Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4884/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1975-xx.xx.1980-ci illərdə Azərbaycan Politexnik İnstitutunda aldığı təhsil, xx.xx.1980-xx.xx.1981-ci illərdə hərbi xidmət, xx.xx.1980-xx.xx.2005-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində "xxxx" HİB xüsusi konstruktor texnoloji bürosunda və Bakı Elektrik Termik Avadanlığı Zavodunda ("xxxx" ASC) xx.xx.2018-xx.xx.2022-ci illərdə "xxxx" MMCdə işlədiyi illərin sosial sığota stajına daxil edilərək iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, Azərbaycan SSR Politexnik Universiteti tərəfindən verilmiş diploma, xx.xx.1980-ci il tarixli əmək kitabçasına, hərbi biletə əsasən 42 ilə yaxın stajı vardır. Əmək pensiyasının təyin edilməsi üçün iddiaçı cavabdehə müraciət etsə də, ona imtina edilərək onunla əsaslandırılmışdır ki, sığorta stajı 22 il 8 ay təşkil edir və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun 22 il 08 ay (25 ildən az) sosial sığorta stajı olduğundan qanunvericiliyin tələblərinə əsasən İddiaçı yaşa görə əmək pensiyası edilməmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ila Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Təqdim edilən əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı dövr) 22 il 8 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 09 ay sığorta stajına uyğun olaraq 16.059,32 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4.139,97 manat olmaqla, ümumilikdə 20.199,29 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Bununla yanaşı onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Aparılan araşdırmalarının nəticəsi kimi cavabdeh orqanın xx.xx.2022-ci il tarixli aktına əsasən “Azərelektroterm" ASC-də xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan iddiaçının əmək fəaliyyəti zamanı xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək İddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. - İddiaçıya məxsus VP seriyalı 048742 saylı hərbi biletin surətindən görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 saylı, imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixində pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sıgorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığınız dövr) 22 il 8 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 9 ay sığorta stajına uyğun olaraq 16.059,32 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 4.139,97 manat olmaqla, ümumilikdə 20.199,29 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Bildiririk ki, Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-də xx.xx.1980-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyətiniz zamanı xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək öz hesabınıza məzuniyyətdə olmusunuz. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib, eyni zamanda adınıza aktiv əmək müqaviləsi olduğu üçün məşğul şəxs hesab edildiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - İddiaçıya məxsus 270399 saylı diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan Politexnik İnstitutunda maşınqayırma istehsalatının avtomatlaşdırılması və kompleksi mexanikləşdirilməsi ixtisası üzrə təhsil almışdır. - Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı Bakı Eksperimental Təcrübə Zavodunda xx.xx.1980-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək öz hesabına məzuniyyətdə olmusdur. - İddiaçıya məxsus ИT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı Bakı Təcrübə Zavodunda xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək texnoloq (əmr 1075/oi xx.xx.1980), xx.xx.1983-cü il tarixədək 10 saylı tədarük sexində ikinci qrup usta (əmr 542/oi, xx.xx.1981), xx.xx.1985-ci il tarixədək baş usta (əmr 130/oi, xx.xx.1983), xx.xx.1986-cı il tarixədək baş texnoloq (269/ok, xx.xx.1985), xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də baş texnoloqun müavini (əmr 54/ok, xx.xx.1990), xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Alp-2010” mühəndis (əmr 25/iq/18, xx.xx.2018) işləmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kişilərin ən azı 65 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçının tələb olunan 25 ildən artıq iş stajı aşagıdakı illər üzrə toplanır: xx.xx.1975 -xx.xx.1980-ci illərdə Azərbaycan Politexnik İnstitunda təhsil dövrü– 4 il 9 ay 16 gün, xx.xx.1980- xx.xx.1981-ci illərdə həqiqi hərbi xidmət dövrü - 10 ay 1 gün, "xxxx" ASC-də (əvvəlki Bakı Təcrübə Zavodu) xx.xx.1980 - xx.xx.1981-ci illərdə texnoloq – 07 ay 01 gün, xx.xx.1981 - xx.xx.1983-cü illərdə 10 saylı tədarük sexində ikinci qrup usta – 1 il 8 ay 3 gün, xx.xx.1983 - xx.xx.1985- ci illərdə baş usta – 2 il 22 gün, xx.xx.1985 - xx.xx.1986- cı illərdə baş texnoloq – 1 il 5 ay, xx.xx.1986 - xx.xx.1990- cı illərdə texnoloji mühəndis – 3 il 5 ay, xx.xx.1990-xx.xx.2005- ci illərdə baş texnoloqun müavini – 15 il 14 gün, xx.xx.2018 - xx.xx.2022-ci illərdə “Alp-2010” mühəndis – 3 il 11 ay 1 gün işləməklə, ümumilikdə, 32 il 9 ay 11 gün ümumi iş stajını toplamışdır. Qeyd. İddiaçının hərbi xidmətdə olduğu dövr əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün nəzərə alınmamışdır. Bundan başqa cavabdehin guya iddiaçının "xxxx" ASC-də xx.xx.1980-ci il tarixindən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti zamanı xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu üçün həmin dövrün iş stajına hesablanmaması barədə mülahizəsi də əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ödənişsiz məzuniyyətdə olması və onun həmin vaxt əmək haqqı almadığını bildirməsi ehtimallara əsaslanır. Belə ki, qüvvədə olan qanunvericliyə əsasən işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənildiyi göstərilmişdir. Qeyd edilən normanın tələbinə baxmayaraq iddiaçının əmək haqqı almadığına və dolayı ilə məcburi sığorta haqlarını ödənilmədiyinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır. Həmçinin, məhkəmə iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olması ehtimalını qəbul etdiyi halda belə qeyd edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olması onun təqsiri üzündən baş verməmişdir və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən qeyd edilən aylar iddiaçının arzusu ilə onun iş stajına daxil edilə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 149.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar... Yuxarıda qeyd edilən normaların məzmunundan da aydın olur ki, işçinin təqsiri olmadan ödənişsiz məzuniyyətə göndərilməsi boşdayanma hesab olunur və həmin vaxtlarda onun əmək haqqısı ödənilir. Əmək haqqı ödənildiyi halda müvafiq olaraq məcburi sosial sığorta ödəmələri də həyata keçirilir. Həmçinin işçinin pensiya məbləği hesablanarkən götürülən müvafiq dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu vaxt onun arzusu ilə həmin dövrlərdən çıxılması onu göstərir ki, həmin dövrlər sığorta stajına hesablanır. Yəni işçinin ödənişsiz məzuniyyətdə olduğu vaxt pensiya məbləği hesablanarkən onun öz arzusu ilə nəzərə alına bilər. Bundan əlavə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Yəni, iddiaçının xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək ödənişsiz məzuniyyətdə olması həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 7-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmçinin məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cu maddəsinə əsasən, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Məhkəmə qeyd edir ki, qeyd edilən maddə əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri deyil, məhz məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri nəzərdə tutduğundan işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün əmək stajına daxil edilməsini də istisna etmir. Digər tərəfdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Odur ki, məhkəmə işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün dövlət tərəfindən mütləq sosial sığorta edilməli olmayan qənaətinə gəlməsi üçün əsas görmür və hesab edir ki, həmin dövr (işçinin ödənişsiz məzuniyyətdə olduğu dövr) işçinin sığorta stajına daxil edilməlidir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü və təhsil dövrü, həmçinin əmək kitabçasında göstərilən iş müddəti nəzərə alınmaqla 25 ildən artıq ümumi iş stajının mövcud olması məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən 25 il sığorta stajı olması şərti ödəndiyi üçün, məhkəmə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini araşdırmağı zəruri hesab etmir. Beləliklə məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin yaşa görə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktı düzgün realizə etməmişdir. Halbuki, iş materiallarına əsasən iddiaçının işləyərək tələb olunan iş stajını toplaması müəyyən edilmişdır. Buna görə də iddiaçıya cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməməsi əsassızdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının əmək pensiyası ala bilmək üçün qanunvericilikdə tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının sosial təminat hüququnun pozulduğu aşkar edilmişdir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva