Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4889/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs “Gəmi təmirçisi” Bağçılıq-yoldaşlıq Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ massivində yerləşən və istifadəsində olan Q-24 (0,05ha) saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının iddianın həcminin azaldılması barədə ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən ümumi sahəsi 403 kv.metr olan Q-24 saylı bağ sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun müvafiq reyestrdə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 16/358 saylı və xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarları ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Xəzər Dəniz Gəmitəmiri” İstehsalat Birliyinin “Gəmi təmirçisi” bağçılığının 264 üzvünə torpaq sahəsi ayrılmışdır. xx.xx.1998-cu il tarixli protokolla siyahı üzrə adı olan X11 ərizəsinə əsasən bağçılıq yoldaşlığından çıxarılıb və yerinə İddiaçı bağçılıq yoldaşlığına qəbul edilərək Q-24 saylı bağ sahəsi istifadəsinə verilmişdir. Hazırda həmin bağ sahəsində tikililər mövcuddur, o vaxdan indiyədək onun istifadəsindədir. Göstərilənlərə əsasən, tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə “Gəmi təmirçisi” Bağçılıq-yoldaşlıq Cəmiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddia tələbinə etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində saxlanılan “Gəmi təmirçisi” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə arxiv bölgü sxemi arasında uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 500 kv.m qeyd edilsə də, faktiki 403 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbini təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Gəmi təmirçisi” bağçılıq-yoldaşlıq Cəmiyyətinin nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********12 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və imtinadakı dəlillərə uyğun cavab verilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. -“Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin xx.xx.1998-ci il tarixli protokolundan çıxarışın əslindən görünür ki, X8 ərizəsinə əsasən bağçılıq yoldaşlığın üzvlüyündən çıxarılması və Q-24 saylı bağ sahəsinə hüquqların etibarsız hesab edilməsi, İddiaçı bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və Q-24 (0,05 ha) saylı bağ sahəsinin onun istifadəsinə ayrılması qərara alınmışdır. -“Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük biletinin dublikatından görünür ki, İddiaçı “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti bağçılıq cəmiyyəti üzvüdür və ona Hövsan qəsəbəsində Q-24 saylı 0,05 hektar yer ayrılmışdır. -İddiaçı məxsus xx.xx.1985-ci il tarixdən doldurulmağa başlanmış ИТ 18060031 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1992-ci ildə M.N.Qədirli adına X4 anestiozoloq-reanimatoloq vəzifəsinə qəbul edilmiş, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 186s saylı Sərəncamına əsasən M.N.Qədirli adına X10 Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin tabelliyinə verilmiş və X2 adlandırılmış, sonradan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamına əsasına ADXDG-nin və ARDNŞ XDMD-nin yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri cəmiyyətə keçmişdir) xx.xx.2020-ci ildə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq Cəmiyyətinin ərazisində üzvlər üçün ayrılmış torpaq sahələrində bağçılığın inkişafını təmin etmək məqsədilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsin hazırkı qanuni təmsilçisi X6r. Müvafiq sorğu əsasında cavabdeh inzibati orqan tərəfindən “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı, bölgü sxemi, ortofoto görüntüsünün surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş “Gəmi Təmirçisi” bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin 1986-cı il tarixdə tərtib edilmiş siyahısında (95-ci sıra) X9 adı bağ sahəsi ayrılmış şəxs kimi nəzərdə tutulmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi “Gəmi Təmirçisi” bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin xx.xx.1998-ci il tarixli protokolundan çıxarışa və bağçılıq üzvlük kitabçasına əsasən Hövsan bağ massivindən ona ayrılmış sahəsi 403 kv.metr olan Q-24 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarış verilməsindən ibarətdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: -3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; -3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ massivində yerləşən, Q-24 saylı bağ sahəsinin ona ayrılmasına dair “Gəmi Təmirçisi” bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin xx.xx.1998-ci il tarixli protokolundan çıxarışı və bağçılıq üzvlük kitabçasını, eləcə də bağların bölgü sxemini cavabdehə təqdim etmişdir. Bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, üzvlərin siyahısının, qeyd olunan protokolun həqiqətə uyğun olmadığı sübuta yetirilməmiş, iddiaçının təqdim etdiyi sübutların mötəbərliyini şübhə altına alan tutarlı dəlil təqdim edilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Məhkəmə cavabdehin etirazdakı dəlilini hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsaslı saymayaraq qeyd edir ki, bağçılıq yoldaşlığın üzvlərinin siyahısında iddiaçının adının olmaması mümkündür. Belə ki, təqdim edilən “Gəmi Təmirçisi” bağçılıq yoldaşlığı üzvlərinin siyahısı bağçılığın ilkin siyahısı olub 1990-cı illərdən əvvəl təsdiq edilmişdir. İddiaçı isə bağçılığa üzv olaraq xx.xx.1998-ci il daxil edilmişdir. Bununla yanaşı təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin cavabdehin arxivində saxlanılan siyahısında iddiaçının adı aşkar olunmasa da, mübahisə predmeti olan bağ sahəsi əvvəlcə X8 adına ayrılmış, daha sonra üzvlərin iclasının protokolundan çıxarışa əsasən həmin bağ sahəsi İddiaçı adına keçirilmişdir. “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlığına sonradan üzvlüyə qəbul edilmiş şəxslərin siyahısının cavabdehin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz. Bir halda ki, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış və bağçılıq üzvlük kitabçası mövcuddur, qanunun müddəasına görə həmin sənədlər iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququnun qeydə alınması üçün əsasdır. Həmçinin iddia olunan torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsini təsdiq edən sübut, həmçinin göstərilən sahənin hər hansı şəxsin mülkiyyətində, yaxud qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə dəlil məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddia olunan bağ sahəsinin yerləşməsi ilə bağlı uyğunsuzluğu olsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Yuxarıda istinad olunan müddəalardan da göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Gəmi təmirçisi” bağçılıq-yoldaşlığı tərəfindən ayrılmış torpaq sahələri ilə bağlı cavabdeh qeydiyyat orqanına qarşı analoji faktiki və hüquqi hallara əsaslanan mübahisələr üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2260/2022 saylı, 2-1(102)-557/2023 saylı və 2-1(102)- 559/2023 saylı qərarlarında eyni hüquqi mövqe ifadə edilmişdir. Torpaq sahəsinin faktiki sahəsi ilə bağlı dəlilə gəlincə, məhkəmə qeyd edir ki, iddiaçı dəqiqləşdirilmiş tələbində 403 kv.m torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasını xahiş edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olması üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 403 kv.metr olan Q-24 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 403 kv.metr olan Q-24 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4889/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4889/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver