Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4885/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Nizami rayonu ərzisindən ayrılmış sahəsi 600 kv.m olan 12 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2591-ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Belə ki, siyahıda adı qeyd olunan vətəndaşlardan biri də İddiaçıdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 2022-ci il tarixli sərəncamından çıxarışa əsasən ünvan 6 ünvanında yaşayan İddiaçı sahəsi 600 kv.metr olan 12 nömrəli torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsindən de facto olaraq 1995-ci ildən etibarən istifadə etsə də, de yure 2002-ci il tarixli sərəncam qəbul edildiyi tarixdən ondan istifadəni davam etdirir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinə bütün qanuni ödənişləri həyata keçirir. İddiaçı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixindən sonra fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyət orqanlarının səlahiyyətləri xaricindədir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ona bildirilmişdir ki, 01 yanvar 2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********95 saylı, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Bundan əlavə, torpaq sahəsinin yerləşməsini bildirən dəqiq yerləşmə cizgisi təqdim edilməmişdir. Sənədlər toplusuna əlavə edilən yerləşmə cizgisində isə perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 230 kv.m. hissəsi yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi qərara alınmış, ünvan 6 ünvanında yaşayan İddiaçı sahəsi 600 kv.metr olan 12 nömrəli torpaq sahəsi ayrılmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********95 nömrəli məktubu ilə etirazda göstərilənlər bildirilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 28 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı M.X.Şərifli küçəsi 2591-ci məhəllə 12 nömrəli mənzildə yaşayır. - İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami bələdiyyəsinə ödənilmiş qəbzlərdən görünür ki, iddiaçı ödənişləri həyata keçirir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3- 48-2F/2-01411/2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nizami İH-nin arxiv fondu üzrə 29 avqust 2002-ci il tarixli, 373 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət göndərilmişdir. Sərəncama cizgi sənədi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 04 iyul 2002-ci il tarixli 7-2283/17 nömrəli məktubu, X1 11 iyul 2002-ci il tarixli 062 nömrəli məktubu da əlavə edilmişdir. - Bakı Şəhər İcra Hakimyyəti başçısı aparatının 27 fevral 2023-cü il tarixli, 3- 52/834/2023 nömrəli məktubunda Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 213 nömrəli sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sərəncamda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra başçısının xx.xx.1998-ci il tarixli, 03/974 nömrəli məktubunu nəzərə alaraq Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyinə fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2593-cü məhəllədə 0,5 hektar, Bakı şəhəri, Sabunçu rayonu, Şərifli küçəsindəki 2554-57-ci məhəllənin şimalında 0,8 hektar torpaq sahələri ayrılmışdır. - Cavabdehin xx.xx.2023-ci il tarixli **********59 nömrəli mütəxəssis rəyi ilə bildirilmişdir ki, göstərilən faktiki torpaq sahəsi 0,111 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2 (iki) mərtəbəli, zirzəmili, mansardlı yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki göstərilən torpaq sahəsinin koordinatları əlavə edilir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən torpaq sahəsinin sənəd üzrə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətidir. Faktiki göstərilən 0.111 ha torpaq sahəsinin 0.0202 ha hissəsi qaz kəmərinin mühafizə zolağında yerləşir. - “Azəriqaz” İstehsalat Birliyinin 12 aprel 2023-cü il tarixli, 14-2-2/2-1637/2023 nömrəli məktubunda göstərilmişdir ki, məhkəmə sorğusunda göstərilmiş iş üzrə İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən, sahəs 600 kvadratmetr olan 12 nömrəli torpaq sahəsinə xx.xx.2023-cü il tarixində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, koordinatları 40.423917; 49.924173 olan iş üzrə İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən, sahəsi 600 kv.metr olan 12 nömrəli torpaq sahəsinin hüdudları daxilində Bakı Regional Qaz İstismarı Departamentinə məxsus yeraltı və yerüstü qaz xətləri, habelə qaz qurğuları mövcud deyildir və qaz xəttinin mühafizə zonası pozulmamışdır. Bununla belə, həmin torpaq sahəsinin 4.5 metrliyindən orta təzyiqli, yeraltı, 110 mm diametrli polietilen və 7 metrliyindən aşağı təzyiqli, yerüstü, 76 mm diametrə malik qaz xətti keçir. Qeyd olunanların nəzərə alınması xahiş edilir. Həmin məktuba müayinə aktı, 2 (iki) ədəd fotoşəkil əlavə edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş 14 sentyabr 2023-cü il tarixli, 10/3710 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatı ünvan 10 ünvanında yerləşən torpaq sahəsi üzrə aparılmış, tədqiq olunan ünvanda baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmışdır. Tədqiq olunan ünvanda baxış zamanı mübahisə predmeti olan torpaq sahəsinin 2 tərəfdən yol, 2 tərəfdən isə qonşu sahələr ilə əhatə olunduğu həmçinin həmin torpaq sahəsinin hüdudları daxilində 2 mərtəbədən ibarət fərdi yaşayış evinin mövcud olduğu müşahidə olunmuşdur, həmçinin baxış zamanı aparılan ölçü işləri nəticəsi tədqiq olunan torpaq sahəsinin faktiki ümumi sahəsinin 0.111 ha təşkil etdiyi müəyyən olunmuşdur. Baxış zamanı tədqiq olunan oluna torpaq sahəsinin faktiki koordinatları müəyyən olunmuşdur. Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından, hazırki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasında ekspert qarşısında qoyulmuş sualın həlli məqsədilə, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə istinad olunmuşdur. Qeyd olunan mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin Dövlət mülkiyyətində olduğu və həmin torpaq sahəsinin 0.0202 ha hissəsinin qaz kəmərinin mühafizə zolağında yerləşdiyi qeyd olunmuşdur. Beləliklə Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyəti başçısının 373 saylı 29 avqust 2002-ci il tarixli sərəncamına əsasən X3 istifadəsinə verilmiş ünvan 10 ünvanında yerləşən torpaq sahəsinin faktiki vəziyyətdə yeri və koordinatları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin Dövlət mülkiyyətində olduğu və həmin torpaq sahəsinin 0.0202 hektar hissəsinin qaz kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən olunur. Qərardadın 1-ci sualı üzrə Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyəti Başçısının 373 saylı 29 avqust 2002-ci il tarixli sərəncamına əsasən X3 istifadəsinə verilmiş ünvan 10 ünvanında yerləşən torpaq sahəsinin faktiki vəziyyətdə yeri və koordinatları müəyyən edilmişdir, tədqiq olunan oluna torpaq sahəsinin faktiki koordinatları müəyyən olunmuşdur. Qərardadın 2-ci və 3-cü sualları üzrə iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin Dövlət mülkiyyətində olduğu və həmin torpaq sahəsinin 0.0202 hektar hissəsinin qaz kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən olunur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İddiaçının tələbi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı ilə ünvan 10 ünvanında iddiaçıya ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Hazırki işin hallarından müəyyən olur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 213 nömrəli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra başçısının xx.xx.1998-ci il tarixli, 03/974 nömrəli məktubunu nəzərə alaraq Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyinə fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2593-cü məhəllədə 0,5 hektar, Bakı şəhəri, Sabunçu rayonu, Şərifli küçəsindəki 2554-57-ci məhəllənin şimalında 0,8 hektar torpaq sahələri ayrılmışdır. Daha sonra Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyət başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2591-ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Belə ki, siyahıda adı qeyd olunan vətəndaşlardan biri də İddiaçıdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 2022-ci il tarixli sərəncamına əsasən iddiaçıya sahəsi 600 kv.metr olan 12 nömrəli torpaq sahəsi ayrılmış və həmin ərazidə fərdi ev tikintisinə icazə verilmişdir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut kimi qiymətləndirilir və həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert rəyi ilə təkzib edilmişdir. Belə ki, iş üzrə alınmış ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyəti Başçısının 373 saylı 29 avqust 2002-ci il tarixli sərəncamına əsasən X3 istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin faktiki vəziyyətdə yeri və koordinatları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin Dövlət mülkiyyətində olduğu və həmin torpaq sahəsinin 0.0202 hektar hissəsinin qaz kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən olunur. Bununla baglı “Azəriqaz” İstehsalat Birliyinin 12 aprel 2023-cü il tarixli, 14-2-2/2- 1637/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən, sahəsi 600 kvadratmetr olan 12 nömrəli torpaq sahəsinin hüdudları daxilində Bakı Regional Qaz İstismarı Departamentinə məxsus yeraltı və yerüstü qaz xətləri, habelə qaz qurğuları mövcud omaması və qaz xəttinin mühafizə zonası pozulmaması faktının təsdiq edilməsi cavabdeh tərəfindən verilmiş imtina məktubunda olan “iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 230 kv.m. hissəsi yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşməsi” ilə gətirdiyi əsası təkzib edir. Hazırkı məhkəmə araşdırması zamanı mütəxəssis və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə müvafiq rəyləri və “Azəriqaz” İstehsalat Birliyinin 12 aprel 2023-cü il tarixli, 14-2- 2/2-1637/2023 nömrəli məktubunda göstərilmiş xüsusatı mötəbər sübut kimi qəbul edir və cavabdehin dəlillərini də əsassız hesab edir. Bundan əlavə «Torpaq sahəsinin ayrılması haqqında» Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 213 saylı sərəncamı və «Şərifli küçəsindəki 2591-ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi haqqında» Bakı şəhəri Nizami RİHB-nın 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. İnzibati orqan isə, qeyd olunan torpaq sahəsinin xx.xx.2001-ci il tarixdən əvvəlki müddətdə, yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 213 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmasını nəzərə almamışdır. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası təmin olunaraq, Nizami rayonu, Şərifli küçəsindəki 2591-ci məhəllədə uzun müddət onun istifadəsində olan, Nizami rayon İcra Hakimiyyəti başçısının 373 nömrəli, 29 avqust 2002-ci il tarixli sərəncamı ilə adına rəsmiləşdirilmiş 540 kv.m sahəsi olan torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli 2-1(112)-130/2023 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sözügedən qərar inzibati orqan tərəfində icra edilmişdir. Halbuki, Konstitusiyanın 25-ci maddəsinin İ və V hissələrinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 12.2-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almasından imtina etməsi inzibati orqanın inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipinə, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydasına ziddir. Belə ki, həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Məhkəmənin qənaətinə görə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 600 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh orqanın imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir Ümumiyyətlə cavabdehin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, imtinada qeyd etdiyi hallar iddiaçının təqsiri hesab edilə bilməz və formal olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 213 saylı və Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyəti Başçısının 373 saylı 29 avqust 2002-ci il tarixli sərəncamlarını cavabdehə təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 oktyabr 2016-cı il qərarında aşağıdakı hüquqi mövqeyi təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. ... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Beləliklə də qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş halların heç biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; Bu baxımdan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002ci il tarixli 373 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Nizami rayonu ərzisindən ayrılmış sahəsi 600 kv.m olan 12 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Nizami rayonu ərzisindən ayrılmış sahəsi 600 kv.m olan 12 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 13akim Mehriban Qarayeva