunmuş X1 Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 02.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 2 ünvanında yerləşən 0,07 ha torpaq sahəsində paylı mülkiyyət hüququ üzrə İddiaçı özünə məxsus 0,03 ha hissəsində fərdi yaşayış evi tikməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11-ci bəndinə əsasən: -"Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7ci və 12-ci maddələrinə əsasən aşağıdakıları həyata keçirmək (4.11.11.); - təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək (4.11.11.1.); memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək (4.11.11.2.); qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək (4.11.11.3.); İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək (4.11.11.5.); müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək (4.11.12.); -"Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq (4.11.13.) yerli icra hakimiyyətinin başçısının səlahiyyətidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmmamışdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “BMHK” b/y-nin 23A saylı 0,03 ha bağ sahəsi (qeydiyyat tarixi- 01.09.2020-ci il) üzərində bağ evinin tikilməsi ilə əlaqədar tikintiyə razılıq verilməsi ilə bağlı sənədin təqdim edilməsi üçün müvafiq hərəkətlərin icra edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar