Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4877/2023 07.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, iddiaçılar İddiaçı, X10, X2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ailəsi ilə birgə, oğlu X10, X5 ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsilə birgə ünvan 2 ünvanında qeydiyyatsız yaşayırlar. Həmin ünvanda yaşadıqları üçün həmin evə qeydiyyata düşmək istəyirlər. İddiaçı müvafiq xahişlə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, qeydiyyata alınmaq istədiyi evə dair lazımi sənədləri təqdim etdiyindən cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. 10 fevral 2023-cü il tarixdə iddiaçılar İddiaçı, X10, X11 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı, ailəsi ilə birgə, oğlu X10, X5 ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək iddia ərizəsində qeydiyyata alınmaq istədiyi ünvanın nömrəsini texniki səhv olaraq “36/14 B” kimi qeyd edildiyini bildirmiş və sözügedən ünvanın “36/14” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə göstərilən halı formal xəta kimi qəbul edərək müvafiq qərardadı ilə ərizəni icraata qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçılardan X10, X11 isə hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçılardan X10, X11 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdehin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının övladları X10, X11 ilə birlikdə ünvan 4 ünvanında yerləşən evə qeydiyyata alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - ASAN 2 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə ünvan 5ində doğulmuşdur, yaşayış yeri ünvan 5i ünvanıdır. - ASAN 2 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1967-ci ildə Zəngilan rayonunda doğulmuşdur, yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36/14 ünvanıdır . - Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİ № 009480 saylı təkrar nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X7 ilə xx.xx.1981-ci il təvəllüdlü İddiaçı nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 05 iyul 2005-ci il tarixdə, 779 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Bədəlova” soyadı verilmişdir. - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2005-ci il təvəllüdlüdür. -Xətai RPİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı 10663287 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2007-ci il təvəllüdlüdür, yaşayış yeri ünvan 7 küçəsi, 4 inzibati bina ünvanıdır . - X7 tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı İddiaçı, övladları X3 və X2 özünün qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsində yerləşən 36/14 ünvana qeydiyyata alınmalarına etiraz etmir. - Bakı şəhər İcra Hakimiyyəti Xətai rayon 66 saylı MKİS tərəfindən 2014-cü il tarixdə verilmiş Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36/14 ünvanda yerləşən evin həyətyanı cizgiləri, şəxsi tikililəri və yardımçı otaqlarınin cizgisi təsdiq edilmiş və sözügedən ünvanda X7, İddiaçı, X10 və X2 yaşadıqları göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış sorğuya cavab məktubunda ünvan 11 saylı fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmişdir. -Məhkəmənin sorğusu ilə Xətai rayon Polis İdarəsi tərəfindən təqdim olunmuş X7, X8, X7, X6, X13, X1 fərdi uçot kartoçkalarının təsdiq edilmiş surətindən görünür ki, qeyd olunan şəxslər ünvan 11 ünvanda qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən məhv edildiyi bildirilmişdir. -X4, X12, X9 tərəfindən notarial qaydada tərtib edilməklə təsdiq edilən 14 yanvar 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı, X10 və X11 Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsində yerləşən 36/14 ünvanda hazırki vaxta kimi qeydiyyatsız yaşayırlar. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri- yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. - 5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5ci maddəsinin 2-ci hissəsi yaşayış yerini dəyişdirmiş şəxsə yeni yaşayış yerinə gəldikdən sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmağı məcburi göstərişlə şərtləndirir. Eyni zamanda qanunvericilik şəxsin qeydiyyatının aparılmasını məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququnun mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılmalı olmasını konkret olaraq şərtləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçı övladları ilə birlikdə uzun müddət ailəsi ilə birgə faktiki yaşadığı fərdi yaşayış evinə qeydiyyata alınmalarını istəyir. Sözügedən evin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməsinə baxmayaraq, evin ünvanı mövcuddur, onların həmin evdə yaşamaları təsdiq olunur, iddiaçının həyat yoldaşı qeyd olunan evdə qeydiyyatdadır və o da məhkəməyə təqdim etdiyi ərizədə iddiaçı və övladlarının adıçəkilən evə qeydiyyata alınmalarına etiraz etmir. Eyni zamanda həmin ünvanda digər şəxslərin də qeydiyyatı mövcuddur. Belə olan halda vurğulanmalıdır ki, cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatının aparıldığı ünvana iddiaçının da (bu ünvanda daimi olaraq uzun müddət yaşamasına baxmayaraq) qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina edə bilməz. Həmçinin qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, mübahisəli fərdi yaşayış evi müvafiq reyestrdə qeydiyyata alınmasa belə, iddiaçının qohumları yaşayış yeri üzrə həmin evə qeydiyyata alındığından, iddiaçının da bərabərlik hüququnun məfhumu baxımından eyni əsaslar ilə yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququ yaranır. İddiaçı və övladlarına münasibətdə fərqli yanaşmanın tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 25ci maddəsində əks olunan mövqeyin pozulmasına səbəb ola bilər və iddiaçı və övladlarının yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər ilə müqayisədə bərabərlik hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ona deməyə əsas verir ki, əgər iddia olunan yaşayış yeri üzrə başqa fiziki şəxslərin qeydiyyata alınması halı müəyyən olunursa, bu zaman qeydiyyata alınmağı tələb edən şəxsin də bərabərlik hüququ baxımından həmin yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququ yaranır. (Bax: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(103)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmasına hər hansı maneə olmamışdır. Məhkəmə, həmçinin şəxsin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun məqsədi baxımından qiymətləndirərək bildirir ki, Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Halbuki, iddiaçının faktiki yaşayış yerlərinin müəyyən edilməsi iddiaçının özü ilə yanaşı, həmin şəxslərin faktiki yaşayış yerini müəyyən etmək imkanına, mövcud məlumat bazasına malik olan dövlət orqanlarının, nəticədə dövlət maraqlarına xidmət etmiş olur. Məhkəmə istinad olunan normaları hazırkı mübahisənin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı, X10, X11 ünvan 11 saylı fərdi yaşayış evinə qeydiyyata alınmaları üçün hüquqi əsas mövcuddur və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə xidmət edir. Əks yanaşma iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər ilə müqayisədə bərabərlik hüquqlarının pozulması ilə nəticələnə bilər. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı, X10, X11 Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 36/14 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmaları öhdəliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4877/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4877/2023
07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver