Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4889/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X8 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadları ilə, X6 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi mişar daşı ilə hasarlamışdır. Torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə həyətyanı sahə kimi istifadə edilir. İddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə 12.11.2019-cu il tarixində etibarnamə əsasında nümayəndəsi X11 tərəfindən ərizə ilə müraciət edilmişdir. Əvvəlcə cavabdeh 05.12.2019-cu il tarixli daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatının dayandırılması barədə bildirişlə məlumat vermişdir. Dayandırmanın səbəbi kimi ərizənin icrası ilə bağlı Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinə sənədin həqiqliyi barədə sorğu göndərdiyi göstərilmişdir. Sonradan iddiaçıya heç bir məlumat verilmədən sənədlər həqiqliyinin araşdırılması üçün Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. Baş Polis İdarəsində müraciət araşdırılmış, heç bir qanun pozuntusu aşkar edilmədiyi üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara qəbul edilərək 03.05.2020-ci il tarixli məktubla cavabdehə məlumat verilmişdir. Bundan sonra cavabdeh tərfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 23 iyul 2020-ci il tarixli, **********52 nömrəli bildirşlə təqdim etdiyi sənədlər iddiaçıya qaytarılmışdır. Bu zaman cavabdeh "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsaslansada konkret hansı bəndə əsaslandığını göstərməmişdir. Cavabdeh bildirişində guya torpaq sahəsinin ayrılması barədə sərəncamın və sərəncama əlavə edilmiş sənədlərin Səbail Rayon İcra Hakimiyyətinin arxivində mövcud olmamasına istina etmişdir. Halbuki Səbail Rayon İcra Hakimiyyəti son beş ilə qədər fəaliyyətini əks etdirən sənədləri aidiyyəti uzrə Dövlət ərxivinə təhvil verir. Arxivə təhvil verilməsinə zərurət olmayan sənədləri isə aktlaşdırılaraq məhv edilir. Eləcə də cavabdeh sözü gedən sərəncamın Bakı Dövlət Arxivinə təhvil verilməsi barədə arxiv arayışının ərizəyə əlavə edilməsinə diqqət belə yetirməmişdir. Arxivdə olan sərəncamın eyni zamanda İcra hakimiyyətinin arxivində mövcud olmaması kimi aydın fakta diqqət yetirilməmiş, cavabdeh qanunu aydın verilmiş cavabı əksinə şərh etmişdir. Bu da özözlüyündə məqsədli şəkildə qanunla qorunan hüquqların pozulması və iddiaçıya məlum olmayan maraqlar xatirinə saxta "əsaslar" tapıldığının sübutudur. Eləcə də guya torpaq sahəsinin 93.0 kv.m hissəsinin **********0093 nömrəli kadastr planı ilə üst-üstə düşməsinə istina etmişdir. Halbuki həmin torpaq sahəsi iddiaçıya məxsus olduğu üçün adına kadastr planı tərtib edilmiş qonşusu X6 tərəfindən cavabdehə imtina ərizəsi verilmişdir. Qonşusu M.B.Xəlilova isə 98,0 kv.metr hissə çıxılmaqla qalan 502 kv.metr torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq şərqdən X3 ********** qeydiyyat nömrəli, 03.02.2020-ci il tarixli Çıxarışla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış 502 kv.m torpaq sahəsi ilə, qərbdən X9 ********** qeydiyyat nömrəli, 03.02.2020-ci il tarixli Çıxarışla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış 600 kv.m torpaq sahəsi ilə, şimaldan və cənubdan isə mişar daşı ilə hasarlanmış yol ilə sərhəddir. Qeyd edilən faktiki vəziyyət isə qonşularla aralarında notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən açıq şəkildə qanunvericiliyin tələbləri pozulmuş, heç bir hüquqi əsası olmayan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 23 iyul 2020-ci il tarixli, **********52 nömrəli bildirişi verilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı müvafiq tələblə bağlı idarəyə 12.11.2019-cu il tarixdə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, ərazinin 93.0 kv.m hissəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 verilmiş **********300093 nömrəli, 23.01.2007-ci il tarixli torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşür. Tam hasarlanmayan torpaq sahəsinə Səbail Rayon İcra Hakimiyyətinin 1971 saylı, 30.12.1998ci il tarixli sərəncamı ilə digər şəxs X4 tərəfindən İdarəyə müraciət daxil olmuşdur. Həmçinin təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti Başçısının 395 saylı, 02.02.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı və həmin sərəncam əsasında tərtib olunan yerləşmə cizgisi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq həmin sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin (sxem və.s) Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 05.11.2019-cu il tarixli H-590 saylı arxiv çıxarışından görünür ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İşdə olan cavabdehin 30.01.2021-ci il tarixli **********14 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbr 3-cü yaşayış massivi, 1244 saylı sahə (0.06 ha torpaq sahəsi) 03.02.2020-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı X1 30.03.2016-cı il tarixli ********** nömrəli müraciəti daxil olmuşdur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyindən müraciətin əsasını təşkil edən hüquqmüəyyənedici sənədlər vətəndaşa qaytarılmışdır. İşdə olan 23.01.2007-ci il tarixli **********0093 nömrəli Torpaq sahəsinin kadastr planından görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 15.06.1996-cı il tarixli 1101 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün X5 verilmiş ünvan 3 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. İşdə olan 585136 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0502 ha torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23 iyul 2020-ci il tarixli, **********52 nömrəli imtina məktubundan görünür ki, iddiaçının çıxarışın və plan-ölçünün verilməsi barədə müraciətinə baxılmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevra 1995-ci il tarixli sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmiş, ərazinin 93,0 kv.metr hissəsi **********0093 nömrəli kadastr planı ilə üst-üstə düşür, tam hasarlanmayan torpaq sahəsinə digər şəxs tərəfindən müraciətin daxil olmuş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş bölgü sxemindən görünür ki, X12, İddiaçı və X6 onlara məxsus torpaq sahələrinin bölgüsünü razılaşaraq bölgü sxemi tərtib edilməklə təsdiq etmişlər. İşdə olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X3 ərizəsindən görünür ki, X6 ona məxsus torpaq sahəsi ilə bağlı heç bir qonşu ilə mübahisəsi, eləcə də, heç bir qonşuya qarşı iddia və tələbi yoxdur. İşdə olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X1 ərizəsindən görünür ki, X2 məxsus 600 kv.metr torpaq sahəsi ilə yaxınlıqda yerləşən İddiaçı məxsus 600 kv.metr torpaq sahəsinin arasında digər şəxsə məxsus olan 600 kv.metr torpaq sahəsi yerləşir. X1 İddiaçı mıxsus torpaq sahəsinə dair iddia və tələbi yoxdur, aralarında mübahisə mövcud deyildir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmaqla çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı və onun tərkib hissəsi olan digər sənədlərin Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməməsi, ərazinin 93,0 kv.metr hissəsinin **********0093 nömrəli kadastr planı ilə üst-üstə düşməsi, tam hasarlanmayan torpaq sahəsinə digər şəxs tərəfindən müraciətin daxil olması əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinin tələblərinə əsasən o, gözlənilən mülkiyyət hüququna malikdir. Məhkəmə cavabdehin sərəncamın Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri hesab edilə bilməz. Belə ki, həmin sənədlərin saxlanılması və ya onun aidiyyəti qurumlara təhvil verilməsi qanunvericilklə iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh etirazında ərazinin 93,0 kv.metr hissəsinin **********0093 nömrəli kadastr planı ilə üst-üstə düşməsi və tam hasarlanmayan torpaq sahəsinə digər şəxs tərəfindən müraciətin daxil olması barədə dəlillər irəli sürsə də, bu dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı toplanmış sübutlarla göstərilən dəlillər təkzib olunur. Belə ki, qeyd edilən dəlillər üzrə adları çəkilən şəxslər X6 və X4 iddiaçı ilə heç bir mübahisələrinin, o cümlədən iddia və tələblərinin olmadıqlarını bildirmişlər. Bundan əlavə, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi iddiaçının müraciətinin təmin olunmasından cavabdehin imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4889/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4889/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver