Məhkəmə qərarları › İş №2-1(112)-4887/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4887/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4887/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxxx 1961-ci il tarixdə doğulmuşdur və ilk əmək fəaliyyətini 1 sentyabr 1978-ci il tarixdə M.Qorki adına Sovxozda başlamışdır. 1 sentyabr 1978-ci il tarixdə 91 nömrəli əmrlə həmin Sovxoza fəhlə vəzifəsinə işə qəbul olunmuş, 10 sentyabr 1979-cu il tarixdə 213 nömrəli əmrlə işdən azad edilmişdir. 27 sentyabr 1979-cu il tarixdən 1981-ci ilədək hərbi xidmətdə olmuşdur. 14 dekabr 1981-ci il tarixdən 30 iyul 1982-ci il tarixədək işlədikdən sonra 14 sentyabr 1984-cü il tarixdə 40/k saylı əmrlə Bakı Soyuducular Zavoduna qaynaqçı vəzifəsinə qəbul olunmuş və 3 may 1988-ci il tarixdə 131/k nömrəli əmrlə işdən azad olunmuşdur. 1 dekabr 1999-cu il tarixdə 31/a saylı əmrlə Vətəndaşlara Xidmət Trestinə işə qəbul olunmuş və 26 fevral 2007-ci il tarixdə 10 nömrəli əmrlə işdən azad edilmişdir. 2 iyul 2007-ci il tarixli 43 nömrəli əmrlə Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin Binəqədi kənd qəbiristanlığında fəhlə kimi işə qəbul olunmuş və 1 mart 2012-ci il tarixdə 17 nömrəli əmrlə işdən azad edilmişdir. 1 noyabr 2012-ci il 6 nömrəli əmrlə "xxxx" MMC-də istehsalat sexində çilingər kimi işə qəbul olunmuş, 31 yanvar 2017-ci il tarixdə həmin sexdə elektrik qaynaqçısı vəzifəsində keçirilmişdir və hal-hazıradək həmin işdə çalışır. 14 sentyabr 1984-cü il tarixdən 3 may 1988-ci il tarixədək Bakı Soyuducular Zavodunda qaynaqçı vəzifəsində işləmişdir. Bu peşə zərərli peşə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 35-ci bölməsinə, 1 dekabr 1999-cu il tarixdən 26 fevral 2007-ci il tarixədək Vətəndaşlara Xidmət Trestində işlədiyi qranit yonqarçısı və daş məmulatlarının cilalayıcısı vəzifəsi həmin siyahının 29-cü bölməsinə, 1 noyabr 2012-ci il tarixdən 31 yanvar 2017-ci il tarixədək "xxxx" MMC-də istehsalat sexində işlədiyi elektrik qaynaqçısı peşəsi həmin siyahının 14-cü bölməsinə aiddir. Ümumilikdə, onun əmək fəaliyyəti və hərbi xidmət dövrü birlikdə 40 il təşkil edir. Həmin dövrün 15 ili zərərli sahəyə aiddir. İddiaçı sənədləri ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdehin 16 avqust 2021ci il tarixli imtina məktubunda qeyd edilir ki, guya onun zərərli sahə üzrə iş stajı 8 il 1 ay 28 gün təşkil edir və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiyanın minimum məbləğinə münasibətdə aşağıdır. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası əsassızdır. Belə ki, əmək pensiyası üzrə sığorta kapitalının hesablanması yeni qaydası üç ildir müəyyən edilmişdir. Halbuki, o, əmək fəaliyyətinə 1978-ci ildə başlamış və həmişə onun əmək haqqından pensiya fonduna qanunla müəyyən edilmiş məbləğdə ödənişlər aparılmışdır. Hazırda ona pensiya hesablamaq üçün sığorta məğbləğinin 40.800 manat tələb edilməsi qanunsuzdur. Belə ki, son 3 ildə sığorta hissəsinin daimi olaraq yüksək məbləğdə artırılması bir çox əmək haqqları ilə tərs mütənasiblik təşkil edir və həmin məbləği toplamaq üçün əmək fəaliyyəti göstərən işçilərə ən azı 3.000 – 4.000 manat əmək haqqı müəyyən edilməlidir. Lakin respublikada bu həcmdə əmək haqqı demək olar ki, az sayda dövlət qulluğunda olan şəxslərə aiddir. Onun işlədiyi dövrdə əmək haqqısı maksimum 300 – 500 manat həddində olmuşdur. Əmək haqqından 22 faiz sığorta ödənişləri tutulduqda belə, o, əmək pensiyası təyinatı üçün 25 il yox, 60 il əmək fəaliyyəti göstərməlidir. Bu isə mümkün deyildir. Ona görə də ondan 40.000 sığorta kapitalı məbləğinin tələb olunması qanunsuzdur. Həmçinin, onun güzəştli sahədə iş stajı da düzgün hesablanmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsaslanaraq, 29 iyul 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 25 aprel 2022-ci il tarixli məktubunda İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia etiraz edilərək aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. İddiaçı 8 avqust 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Onun Filiala təqdim olunmuş əmək kitabçasına əsasən güzəştli iş stajının 8 il 1 ay 28 gün təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsində 60 yaşının tamam olduğu 29 iyul 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixədək ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə müəyyən edilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İddiaçı 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: iddiaçının 60 yaşının tamam olması, iddiaçının 60 yaşının tamam olduğu 29 iyul 2021-ci il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması, iddiaçının 60 yaşının tamam olduğu 29 iyul 2021-ci il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Hazırki işin hallarından müəyyən edilir ki, xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı 045622 nömrəli hərbi biletin surətinə əsasən 1979 – 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 8 iyul 2021-ci il tarixli D-18 nömrəli arayışından məlum olur ki, iddiaçı 31 yanvar 2017-ci il tarixdən 8 iyul 2021-ci il tarixədək "xxxx" MMC-də 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. "xxxx" MMC-nin 8 iyul 2021-ci il tarixli D-18 nömrəli arayışında elektrik qaynaqçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı» üzrə metal emalı bölməsinin metal emalı üzrə sair peşələr bəndində, məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq edən elektrik qaynaqçıları yarımbəndinə uyğun gəldiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 2 avqust 2021-ci il tarixli 17 nömrəli güzəştli arayışına əsasən İddiaçı 14 sentyabr 1984-cü il tarixdən “Bakı Soyuducular Zavodu”nun ştamp qaynaq sexində 400/k nömrəli əmrlə qaynaqçı peşəsinə işə qəbul edilmiş, 14 sentyabr 1984-cü il tarixdən 3 may 1988-ci il tarixədək ştamp qaynaq sexinin qaynaq mina sahəsində presformadan isti halda çıxmış soyuducu hissələrini CO2 qazı ilə metalı elektrodla qaynaq edilməsi işində qaynaqçı peşəsində çalışmışdır. "xxxx" ASC-nin 2 avqust 2021-ci il tarixli 17 nömrəli güzəştli arayışında İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsində nəzərdə tutulmuş qaz qaynaqçısı peşəsinə uyğun gəldiyi, işlədiyi müddət ərzində insan həyatı üçün təhlükəli olan maddələrlə təmasda olduğu bildirilmişdir. İş materiallarında olan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 17 iyul 2021-ci il tarixli 51 nömrəli arayışında İddiaçı 1 dekabr 1999-cu il tarixdən 31 nömrəli əmrlə Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin nəzdində olan qranit istehsalat sahəsində cilalayıcı peşəsinə işə qəbul edildiyi, 26 fevral 2007-ci il tarixdən 10 nömrəli əmrlə işdən azad edildiyi bildirilmişdir. İş materiallarında olan 025856 nömrəli diplomun surətindən məlum olur ki, İddiaçı 1981 – 1987-ci illərdə M.Əzizbəyov adına Qırmızı əmək bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutunda tətbiqi riyaziyyat ixtisası üzrə əyani təhsil almışdır. İş materiallarında olan iddiaçıya məxsus 10 sentyabr 1979-cu il tarixli əmək kitabçasının surətinə əsasən o, 1 sentyabr 1978-ci il tarixdən 10 sentyabr 1979-cu il tarixədək, 14 dekabr 1981-ci il tarixdən 30 iyul 1982-ci il tarixədək, 14 sentyabr 1984-cü il tarixdən 3 may 1988-ci il tarixədək, 11 may 1988-ci il tarixdən 2 may 1994-cü il tarixədək, 1 noyabr 1996-cı il tarixdən 25 may 1997-ci il tarixədək, 1 dekabr 1999-cu il tarixdən 26 fevral 2007-ci il tarixədək, 2 iyul 2007-ci il tarixdən 1 mart 2012-ci il tarixədək, 1 noyabr 2012-ci il tarixdən 29 iyul 2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarından da aydın olduğu kimi İddiaçı güzəştli iş stajı onun 14 sentyabr 1984-cü il tarixdən 3 may 1988-ci il tarixədək “Bakı Soyuducular Zavodu”nun ştamp qaynaq sexində qaynaqçı peşəsində, 31 yanvar 2017-ci il tarixdən 29 iyul 2021-ci il tarixədək "xxxx" MMCdə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işlədiyi dövrləri əhatə edir. İddiaçının 60 yaşının tamam olduğu 29 iyul 2021-ci il tarixədək olan güzəştli iş stajı 8 il 01 ay 28 gün təşkil etdiyindən, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların – kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuşdur. O, əmək fəaliyyətinə 1 sentyabr 1978-ci il tarixdə başlamış, 1979 – 1981-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra əmək fəaliyyətini davam etdirmiş və hazırda da işləyir. O, əmək fəaliyyətinin bir hissəsində “elektrik qaynaqçısı” və “qranit yonqarçısı və daş məmulatlarının cilalayıcısı” peşələrində çalışmışdır və həmin işləri də nəzərə alaraq, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı 8 il 1 ay 28 gün təşkil edir. Halbuki, qanunla həmin müddət 12 il 6 aydan az olmamalıdır, bundan başqa, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, yəni tələb olunan 40.800 manat pensiya kapitalının qarşılığında 22.620.14 manat toplanmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Suraxanı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Suraxanı rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin Siyahının “35. Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının işlədiyi sahələr üzrə “qaynaqçı” peşələrindən yalnız “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” sayılanlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Odur ki, iddiaçının 14 sentyabr 1984-cü il tarixdən 3 may 1988-ci il tarixədək və 31 yanvar 2017-ci il tarixdən 29 iyul 2021-ci il tarixədək olan iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı sayılır. Bu müddət isə 8 il 1 ay 28 gün təşkil edir. Bununla da müəyyən edilir ki, iddiaçının 25 ildən artıq ümumi stajı toplansa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdəki stajı qanunla nəzərdə tutulmuş 12 il 6 ay müddətdən azdır. Bundan başqa, nəzərə alınmalıdır ki, 2017-ci ilin 1 iyul tarixindən sonrakı vaxtdan qüvvədə olan qanunvericilik normaları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını həm də şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə şərtləndirir. Lakin hazırkı iddiaçının əmək fəaliyyəti (2006-cı ilin yanvar ayının 1-dək olan iş stajı da nəzərə alınmaqla) üzrə pensiya kapitalı tələb olunan məbləğdən az olduğundan, yəni 40.800 manat pensiya kapitalının qarşılığında 22.620.14 manat toplandığından, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olmur. Qeyd olunmalıdır ki, iddiaçı həmin məbləğləri mübahisələndirmir, 2017-ci ilin 1 iyul tarixindən qanunvericilikdə edilmiş müvafiq dəyişikliyinin onun həmin vaxtdan əvvəlki dövrdəki əmək fəaliyyətinə şamil olunmamasını iddia edir. İddiaçı 1961-ci il təvəllüdlü olduğundan, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən əvvəlki dövrdə qüvvədə olmuş tələblərinə uyğun yarana bilməz. Ona münasibətdə həmin Qanunun qeyd olunan maddəsinin 1 iyul 2017-ci il tarixdən sonrakı dövrdəki tələbləri şamil olunur. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikiinci tələbi, yəni “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki cavabdeh DSMF Xüsusi Şərtlərlə Təynat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar