Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4884/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı sərbəst toplaşma azalığına müdaxilənin qanunsuz hesab edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Hüseyn qızı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 04 fevral 2021-ci il tarixli toplantıya qarşı müdaxilənin sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 fevral 2021-ci il tarixində İddiaçı1, Nərmin Şahmarzadə, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 tərəfindən saat 15:00 radələrində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerləşdiyi Hökümət evinin arxasındakı Neftçilər prospektində yerləşən Azadlıq Meydanında təsadüfü toplantı keçirmişlər. Ölkədə məişət zəmnində qadınların öldürülməsi və digər zorakılıq faktlarına, həmin faktların hüquq mühafizə orqanları tərəfindən lazımınca araşdırılmasına etiraz etmək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diqqətini göstərilən problemə yönəltmək məqsədi ilə toplantı Hökümət Evinin qarşısında keçirilib. Toplantı zamanı hər bir iştirakçı aralarında 2 metrdən çox məsafə saxlamaqla dayanıb və “X1” yazılı üç plakat açaraq susaraq etiraz edib. Plakatların uzunluğu iki metrdir və Səbail rayon Polis İdarəsi tərəfindən iştirakçıların əlindən alınıb. Daha sonra isə Səbail rayon Polis Bölməsinin əməkdaşları iştirakçıları axşam saat 18:00-a kimi işləyib, onları əsassız yerə saxlayıb və həmin bölgəyə 30-a yaxın polis işçisi gətirərək iştirakçılara qarşı ümumilikdə psixoloji zorakılıq törədib. Aşağıdakılara əsasən hesab edirlər ki, cavabdehin 4 fevral 2021-ci il tarixli təsadüfü toplantını dağıtması qanunsuz və əsassızdır. “Sərbəst toplaşmaq haqqında” Qanununun 5-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulur ki, təsadüfü toplantılar bu yalnız Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər. Baş verən təsadüfü toplantı həmin Qanunun 7-ci və 8-ci maddələrinə zidd olmadığı üçün nə məhdudlaşdırıla, nə də dayandırıla bilər. Baş verən toplantı təsadüfü xarakter daşıyır və onun baş verməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbər vermək mümkün deyildi. Son bir həftə ərzində çoxlu sayda qadınların intihar hadisələri və qadınlara qarşı məişət zorakılıqları baş verib. Bunlardan ən dəhşətlisi isə Banu Məhərrəmovanın cəsədinin doğranmış şəkildə zibil qutusunda tapılması oldu. Baş verən hadisələrin xronologiyasına diqqət yetirdikdə bu hadisələrə etiraz etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərilməsi bu kimi dərhal diqqət tələb edən vacib hadisəni gecikdirə bilər. Yəni, 4 fevral təsadüfü toplantının yeganə səbəbi baş verən hadisələrlə bağlı dərhal ictimai müzakirə başlatmaqdır. “Sərbəst toplaşmaq haqqında” Qanunun 14-cü maddəsinin 1.2-ci bəndində nəzərdə tutulur ki, polis yalnız təsadüfü toplantılar istisna olmaqla digər qabaqcadan yazılı xəbərdarlıq verilməyən toplantıları dayandıra bilər. Bu səbəbdən polislərin toplantı dağıtması və psixoloji zorakılıq tətbiq etmək məqsədi ilə saat 18:00-a kimi iddiaçıları izləməsi qanunsuzdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Bukta və digər Macarıstana qarşı işində də, bildirilir ki, təsadüfü toplantını yalnız təsadüfü olduğu üçün dağıtmaq toplantı iştirakçılarının Avropa İnsan Hüquqları Konvensiyasındakı 11-ci maddəsini əhatə edən hüquqlarına qeyri-mütənsib müdaxilədir. 4 fevral 2021-ci il tarixli təsadüfü toplantı yalnız təsadüfü olduğu, yəni Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq edilmədiyi üçün dağıdılıb. Azərbaycan dövləti digər bütün dövlətlər kimi öz vətəndaşlarını başqa dövlətlərin və şəxslərin zorakılığından qorumağı öz öhdəsinə götürüb. Yəni Azərbaycan dövləti bütün azərbaycanlıların canını və malını zorakılıqdan və zorakılıq təhdidindən qorumalıdır. Halbuki, mətbuatda əks olunan xəbərlər onu göstərir ki, Azərbaycan Respublikası və bunun üçün ixtisaslaşmış qurum olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi baş verən hadisələrin qarşısını almaq üçün heç bir səy göstərmir. Yalnız son həftə ərzində 5 intihar halları, 3 qadınlara qarşı fiziki zorakılıq hadisələri və 3 qadın ölümləri, 1 erkən nigah baş verib. Bunlardan biri isə xüsusi amansızlıqla törədilib. Mətbuatda dərc edilməyən onlarla daha məişət zorakıılğı hadisələri mövcuddur. Qadın qətllərinin siyasi olması səbəbi ilə, yəni siyasi dedikdə dövlətin faktiki olaraq müdaxilə etdiyi, hüquqi olaraq müdaxilə edə biləcəyi və ya müdaxilə etməli olduğu məsələ nəzərdə tutulur. Məişət zorakılığı hadisələrinin hökümət tərəfinədn qarşısı alına bilər və ya bu hadisə baş verəndə qurbanın təhlükəsizliyi təmin edilə bilər. Halbuki, ölkədə yalnız 2 sığınacaq mövcud olduğundan və polis bölmələrində məişət zorakılığı ciddiyə alınmadığı üçün bu hadisələrin çox zaman ölüm və intiharlarla yekunlaşır. Beləliklə, cavabdeh nəticə etibarı ilə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsində nəzərdə tutulan müəyyən etmə və tanınma haqqında iddia növudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbində isə göstərilir ki, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində isə konkret şəkildə inzibati icraat qaydasında baxılan iddialar müəyyən edilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında irəli sürülən iddia – birinci növbədə ümumi (publik) hüquq sahəsinə aid konkret məsələnin həlli məqsədilə inzibati orqan tərəfindən qəbul edilmiş və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı qaldırılan bir iddiadır. Eyni zamanda inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan müəyyən etmə və tanınma haqqında iddianın mümkün sayılması üçün: 1. iddiaçı və inzibati orqan arasında (publik-hüquqi xarakterli) mübahisəli sual mövcud olmalı, 2. iddiaçının irəli sürdüyü tələbdə inzibati akt əvvəlcədən etibarsız olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçılar «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa istinad etmişlər, həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 5-ci maddəsinin İV bəndinə əsasən təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər. Həmin Qanunun «Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər» adlanan 7-ci maddəsinin 1-ci hissəsi ilə isə müəyyən edilmişdir ki, «Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Azərbaycan Respublikası İnzibat Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd edilən normasının mənasından göründüyü kimi, bu Məcəllə ilə müəyyən olunmuş qayda və şərtlərə uyğun verilmiş iddianın əsaslandırıldığı hallarda həmin iddianın inzibati məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir və buna istinadən doğru olaraq belə qənaətə gəlinir ki, iddiaçılar iddia tələbində inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4884/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4884/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver