Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4879/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı “pul məbləğinin qaytarılması” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı “pul məbləğinin qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış sahəsini "xxxx" MMC-dən mənzil almış, lakin həmin MMC öhdəliyini yerinə yetirməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə öhdəliklər "xxxx" MTK-ya ötürülmüşdür. MTK isə həmin mənzili başqa şəxsə satmışdır. Bununla bağlı məhkəmə mübahisələri olmuş, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə müqavilə MTK ilə imzalanmadığından ondan pul tələb edilməsi əsassızdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: "xxxx" MMC və iddiaçı arasında bağlanılmış müqavilədən görünür ki, iddiaçı tərəfindən mənzil satın alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin 29 mart 2012-ci il tarixli sərəncamından görünür ki, MMC-yə məxsus binaların tikintisinin layihələndirilməsinə dair verilmiş sərəncam və inşaat pasportu "xxxx" MTK-nin adına rəsmiləşdirilir. Razılaşma sənədindən görünür ki, cavabdehlər də daxil olmaqla bir sıra inzibati orqanlar və "xxxx" MTK arasında razılaşma imzalanmışdır. Razılaşmadan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin öhdəlikləri aşağıdakılardır: Kənar dairəvi küçəsində torpaq sahəsinin ayrılmasına dair sərəncam verilməsi Şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi Eskiz həlli və işçi layihəyə baxılması və razılaşdırılması Tikintinin qeydiyyatdan keçirilməsi və icazə sənədinin verilməsi İstismara qəbulu Sərəncamın "xxxx" MTK-nın adına keçirilməsi MTK-nmn təqdimatı ilə obyektin layihə sənədlərinin razılaşdırılması Yarımçıq tikililərin tikintisinin davam etdirilməsi və s Digər cavabdehlər Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin razılaşmaya əsasən öhdəlikləri aşağıdakılardır: MMC-nin qeyri-qanuni hərəkətləri ilə bağlı istintaq zamanı müəyyən edilmiş zərərçəkmişlərin aldıqları mənzillərin parametrləri və ödədikləri vəsait barədə məlumatları əks etdirən sənədlərin verilməsi. Yekun siyahı verildikdən sonra yeni müraciət etmiş zərərçəkmiş şəxs olarsa problemlərin aradan qaldırılması Müqavilə tələblərinin icra olunması zamanı qanunvericiliyin tələtləbrinə əməl edilməsi nəzarət olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qərarından görünür ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini təmin etməmiş və 65 saylı mənzilə köçürülmə və həmin mənzildən istifadənin MTK- tərəfindən məhdudlaşdırılmasına son qoyulması barədə iddia tələbinin rədd edilməsinə dair aşağı instansiya məhkəmələrinin mövqeyini qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş və iddiaçının MTK-dan mənzilin əvəzinə pul məbləğinin tutulması barədə iddiasının rədd edilməsinə dair aşağı instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı hesab edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, iş materiallarında olan razılaşmada cavabdehlərin "xxxx" MMC tərəfindən satılmış, lakin şəxslərə təhvil verilməmiş mənzillərə münasibətdə götürdüyü öhdəliklərin dairəsi konkretdir. Həmin razılaşma sənədindən də göründüyü kimi pul məbləğlərinin ödənilməsi ilə bağlı cavabdehlərin hər hansı öhdəliyi müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, "xxxx" MTK-nın öhdəlikləri adlanan razılaşmanın hissəsində qeyd edilmişdir ki, MMC-nin qeyri-qanuni hərəktlərindən zərər çəkmiş mənzilin alıcıları tərəfindən məskunlaşdırılmasına şərait yaradılması, mənzili almaqdan imtina etmiş alıcıların pul vəsaitinin mənzillər digər alıcılar tərəfindən alındıqdan sonra geri qaytarılması kimi öhdəliklər "xxxx" MTK-ya aiddir. Doğrudur məhkəmələr tərəfindən Mülki Məcəllənin 522-ci maddəsinin tələbini nəzərə almaqla "xxxx" MTK-nın və digər tərəflərin razılaşmanı imzalanmamasına istinad edərək MTK-nın hər hansı öhdəliyinin olmamasına istinad etmiş və iddianı rədd etmişdir ki, məhkəmə hesab edir ki, həmin qərarlar hər bir halda hazırkı iş üzrə cavabdehlərdən pul məbləğinin qaytarılmasının inzibati icraat qaydasında təmin edilməsi əsası yaratmamışdır. Göründüyü kimi cavabdehlərin razılaşma üzrə götürmüş olduğu öhdəliklər konkret müəyyən edilmişdir ki, cavabdehlər hazırkı iddiaya inzibati icraat qaydasında cavab verməli olmayan şəxslərdir. Məhkəmə cavabdehlərdən inzibati icraatdan kənar öhdəlik daşıyıb-daşımaması məsələsinə münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, yəni tərəflər inzibati orqanlar olsa da cavabdehin razılaşmada nəzərdə tutulmuş öhdəlikləri publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Yuxarıda da qeyd edildiyi kimi Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi publik münasibətlərdən o zaman söhbət gedə bilər ki, inzibati orqan ona məhz qanunvericiliklə həvalə edilmiş inzibati funksiyanı yerinə yetirmiş olsun və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olsun. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi öhdəliklər inzibati icraat qaydasında nəzərdə tutulmuş öhdəliklər hesab edilə bilməz. Bu zaman cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə münasibətdə qeyd edilməlidir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və digər aidiyyəti qanunvericilik normalarının tələblərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti üçün müəyyən edilmiş inzibati funksiya müəyyəndir və cavabdeh məhz həmin sahə üzrə münasibətlərdə hakimiyyət səlahiyyətlərini yerinə yetirir. Bakı Şəhər İcra Hakimiyyətinin isə razılaşmada nəzərdə tutulsaydı belə pul məbləğinin iddiaçıya ödənilməsinin təmini ilə bağlı götürmüş olduğu öhdəliyin publik sferaya aid olmasından söhbət gedə bilməz. Göründüyü kimi istər razılaşma ilə onun üzərində pul məbləğinin ödənilməsinin təmin edilməsi ilə bağlı öhdəliyin müəyyən edilməmiş olması, istərsə də həmin öhdəlik müəyyən edilsə belə bunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin publik sferaya aid olan öhdəliyinin olmamasına münasibətdə iddianın mümkünlük şərtinin həmin cavabdehə münasibətdə ödənilmədiyi konkret olaraq müəyyən edilir. Məhkəmə hesab edir ki, digər cavabdehlərə münasibətdə də vəziyyət oxşar qiymətləndirmə tələb edir. Belə ki, razılaşma sənədindən də göründüyü kimi Baş Prokurorluq və Daxili İşlər Nazirliyi zərərçəkmişlər barədə siyahının hazırlanması, yeni zərərçəkmiş şəxslər olarsa problemlərinin aradan qaldırılması və müqavilə öhdəliklərinin müqavilə ilə müəyyən edilmiş müddətlərdə icra olunması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edilməsi kimi öhdəlikləri öz üzərinə götürmüşdür. Halbuki, prokurorluq orqanları və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında inzibati qaydada qiymətləndirilməli olan həmin öhdəliklər birbaşa nəzərdə tutulmamışdır. Həmin öhdəliklər ayrıca razılaşmada göstərilməsindən asılı olmayaraq cavabdehlərin publik sferaya aid olan səlahiyyəti olsa da, inzibati icraat qaydasında qiymətləndirilməli olan münasibət deyil. Belə ki, zərərçəkmiş şəxslərin problemlərinin aradan qaldırılması, qanunvericiliyin tələblərinə əməl edilməsi və s cavabdehlərin inzibati xəta və ya cinayət icraatı qaydasında qiymət verdiyi publik səlahiyyət olsa da, həmin publik səlahiyyətin tənzimlənməsi adından da göründüyü kimi ayrıca icraat qaydasında mümkündür və həmin halların inzibati icraat qaydasında qiymət verilməsi istisna edilir. Belə ki, hazırda zərərçəkmişlərin problemlərinin aradan qaldırılması sözünü, cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcək sözü ilə əvəz etsək, aydın məsələdir ki, iddiaçı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini inzibati icraat qaydasında tələb edilməsi hüququna malik olmayacaqdır. Belə ki, cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı səlahiyyətlər aidiyyət cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir ki, hansısa razılaşmada nəzərdə tutulması onu həmin icraatdan kənarlaşdırmır. Bu səbəbdəndir ki, zərərçəkmiş şəxslərin problemlərinin aradan qaldırılmasının inzibati icraat qaydasında baxılmalı olmasından söhbət gedə bilməz, necə ki cinayət məsuliyyətinə cəlb etmə barədə tədbirlər cavabdehlər tərəfindən digər icraat qaydasında həyata keçirilir, odur ki cinayət və ya inzibati xəta nəticəsində zərər çəkmiş şəxslərə münasibətdə görülməli olan tədbirlər də razılaşmada nəzərdə tutulubtutulmamasından asılı olmayaraq aidiyyəti icraat qaydasında qiymətləndirilməlidir. İddiaçı isə hazırkı iddianı irəli sürməklə cavabdehlərin digər icraat qaydasında qiymət verməli olduqları publik mübahisəni inzibati icraat qaydasında həll etmək istəyir ki, iddianın mümkünlük şərtinin ödənilməsindən söhbət gedə bilməz. Məhkəmə əlavə olaraq, müqavilə öhdəliklərinin müqavilə ilə müəyyən edilmiş müddətlərdə icra olunması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edilməsi formasında cavabdehlərin götürmüş olduğu öhdəliyə münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin cinayət və ya inzibati xəta hadisələrinə aidiyyəti olduğu halda həmin nəzarətdən söhbət gedə bilər ki, bu zaman müqavilə öhdəliklərinin icra edilməməsi və ya dələduzluq və s kimi əməllərə qiymət verilməsi zərurəti ilə bağlı həmin müddəanın qeyd edilməsi başa düşülən olar. Lakin, digər hallarda müqavilə öhdəliklərinin icra edilməməsinə münasibətdə həmin qurumların publik sferaya aid olan hansısa səlahiyyətindən söhbət gedə bilməz ki, mülki qanunvericiliklə müqavilə öhdəliklərini icra edilməməsinin nəticələri və ona qiymət verməli olan məhkəmənin səlahiyyətləri ilə bağlı məsələ tənzimlənmişdir. Göründüyü kimi Baş Prokurorluq və Daxili İşlər Nazirliyi cinayət və inzibati xəta aid sferada publik səlahiyyətləri digər icraat qaydasında həll etmək səlahiyyətinə malikdir, digər halda isə razılaşmada göstərilən öhdəliklərin icrasının ən azından inzibati icraat qaydasında qiymətləndirilməsindən, həmin məsələyə mahiyyəti üzrə baxılmasından söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4879/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4879/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver