Məhkəmə qərarları › İş №2-1(112)-4886/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4886/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4886/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı Sərəncamla ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, S.Əliyev adına südçülükmaldarlıq üzrə X4 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı Sərəncamla iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçı Cavabdehnə 17 fevral 2000-ci il tarixli, 06 saylı Sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsi xahiş edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda fərdi həyətyanı torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən sənədlərlə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyyə edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinin texniki kadastr sənədinin hazırlanıb ona verilməsinə dair müraciət olunmuşdur. Müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubunda torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin olmadığı bildirilmişdir. Həmçinin ilkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının onların səlahiyyətləri xaricində olduğunu göstərmişlər. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iddianın mümkünlüyü məsələsi müzakirə edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə münasibət bildirərək izahatında göstərdi ki, iddiaçının yerləşmə cizgisinin verilməsini tələb etdiyi torpaq sahəsi hal-hazırda Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşsə də, torpaq sahəsi Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X2 sərəncamı ilə iddiaçıya ayrılmışdır. Həmçinin cavabdeh iddiaçıya verdiyi imtina məktubunda, yerləşmə cizgisinin verilməsi səlahiyyətinin Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyətinə aid olması ilə bağlı heç bir şey bildirməmişdir. Bu səbəbdən nümayəndə iddianın mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı Sərəncamla ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş müayinə aktından görünür ki, Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X3 tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunun ərazisində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaya cavab verməli orqan Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətidir. Torpaq iddiaçıya ayrılan zaman həmin torpaq sahəsi Abşeron rayonunun ərazisində yerləşmiş olsa da, hal-hazırda cavabdeh ona aid olmayan bir ərazi üzrə yerləşmə cizgisinin verilməsində səlahiyyətli ola bilməz. İPM-in tələblərinə əsasən məhkəmənin tərəflərə yardım göstərmək vəzifəsi mövcud olsa da, məhkəmə tərəfindən iddiaçıya əsl olmayan cavabdehin əsl cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti ilə əvəz edilməsi ilə bağlı təklif verilməmişdir. Çünki iddiaçı qeyd edilən tələblə bağlı Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinə rəsmi müraciət etmədiyi üçün, əsl olmayan cavabdehin əvəz edilməsi iddianın mümkünsüzlüyünü aradan qaldırmayacaqdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar