Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4878/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı həmin Fərmanın 3.1-ci bəndinə əsasən aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının sürətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim edilməlidir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına ayrılmış Maştağa qəsəbəsi, Savalan Y/M İİ kvartal, sahə 120 “D” ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maştağa qəsəbə XDS İK-nin 19 noyabr 1993-cü il tarixli, 46 saylı qərarından Çıxarışa əsasən Maştağa qəsəbəsi, “Savalan” Y/M, İİ kvartal, sahə 120 “D” ünvanında yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına 1200 kv.m ərazisi olan torpaq sahəsi ayrılmışdır və həmin inzibati akt halhazırda qüvvədədir. Sabunçu RİH-nin 29 sentyabr 2023-cü il tarixli, 5-18/2-H-321- 091/2023 saylı məktubu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Y/M, İİ kvartal, sahə 120 “D” ünvanında fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına ayrılmış 1200 kv.metr ərazisi olan torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 19 noyabr 1993-cü il tarixli, 46 saylı qərarından çıxarışdan görünür ki, iddiaçıya torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il taixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarına əsasən ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı qərarı ilə məhz Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinə vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərdə tutulmuşdur. Bundan əlavə “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 439 № li, 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş bu kimi sənədlər hüquqmüəyyənedici sənəd hesab ediiir. Cavabdeh inzibati orqan tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarışın qanunvericiliyə uyğun olmaması dəlili öz əksini tapmır və həmin dövrdə qanunvericiliyə uyğun olaraq qəsəbə nümayəndəliklərinin torpağın ayrılması ilə bağlı səlahiyyətləri mövcud olmuşdur. Məhkəmə təcrübəsinin vahidliyinə əsasən oxşar məhkəmə mübahisələri üzrə (anoloji işlər üzrə) məhkəmənin formalaşmış mövqeyi (qərarı) mövcuddur. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6011/2022 saylı qərarı ilə (hakim Elvin Əliyev) Maştağa qəsəbə XDS İK-nin Qərarından 08 oktyabr 1997-ci il tarixli, 24 saylı Çıxarışına əsasən “Savalan” yaşayış massivi, 1232 №-li sahə ünvanında fərdi yaşayış evinin tikintisi üçün X2 adına ayırmş 1200 m2 torpaq sahəsi Dövlət Reyestrində qeydiyyata alınmış və həmin əraziyə çıxarış verilmişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, ünvan 2 ünvanına, X4 adına **********32-10301 reyestr nömrəli, ********** Qeydiyyat nömrəli Çıxarış verilmişdir. X1 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İV kvartal, sahə № 7 ünvana ********* Qeydiyyat nömrəli Çıxarış verilmiş, inşa edilmiş fərdi yaşayış evi isə xx.xx.2023-cü il tarixdə Dövlət Reyestrində qeydiyyatdan keçmiş, ünvan 4 ünvanı ilə ********** Qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsi hazırda qüvvədə olan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sovxoz torpaqları fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə Maştağa qəsəbə nümayəndəliyinə ayrıldığından, həmçinin müvafiq Fərmanın tələbinə əsasən qəsəbə nümayəndəliklərinə torpaq sahəsi ayrılma səlahiyyəti verildiyindən cavabdeh inzibati orqanın bu dəlili əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd olunması xahiş edilmişdir. İmtina məktubu etiraz məktubu ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ümumi hasar daxilində olmaqla, Savalan yaşayış massivinə ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Həmçinin bölgü sxemi təqdim edilməmişdir. Torpaq sahəsi Maştağa bağ massivi ilə həmsərhəddir. Torpaq sahəsində parniklər mövcuddur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyin Aparatının xx.xx.1993-ci il tarixli, 46 №-li qərara istinad edir. Maştağa Qəsəbə inzibati Ərazi Dairə üzrə Nümayəndəlikdən məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “sorğuda qeyd edilən Maştağa qəsəbə, XDS İcra Komitəsinin 46 saylı, xx.xx.1993-cü il tarixli qərardan çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir”. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Maştağa Qəsəbə XDS İK-nın arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənədin mötəbərliliyi şübhə doğurur. Həmin sənədin verilməsinə dair səlahiyyətli orqanlarda hər hansı bir məlumat yoxdur. Bundan başqa iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənəd üzrə torpaq sahəsində mülkiyyət hüququnun qeydə alınması barədə tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. Göründüyü kimi Fərmanda inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən torpaq sahəsinin ayrılması səlahiyyəti, yerli icra hakimiyyəti başçısının qərarının verilməsi ilə şərtləndirilmişdir. Hazırkı işdə isə Maştağa Qəsəbə XDS İK-ya belə bir səlahiyyətin verilməsinə dair qərarın olması müəyyən edilmir. İddiaçı tələbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı qərarı ilə məhz Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinə vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərdə tutulduğunu bildirmişdir ki, həmin qərar Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinə torpaq fondunun ayrılması ilə bağlıdır. Fərmanda qeyd edilən hüquqmüəyyənedici sənəd isə Yerli İcra Hakimiyyəti başçısının qərarıdır. Baxılan işdə isə belə bir qərarın olması müəyyən edilmir. Maştağa Qəsəbə üzrə Nümayəndəliyin isə təkbaşına torpaq ayırmaq kimi səahiyyəti olmamışdır. İddiaçı iddia ərizəsində eyni ərazidən vətəndaşlara çıxarış verildiyini, eyni zamanda Bakı İnzibati Məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarının olduğunu qeyd edərək bərabərlik prisipinə istinad edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, bərabərlik prinsipinin tətbiqi, iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olması halında yoxlama predmeti ola bilər. Torpaq sahəsinə dair mötəbər hüquqmüəyyənedici sənəd olmadığı təqdirdə bərabərlik və ya hüququn digər prinsiplərinin tətbiqi də istisna edilir. Göründüyü kimi, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Torpaq sahəsinə faktiki sahiblik isə, mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə yerləşmə sxeminin tərtib edilməsi də bu halı iddiaçının xeyrinə dəyişmir. Çünki həmin yerləşmə sxeminin hansı əsaslarla verilməsi barədə Sabunçu rayon İcra Hakimiyyətinə sorğu edilmiş, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Sabunçu RİH həmin yerləşmə cizgisini verərkən hazırda iddiaçının istinad etdiyi “Maştağa Qəsəbə XDS İK-nın qərarına istinad etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə ... Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-4878/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4878/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver