Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4896/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X21 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı Kürdəmir rayonunda qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdə mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olmuşdur. 1993-cü ildə, İ Qarabağ müharibəsində o, ailəsi ilə birlikdə Kürdəmir rayonuna qaçqın düşmüşlər. Çadır şəhərciyində, dəmir vaqonlarda, Kürdəmir rayon Peşə Məktəbində qaçqın həyatının bütün çətinliklərini yaşamağa başlamışlar. xx.xx.2002-ci ildə Kürdəmir rayon sakini X8 ilə ailə qurmuşdur. Bu nigahdan onların övladları olmamışdır. Buna görə də, 2017-ci ildə X9 övladlığa götürmüşlər. Övladlığa götürmənin tələblərindən biri də, övladlığa götürənlərin sabit yaşayış yeri, yəni mənzili olması idi. Buna görə də, həmin ərəfədə sənədləri hazırlayarkən arvadının bacısı X3 məxsus evi yəni, hal-hazırda yaşadıqları evi sabit yaşayış yeri kimi göstərmələrinə etiraz etməmişdir. O, Kürdəmir rayonunda məcburi köçkünlər üçün salınan qəsəbədən mənzil almaq üçün cavabdehə müraciət etmişdir. Təəssüf ki, cavabdeh müraciətini müsbət cavablandırmamışdır. İmtinanı onunla əsaslandırmışdır ki, arvadı X5 adına ünvan 1 ünvanında 0.0474 ha torpaq sahəsində 172.5 kv.m fərdi yaşayış evi vardır və onlar da, həmin evdə yaşayırlar. Təəssüflər olsun ki, cavabdeh heç bir qanuni əsaslandırma aparmadan, yalnız faktiki yaşadıqları ünvandakı evi onların şəxsi mülki saymışdır. Bugünki gündə real olaraq o, yoldaşı və körpə övladı qohum evinə sığınmışlar. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı “mənzillə təmin olunma” tələbinə dair iddia ərizəsinə etiraz edərək bildirilmişdir ki, sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan və heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki olaraq məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci bəndinin tələbinə uyğun olaraq, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin müvafiq qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən tərtib və təsdiq edilmiş siyahı əsasında həyata keçirilir. Həmin siyahı yaradılmış Komissiya tərəfindən yoxlanıldıqdan sonra Qaydalarda göstərilən mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilərək, həmin ailələr mənzillə təmin edilir. Kürdəmir rayonunda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinə də yalnızca qüvvədə olan qanunvericilik aktları, Dövlət Proqramı və ona Əlavələrin tələblərinə uyğun gələn məcburi köçkün ailələri köçürülmüşdür. İddiaçı 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İddiaçının Kürdəmir rayonunda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində mənzillə təmin olunma məsələsinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı həyat yoldaşı X6 adına ünvan 1 ünvanında yerləşən 0,0474 ha torpaq sahəsində 172,5 kv.m. fərdi yaşayış evi vardır və iddiaçı ilə ailəsi həmin evdə faktiki məskunlaşmışdır. Bu barədə iddiaçı şəxsə xx.xx.2020-c il tarixli 01/9066 nömrəli məktubla cavab verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. X10 mənzil qanunvericiliyi və ya mülkihüquqi əqdə əsasən ayrıca yaşayış sahəsinə sahib olduğundan, İddiaçı və ailəsi Komitə tərəfindən mənzillə təmin olunmamışdır. Qeyd edirlər ki, Kürdəmir rayonunda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsi və məskunlaşdırılması prosesi başa çatmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01/9066 nömrəli imtina məktubundan müəyyən edilir ki, iddiaçının mənzillə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətinə Komitənin tərkibində fəaliyyət göstərən xüsusi komissiyada baxılaraq bildirilmişdir ki, həyat yoldaşı X6 adına ünvan 1 ünvanında 0.0474 ha torpaq sahəsində 172.5 kv.m fərdi yaşayış evi olduğu və həmin evdə ailəsi ilə birlikdə yaşadığı məlum olduğuna görə mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 2.11.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olmaqla) yeni yaşayış sahəsi verilmir. İşdə olan AA seriyalı, 059735 nömrəli “Məcburi köçkün” vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Məcburi köçkün” statusuna malikdir. İşdə olan İİ-AZ seriyalı, 009052 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 11 sentyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İşdə olan AZ-İ seriyalı, 013045 nömrəli “Övladlığa götürmə haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə, Kürdəmir şəhərində doğulmuş X13, İddiaçı və X10 tərəfindən xx.xx.2018-ci il tarixdə övladlığa götürülmüşdür. İşdə olan məhkəmənin sorğusuna əsasən imtinaya səbəb olmuş hal, yəni, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən **********84 nömrəli, 02 iyul 2020-ci il tarixli məktubla təqdim edilmiş icraat materiallarının surətindən müəyyən edilir ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsi və onun üzərindəki 1986-cı ildən tikilmiş 2 otaqdan ibarət fərdi yaşayış evi xx.xx.2004-cü il tarixli, notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən X11 tərəfindən X7 bağışlanmışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair sonuncunun adına mülkiyyət hüquqlarını təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanılması Müqaviləsi”-nə əsasən sözügedən fərdi yaşayış evini X1 Ağapikə Ədil qızına bağışlamış və bundan sonra sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən ünvan 1 ünvanında yerləşən 0.0474 ha torpaq sahəsində 172.5 kv.m ölçüdə fərdi yaşayış evi uzun illərdir (15 ildən çox) ki, iddiaçının arvadı X6 faktiki mülkiyyətində olmaqla ona məxsus olmuş, iddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Lakin, iddiaçı bilərəkdən suni şəkildə mənzil şəraitini pisləşdirərək, əslində ayrıca yaşayış sahəsinə sahib olmasına baxmayaraq cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmüşdür. Bununla da, məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçının iddia tələbinin faktiki və hüquqi əsası kimi qeyd etdiyi hallar, məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddiaçının hazırki tələbi əsassızdır və təmin edilməməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqəti yerləşdirilməsi Komitənin müvafiq qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən tərtib və təsdiq edilmiş siyahı əsasında həyata keçirilir. Həmin siyahı yaradılmış Komissiya tərəfindən yoxlanıldıqdan sonra Qaydalarda göstərilən mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilərək, həmin ailələr mənzillə təmin edilir. Həmin Qaydaların 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 58-ci, 68-69-cu, 73-cü, 75-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4896/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4896/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver