Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4891/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7 cəlb edilməklə) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 0,2335 ha olan torpaq sahəsinə dair X2 adına cavabdeh tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 0,2335 ha olan torpaq sahəsini 2012-ci ildə Polad adlı şəxsdən alqı-satqı ilə almışdır. Aralarında qarşılıqlı razılaşmaya əsasən torpaq sahəsi iddiaçının sahibliyinə keçmiş, lakin torpaq sahəsinin sənədləri tam olmadığından dövlət qeydiyyatına alınmamışdır. Qeyd edilir ki, mübahisə obyekti olan torpaq sahəsi uzun illərdir iddiaçının istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsində ona məxsus müxtəlif həyət üçün istifadəsi nəzərdə tutulan əşyalar vardır. Cari ilin sonlarında torpaq sahəsini aldığı Polad adlı şəxsin bacısı X7 əmlakına qanunsuz müdaxilə edərək iddiaçını həmin əmlakdan məhrum etməyə çalışmışdır. Belə ki, onlar hüquqdan sui-istifadə edərək torpaq sahəsinə dair öz adlarına çıxarış düzəltdirmiş və iddiaçının halal-zəhmətilə qazanıb dəyərini ödədiyi əmlakı əlindən almağa çalışmışlar. İddiaçı hesab edir ki, X2 adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarış tam qanunsuz və əsassız olmuşdur. İddiaçı bununla bağlı məhkəmədən əvvəl cavabdehə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 0,2335 ha olan torpaq sahəsinin onun sahibliyində və istifadəsində olduğunu bildirərək həmin torpaq sahəsinə dair X2 adma verilmiş çıxarışın ləğv olunması xahiş etmişdir. Cavabdeh isə əsassız yerə çıxarışı ləğv etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin müvafiq qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi ilkin olaraq xx.xx.2017-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Sonradan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Üçüncü şəxs X6 məhkəməyə təqdim edilmiş yazılı münasibətində iddiaya etiraz edilərək bildirmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 214 saylı bağ sahəsinin mülkiyyətçisidir. Həmin bağ sahəsi Bağlar İdarəsinin müqaviləsi əsasında 25 sot ölçüdə 1963-cü ildə mərhum atası X3 RİK tərəfindən verilmişdir. Atası 1996-cı ildə vəfat etmişdir. İddiaçı notariat qaydasında bağ sahəsini dövlət qeydiyatından keçirərək, 2017-ci ildə atasının adına çıxarış almışdır. Daha sonra vərəsəlik şəhadətnaməsi ilə sözügedən bağ sahəsinə öz adına çıxarış almışdır. Cavabdehin nümayəndəsi texniki-mühəndis işlərilə əlaqədar olan ölçü aparmağa bağ sahəsinə gələndə hələ 2017-ci ildə İddiaçı ona mənəvi təzyiq göstərmiş, qışqıraraq ona da hədəqorxu gəlmişdi və həmin vaxt üçüncü şəxs özünün də səhhətində problemlər olduğundan bağ sahəsinin ölçülərində əskiklik olmasına diqqət etməmişdir. Atasının adına olan çıxarışda ölçünün az olduğunu biləndə İddiaçı ölçünün niyə az olmasını soruşmuş, sonuncu isə demişdir ki, bağ sahəsinin 2 sota yaxınını qonşu Nardaran sakini Nəcəf adlı şəxsə satıb. Lalə Manafova ona bununla bağlı irad bildirəndə isə o cavab olaraq demişdir ki, onun əvəzinə pulu ödəyər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs təqdim etdiyi etirazı müdafiə edərək tələbin qeyri-mümkün sayılmasını xahiş etdi. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisənin predmetini Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 0,2335 ha olan, 214 nömrəli bağ sahəsinin üçüncü şəxs X2 adına aparılmış reyestr qeydiyyatının ləğvi təşkil edir. İddia ərizəsinin məzmunundan və toplanmış materiallardan müəyyən edilmişdir ki, Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi ilə 214 №-li bağın icarəyə verilməsinə dair xx.xx.1980-ci il tarixli, H90 nömrəli müqaviləyə istinadla X2 atası, mərhum X5 adına Nardaran qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat aparılmış və çıxarış verilmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixli qanun üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən torpaq sahəsi xx.xx.2024-cü il tarixdə üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Hazırkı vəziyyətdə isə qeydiyyatın aparıldığı sənədlər qüvvədə ola-ola reyestrdəki qeydin ləğvi mümkün sayıla bilməz. Nə qədər ki, Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi ilə bağın icarəyə verilməsinə dair müqavilə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədədir, üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvindən söhbət gedə bilməz. Bunun üçün ilk növbədə qeyd olunan müqavilə və vərəsəlik şəhadətnaməsi aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) mübahisələndirilməlidir. Yalnız həmin iddia uğurlu olacağı təqdirdə cavabdeh inzibati orqana qarşı hazırkı tələb irəli sürülə bilər. Bundan başqa, iddiaçı qeydiyyatını mübahisələndirdiyi torpaq sahəsinin ona məxsus olmasına dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu isə iddiaçının üçüncü şəxsin adına aparılmış müvafiq qeydiyyatı mübahisələndirmək üçün subyektiv hüququnun olmamasını deməyə əsas verir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən, eləcə də hüquqi marağına uyğun olaraq əlverişli iddia növündən istifadə etmədiyindən iddianın mümkünlük şərtləri ödənilmir. Odur ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.2-3.3-cü bəndlər). Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının hüquqi marağı və çatmaq istədiyi məqsəd aydın olduğundan, bu baxımdan ona hüquqi yardımın göstərilməsi belə, işə mahiyyəti üzrə baxılmasının mümkün olması ilə nəticələnməyəcəyindən, eləcə də hazırkı qərardadın əsaslandırma hissəsində müvafiq hüquq təkliflər verilməklə iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan işin hallarının tərəflərlə müzakirə edilmədən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4891/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4891/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver