Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4886/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (ünvanı: Bakı şəhəri, 8 mkr, Azadlıq prospekti, 186, 17; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Femida” vəkil bürosu, vəkil), cavabdehin nümayəndəsi X1 (ünvanı: Şəmkir rayonu, Dəllər kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Cavabdeh hüquqşunası) iştirakları ilə, iddiaçı - İddiaçı MMC-nin cavabdeh - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “tələbnamə-tapşırıqların və sərəncamların ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdehnə qarşı Bakı Baş Gümrük İdarəsi tərəfindən 14 dekabr 2021 il tarixində "xxxx" ASC- nin “Sabail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli ödəniş tələbnamə-tapşırıqlarının qanusuz hesab edilməklə onların ləğv olunması tələbinə dair iddia ərizəsi Bakı İnzibat Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 13.01.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 03.03.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) “Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli ödəniş tələbnamə-tapşırıqların və 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli sərəncamların qanunsuz hesab edilməklə onların ləğv olunması” barədə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmçinin, həmin tarixli məhkəmə iclasında iddia tələbini “Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli ödəniş tələbnamə-tapşırıqların qanunsuz hesab edilməklə onların ləğv olunması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, "xxxx" MMC-nin (VÖEN **********) ünvanına 29.12.2017-ci il tarixində Türkiyə Respublikasından idxal olunan mal 52K5048/52K4916 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuşdur. Həmin mal 01.01.2018-ci il tarixində **********1253 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir və AR Nazirlər Kabinetinin 17.11.17-ci il tarixli 500 nömrəli qərarına uyğun olaraq XİFMN kodu ilə yazılmışdır. Daha sonra Bakı Baş Gömrük İdarəsi "xxxx" MMC-yə bir neçə dəfə məktublarla müraciət edərək bəyan olunan malın idxal rüsumu 0 %-lə deyil, 0,5%-lə hesablanmalı olduğunu bildirmişdir. Bu tələb onunla əsaslandırılmışdır ki, 52K5048/52K4916 nömrəli nəqliyyat vasitəsinin 29.12.2017-ci il tarixində gömrük sərhədini keçdiyinə və həmin gün qüvvədə olan 12.04.2001-ci il tarixli AR Nazirlər Kabinetinin 80 nömrəli qərarına əsasən bəyan olunan malın rüsumu 0,5% təşkil edir. Bu səbəbdən bəyan olunan malın rüsumunun ödənilməsi MMC-dən tələb olunmuşdur. Buna cavab olaraq "xxxx" MMC tərəfindən 23.12.2020-ci il tarixində Bakı Baş Gümrük İdarəsinə cavab məktubu göndərmiş və bildirmişdir ki, mal 2017 ilin dekabr ayın 29-da daxil olmuş olsada, malın idxal rüsumu 01 yanvar 2018 il tarixindən qüvvəyə minmiş AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq 0 %-lə hesablanmalıdır. Bunun səbəbi odur ki, məsuliyyəti yüngülləşdirən hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Lakin göstərilənlərə baxmayaraq Bakı Baş Gümrük İdarəsi 14 dekabr 2021 il tarixində "xxxx" ASC-nin Sabail filialına 01, 02 və 03 saylı 13 dekabr 2021 il tarixli ödəniş tələbnamə -tapşırığı göndərmiş və müvafiq olaraq 1955 manatın, 352 manatın və 843 manatın (cəmi 3150 manat) iddiaçının bank hesabından silinməsini tələb etmişdir. Hesab edir ki, bu cür hərəkət qanunsuzdur və iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 238-ci maddəsində göstərilir ki, “238.1. İdxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır. 238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. 238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. 238.4. Bu Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir.” Həmin Məcəllənin 242.3-cü maddəsində göstərilir ki, gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Gömrük borclarının alınması və digər məsuliyyət tədbirləri Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249-cu maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 249.3-cü maddəsində göstərilir ki, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq ödəyicinin bank hesablarından tutulur. Maddədə istinad edilmiş vergi borclarının dövlət büdcəsinə alınması qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65-ci maddəsi ilə tənzimlənir. Cavabdeh yuxarıda qeyd edilən normalara əsasən iddiaçının bank hesabına sərəncam qoyaraq vaxtında ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə ödənilməsinə nail olmaq istəmişdir və hesab edirik ki, bu qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) ünvanına 29.12.2017-ci il tarixində Türkiyə Respublikasından idxal olunan mal 52K5048/52K4916 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuşdur və həmin mal 01.01.2018-ci il tarixində **********1253 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. İş materiallarından görünür ki, 52K5048/52K4916 nömrəli nəqliyyat vasitəsinin 29.12.2017-ci il tarixdə gömrük sərhədini keçməsi səbəbi ilə cavabdeh inzibati orqan tərəfindən AR Nazirlər Kabinetinin 80 nömrəli 12.04.2001-ci il tarixli qərarına əsasən bəyan olunan malın rüsumunun (0,5%) ödənilməsi MMC-dən tələb olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 22.09.2021-ci il tarixli 1400-011/004-24/006328 nömrəli məktubunda göstərilmişdir: “Tərəfimizdən aparılmış təftiş zamanı məlum olmuşdur ki, "X6 RECYCLİNG" MMC-nin ünvanına 2018-ci ildə Türkiyə Respublikasından idxal olunan mallara tərtib edilmiş **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş mallara görə tutulmuş gömrük rüsumu idxal olunan mallara münasibətdə gömrük sərhədini keçdiyi günə qüvvədə olan gömrük rüsum dərəcələri əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli, 80 nömrəli qərarının tələbləri əsasında hesablanmalı olduğu halda, səhvən Azərbaycan Respublikası Nazirlər Kabnetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarı əsasında hesablanmışdır. Bununla əlaqədar olaraq, qeyd edilən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcu və ona hesablanmış dəbbə pulunu qısa müddət ərzində ödənilməsini təmin etməyi Sizdən xahiş edirik. Əks təqdirdə bu gündən bir ay müddətində borc ödənilməsə, hesablarınıza məhdudiyyət qoyulacaq.” İş materiallarından görünür ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli ödəniş tələbnamə-tapşırıqları və 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli sərəncamları göndərərək "X6 Recycling" MMC-nin yaranmış gömrük borcunun Bakı Baş Gömrük İdarəsinin büdcə hesabına mədaxil edilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ilə iddiaçı "X6 recycling" MMC-nin ünvanına 2018-ci ildə Türkiyə Respublikasından idxal olunan mallara tərtib edilmiş **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük borcunun və ona hesablanmış dəbbə pulunun iddiaçı "X6 recycling" MMC-dən tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz sayılmasını tələb edir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarının gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Həmin Məcəllənin 242.4-cü maddəsinə əsasən gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici X4 Nomenklaturası, X2 Dərəcələri və X3 Dərəcələri”nə əsasən mübahisə predmeti olan nəqliyyat vasitəsi (Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan fərdi funksiyalı maşınlar və mexaniki qurğular (8479)) XİF MN üzrə “8479 89 970 0” (digərləri) koda aid edilərək tarif dərəcəsi, yəni 0%-lə hesablanmalıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hüquq münasibətlərinin yarandığı dövrdə, yəni iddiaçı tərəfindən mallara dair bəyannamənin təqdim olunduğu gün (01.01.2018-ci il tarixdə) qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı tətbiq edilməlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən **********1253 və **********1268 nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük borcunun mövcud qanunvericiliklə tələb etmə müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Həmin Məcəllənin 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı **********1253 və **********1268 nömrəli gömrük bəyannamələrini 01.01.2018-ci il tarixdə təqdim etsə də, cavabdeh inzibati orqan həmin bəyannamələr üzrə gömrük borcunun iddiaçı tərəfindən ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il keçdikdən sonra, yəni 13 dekabr 2021-ci il tarixdə tələb etmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı Baş Gümrük İdarəsi 14 dekabr 2021 il tarixində "xxxx" ASC-nin Səbail filialına 01, 02 və 03 saylı 13 dekabr 2021-ci il tarixli Sərəncamlar (icra (ödəniş) sənədi) göndərmiş və müvafiq olaraq 1955 manatın, 352 manatın və 843 manatın (cəmi 3150 manat) iddiaçının bank hesabından silinməsini tələb etmişdir. Göründüyü kimi, "X6 recycling" MMC-nin ünvanına 2018-ci ildə Türkiyə Respublikasından idxal olunan mallara tərtib edilmiş **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük borcunun və ona hesablanmış dəbbə pulunun iddiaçıdan tələb edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249-cu maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş müvafiq Sərəncamlar inzibati akt hesab olunmaldır. Belə ki, icra (ödəniş) sənədi olan müvafiq Sərəncamlar müəyyən (konkret) məsələni (vaxtında ödənilməmiş gömrük borclarının dövlət büdcəsinə alınmasını təmin etdiyindən) nizama salmaq və ya həll etmək məqsədilə qəbul edildiyindən və ünvanlandığı hüquqi şəxs üçün müəyyən hüquqi nəticələr yaratdığından, inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli sərəncamlar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən yaranmış gömrük borcunu iddiaçıdan tələb etmə müddətini ötürməklə tələb etdiyindən, ləğv edilməlidir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia təmin edilsin. Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli sərəncamları qanunsuz hesab edilməklə ləğv olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4886/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4886/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver