Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4891/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzil sakinlərinin təxliyyəsinin təmin edilməsi və sökülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MTK cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, qəzalı vəziyyətdə olan və ətrafdakılar üçün ağır nəticələrə səbəb ola bilən və təhlükə mənbəyi olan ünvan 1 ünvandakı mənzilin sakinlərinin təxliyyəsinin təmin edilməsi və sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin razılıq məktubu əsasında, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə İddiaçı MTK-ya Bakı şəhəri, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küçəsi 130 ünvanda olan torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/288 saylı “Ayrıc Aktı” ilə İddiaçı MTK-ya 1.4520 hektar torpaq sahəsində çoxmərtəbəli binaların tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinə MTK ilə Bakı şəhəri İcra hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır və icarə haqqı MTK tərəfindən ödənilir. İddiaçı MTK qeyd edilən torpaq sahəsində çoxmərtəbəli binalar tikmişdir və mənzillər sahiblərinə təhvil verilmişdir. Lakin qeyd edilən ərazidə yaşayan çoxsaylı müxtəlif yaş qruplarında olan şəxslərin və eləcə də ərazidə tikinti işlərini davam etdirən MTK əməkdaşlarının sağlamlığı və həyatları üçün ciddi təhlükə yaranmışdır. Qeyd edilən ərazidə ünvan 2 ünvanındakı mənzilin sahibi X3 ona məxsus 12 kv.m sahəsi olan və 1923-cü ildə tikilmiş və istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan mənzili ətrafdakılar üçün ciddi təhlükə yaradır. Belə ki, R.Cəlilov 12 kv.m sahəsi olan və 1923-cü ildə tikilmiş, istismar müddəti başa çatmış mənzilin üzərində tikinti texniki normalarını kobud surətdə pozaraq əlavə 2 mərtəbə və mansard tikməklə mənzili qəzalı vəziyyətə salmışdır. Qeyd edilən mənzilin qəzalı vəziyyətdə olması və ətrafdakılar üçün real təhlükə yaratdığı nəzərə alınaraq, İddiaçı MTK tərəfindən həmin mənzilə baxış keçirilməsi üçün FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilmişdir. Agentlik tərəfindən ünvan 3 ünvana baxış keçirilmişdir və bununla bağlı xx.xx.2022-ci il tarixdə FHN-nin müvafiq strukturları tərəfindən verilmiş rəydə göstərilir ki, 3 mərtəbə və mansarddan ibarət həmin sahə layihəyə uyğun olmadan və tikinti normalarının kobud pozulması ilə tikildiyinə görə mənzil qəzalı vəziyyətdədir və istismar üçün təhlükəlidir. Qeyd edilən mənzilin qəzalı olması barəsindəki rəydə müvafiq icra hakimiyyətinin məlumatlandırılması, sakinlərin köçürülməsi, evə daxil olan kommunikasiya xətlərinin (işıq, su və qaz) kəsilməsi, ərazinin çəpərlənməsi və digər təxirəsalınmaz tədbirlərin görülməsi göstərilir. Eyni zamanda, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəydə göstərilən qəzalı evdə təxirəsalınmaz tədbirlərin görülməsi üçün, xx.xx.2022-ci il tarixdə Cavabdehə, "xxxx" QSC və "xxxx" ASCyə rəsmi məktubla müraciət etmişdir. Lakin qəzalı vəziyyətdə olan və ətrafdakılar üçün real təhlükə yaradan mənzilin yaratdığı təhlükənin aradan qaldırılması və baş verə biləcək faciənin qarşısının alınması üçün, o cümlədən rəydə göstərilən digər təxirəsalınmaz tədbirlərin dərhal həyata keçirilməsi üçün Cavabdeh bu günə qədər barəsində heç bir tədbir görülməmişdir. Qeyd edilən mənzilin qəzalı vəziyyətdə olması və ətrafdakılar üçün təhlükə yaratdığı nəzərə alınaraq, onların tərəfindən tədbir görülməsi barədə xx.xx.2022-ci il tarixdə Cavabdehə ərizə ilə müraciət edilmişdir. Cavabdeh öhdəsinə düşən vəzifəni yerinə yetirməyərək, xx.xx.2022-ci il tarixli, 1/178 saylı məktubla qəzalı vəziyyətdə olan mənzilin təhlükəsizliyinin təmin olunmasını əsassız olaraq İddiaçı MTK-ya həvalə etdiyini bildirmişdir. Təkrarən, qəzalı vəziyyətdə olan mənzil barəsində təxirəsalınmaz tədbirlərin görülməsi üçün xx.xx.2022-ci il tarixdə Cavabdehə yazılı surətdə müraciət etmişlər. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubla, 1/907 saylı məktubla yenə də onlara eyni məzmunlu cavab verərək, öhdəsinə düşən vəzifəni yerinə yetirməmişdir. Onların növbəti təkrar müraciətlərindən sonra, qəzalı vəziyyətdə olan mənzilin yaratdığı təhlükənin aradan qaldırılması məqsədi ilə, cavabdeh tərəfindən İddiaçı MTK-nın nümayəndəsi və mənzil sahibi 2022-ci il noyabr ayının sonunda və təkrarən xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə Cavabdehə dəvət edilmişlər. Cavabdeh tezliklə qəzalı vəziyyətə olan mənzilin yaratdığı təhlükəni aradan qaldıracağını bildirsə də, konkret olaraq heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Bakı şəhəri Cavabdehə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsinin məzmunundan aydın olur ki, iş üzrə iddiaçının hüquqi marağı ünvan 1 ünvandakı mənzilin sakinlərinin təxliyyəsinin təmin edilməsi və sökülməsinə nail olmaqdan ibarətdir. Lakin iddiaçının özünün də ərizəsində istinad etdiyi Bakı şəhər İcra Hakimiyyətinin 505 nömrəli, 24 oktyabr 2014-cü il tarixli sərəncamı ilə, ünvan 4 ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçıya icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Göründüyü ki, yuxarıda qeyd edilən sərəncamla əhatə olunan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi iddiaçıya həvalə olunduğu halda, həmin vəzifənin (sakinlərinin təxliyyəsinin təmin edilməsi və mənzilin sökülməsi) mübahisə predmeti mənzilə münasibətdə cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Həmçinini, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, cavabdeh Bakı şəhəri Cavabdeh hazırkı iddiaya cavab verməli olan orqan deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzil sakinlərinin təxliyyəsinin təmin edilməsi və sökülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4891/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4891/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver