Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-489/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçıya ayrılmış 68 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Ona Şabandağ sahəsində sahəsi 600 kv. metr olan 68 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər X16 İcraiyyə Komitəsinin 11/546 saylı, 07 avqust 1991-ci il tarixli qərarına əsasən, 26 Bakı Komissarı adına Neft-Qazçıxarma idarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. “Bağçının üzvlük kitabçası”na əsasən iddiaçı 1991-ci ildə “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığına qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən, onun istifadəsinə sahəsi 600 kv. metr olan 68 saylı bağ sahəsi verilmişdir. 08 iyun 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmişdir. Cavabdeh orqan 25 iyul 2022-ci il tarixli, **********71 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina edib, imtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən ümumi əraziyə digər hüquqi şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması, 68 saylı bağın ərazisinə başqa fiziki şəxsin müraciətinin olması və Şabandağ bağçılıq-yoldaşlığın bağ sahələrinin bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmağln mümkün olmaması göstərilmişdir. İddiaçı qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnu xx.xx.1991-ci ildə əldə edib. Bağçılıq-yoldaşlığın 50 nəfərlik siyahısında sıra sayı ilə 50-ci yerdə, 67 nəfərlik siyahıda 23-cü yerdə, bağçılıq yoldaşlığın hazırkı sədri Şamil Abbasovun təsdiqlədiyi 83 nəfərlik siyahıda isə sıra sayı ilə 70-ci yerdə iddiaçının adına rast gəlmək olar. İmtinada cavabdeh qurum həmin fiziki şəxsin anket məlumatları və sözügedən bağ sahəsinə hansı hüquqi əsasla və nə vaxt müraciət etməsi barədə məlumat verməyib. 1991-ci ildən 68 saylı bağ onun istifadəsinə verilib. Həmin bağ sahəsinə dair digər fiziki şəxsin müraciəti qanunsuz və əsassızdır. Bu səbəbdən də 1991-ci ildən iddiaçının istifadəsinə verilmiş bağ sahəsinin arxiv sənədlərinin cavabdeh qurumun arxivində olmamasının məsuliyyəti və nəticələri iddiaçının üzərinə qoyulmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 14 oktyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsasandırılmışdır ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilən ümumi ərazidə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X32 adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) mövcuddur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********71 nömrəli cavab məktubu ünvanlanmışdır. İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X15 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Ə.Əmirov adına NQÇİ-nin 4 №li sexin rəisi işləmiş İddiaçı adına 1991-ci ildə doldurulmuş və Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti “Azneft” İB-nin NQÇİ-nin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin möhürü ilə təsdiq olumuş üzvlük kitabçasının surətindən müəyyən olunur ki, o, bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1991-cı il tarixli, 11/546 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş və ona Bakı şəhəri, Xocəsən qəsəbəsində Şabandağ bağçılıq-yoldaşlıq cəmiyyətinin ərazisində yerləşən ümumi sahəsi 600 kv.metr olan 68 №-li bağ-torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamının surətindən müəyyən olunur ki, X32 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********32 saylı məktubu ilə məhkəməyə “Qaradağneft” NQÇİ bağçılıq yoldaşlığı üzvlərinin siyahısı, Bakı şəhəri X16 İcraiyyə Komitəsinin ““Qaradağneft” NQÇİ-nin 50 nəfərdən ibarət bağçılıqyoldaşlığının yaradılması haqqında” xx.xx.1986-cı il tarixli 13/868 №li qərarı, ayrıc aktları, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ümumi əraziyə dair X32 adına tərtib olunmuş və X33 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” təqdim olunmuşdur. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********32 saylı cavab məktubunda qeyd olunmuşdur ki, 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin, eləcə də “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsinin Şabandağ bağçılıq-bostançılıq kollektivi üzvlərinin siyahısı İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3- 48-2F/2-01270/2023 №-li məktubu ilə məhkəmə təqdim edilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) xx.xx.1991-ci il tarixli, 11/546 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışını surətindən müəyyən olunur ki, 26 Bakı komissarları adına Neft-qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu Lök-Batan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********71 №li xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Bundan əlavə bağçılıq-yoldaşlığın bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxsin müraciətləri mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 3.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verıımış uzvıuts. üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Tətbiq edilən hüquq. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində yerləşən 68 saylı bağı sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan əsaslardan biri əlavə edilməlidir. Məhkəmə iddiaçının sözügedən Qanunun 8.0.7-ci maddəsinə istinadən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın qeydiyyat üçün əsas olması” ilə bağlı hüquqi mövqeyi razılaşsa da hesab edir ki, hazırkı iş üzrə cavabdehin imtinası qanunidir. Belə ki, ilk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil etmişdir: - “Şabandağ” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında şəxsin adının aşkar edilməməsi; - bağ sahəsinin elektron kadastr məlumatına əsasən digər şəxsə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşməsi; - həmin əraziyə digər şəxslərin müraciətlərinin mövcud olmasıdır; Göründüyü kimi cavabdeh 3 fərqli əsasla iddiaçının müraciətinin icrasından imtina etmişdir. Qeyd edilməlidir ki, Şabandağ” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında şəxsin adının aşkar edilməməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən şəxsin bağ sahəsi üzərində hüquqlarının qeydiyyatından imtina üçün əsasdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış qeydiyyat üçün əsas olsa da, normanın imperativ tələbinə əsasən üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas ola bilər. Hazırkı iş üzrə “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı yoxdur. Belə ki, həmin siyahı həm cavabdeh tərəfindən təqdim edilməmiş (“Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aid üzvlərin siyahısı təqdim edilmişdir), həm arxivdə aşkar edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən təqdim edilmiş siyahı digər təsərrüfata aid olmaqla, hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin də, məhkəmə üzvlərin siyahısına dair arxivdə məlumatlarının aşkar edilməməsinin iddiaçının təqsiri olmamasını, hüquqmüəyyənedici sənədlər əsasında hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olduğunu diqqətə çatdırır. İddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi üzvlük kitabçası kserosurtədir (əsli və ya notarial təsdiqli surəti təqdim edilməmişdir), həmçinin, kitabçanın özü kiril qrafikalı olsa da, ora daxil edilən məlumatlar latın qrafikalıdır. Bundan əlavə kitabçada iddiaçının bağçılıq yoldaşlığına üzv qəbul edilməsi barədə üzvlərin iclasının protokolun tarixi və nömrəsi kimi Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) xx.xx.1991-ci il tarixli, 11/546 saylı qərarının tarixi və nömrəsi qeyd olunmuşdur. Həmçinin mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi (Qaradağ rayonu Lök-Batan-Hacıhəsən yolunun qərb hissəsi) Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) qərarı ilə 26 Bakı komissarları adına Neft-qazçıxarma İdarəsinin kollektiv bağçılıq-bostançılıq üçün xx.xx.1991-ci il tarixdə ayrıldığı halda, eyni gündə iddiaçıya da həmin ərazidən torpaq sahəsi ayrılmışdır ki, qeyd olunan hallar da üzvlük kitabçasının mötəbərliyini şübhə altın alır. Belə ki, torpaq sahəsinin bağçılıq yoldaşlığına ayrıldığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Hazırkı halda, həm cavabdeh və iddiaçı tərəfindən kollektivin üzvlərinin siyahısının təqdim edilməməsi, həm də məhkəmə araşdırması ilə kollektiv üzvlərinin siyahısının aşkar edilməməsi halı iddiaçının xeyrinə o halda şərh edilə bilərdi ki, iddiaçıya məxsus üzvlük kitabçasının həqiqiliyi şübhədənkənar olsun və mötəbərliliyi müəyyən edilsin. Bir daha vurğulanmalıdır ki, iddiaçıya dair sənədlər (həm üzvlük kitabçası, həm sözügedən protokol və üzvlərin siyahısı) arxivdə, həmçinin 26 Bakı komissarları adına Neft-qazçıxarma idarəsinin varisi olan Ə.C.Əmirov adına Neftçıxarma idarəsində və digər müvafiq qurumlarda aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mötəbər hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən həmin sənədlər əsasında hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı deyildir. Həmçinin, iddiaçının hüquqmüəyyənedici sənədləri mötəbər olmadığından, onun digər kollektiv üzvləri ilə bağlı məhkəmə mübahisələrinin nəticələrinə istinadən hüquqlarının qeydə alınması ilə bağlı istinad olunan dəlili əsaslı hesab edilə bilməz və bu vəziyyətdə iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçının bağ sahəsinin ayrıldığı 1991-ci ildən indiyə kimi həmin torpaq sahəsindən istifadə etməsi, bunun üçün kommunal ödənişlər ödəməsi və həmin ərazidə fərdi evinin mövcudluğu ilə bağlı dəlilləri də hüquqların qeydə alınmasına əsas deyildir. Beləliklə, iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən mötəbər sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı üçüncü şəxsin adına qeydiyyat aparılması bağlı qeydiyyatı və ya onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirmişdir. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6178/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki,iddiaçılar X18, X1, X2, X11, İddiaçı, X35, X19, X30, X7, X20, X26, X8, X21, X22, X12, X13, X17, X3, X9, Mikayılov ilkin Əlihəsən oğlu və X6 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı və 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddiaları mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-3096/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6178/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə bu baxımdan hesab edir ki, hətta hüquqmüəyyənedici sənədlərin mövcudluğu halında belə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi”də yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-489/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-489/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver