Məhkəmə qərarları › İş №2-1(112)-4896/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4896/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4896/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisinin 139 ş/h nömrəli 07.08.2020-ci il tarixli əmrinin ləğv olunması, onun əvvəlki xidmət yerinə bərpa olunması və ona 07.08.2020-ci il tarixdən başlayaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 04.01.2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işə qəbul olunmuş, 2013-cü ildən isə gizir rütbəsində hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir. Yaşlı atası və anası onun himayəsində yaşayır. Ailənin yeganə qazanc yeri onun işi idi. Lakin təəssüflər olsun ki, əvvəlcədən xidmət müqaviləsinin uzadılması barədə ondan ərizə alınsa da sonradan Kadrlar bölməsindən səbəbi izah edilmədən ona bu il müqavilənin müddətinin uzadılmayacağı bildirilmişdir. Bununla bağlı xidmət rəisinə ünvanladığı müraciətdən sonra 26.08.2020-ci il tarixdə Hərbi Hospitalın rəhbərliyi tərəfindən xidmət rəisinin göstərişinə əsasən xidmət müddətinin uzadılacağı ona bildirilmişdir. Onun son vəzifəsi həmin Xidmətin Hərbi hospitalında şüa-diaqnostika bölməsinin rentgen-laborantı idi. O, 17.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 139 ş/h nömrəli 07.08.2020-ci il tarixli əmri ilə səbəb bildirilmədən xidmətdən ehtiyata buraxılmışdır. İşdən azad olunma barədə əmr 07.08.2020-ci il tarixdə verilsə də, 17.09.2020-ci il tarixədək ona bu haqda bildirilməmiş, o, adi qaydada işə gəlib-getmiş, öz vəzifə öhdəliklərini yerinə yetirmişdir. Yalnız 17.09.2020-ci il tarixdə ona işə gələndə işdən azad olunduğu bildirilmişdir. Əmrin surəti rəsmi qaydada ona təqdim olunmamışdır. Bu barədə 24.11.2020-ci il tarixli 110/220 nömrəli sorğu ilə Dövlət Sərhəd Xidmətinə rəsmi müraciət etsə də bugünədək işdən azad olunma barədə əmrin surəti rəsmi qaydada ona təqdim olunmamışdır. 08.02.2021-ci il tarixdə daxil olmuş Dövlət Sərhəd Xidmətinin cavab məktubunda işdən azad olunma barədə əmrin tarixi və nömrəsi barədə ümumi məlumat verilmiş, nə əmrin surəti, nə də əmrin qəbul edilməsinə əsas olan sənədlər ona təqdim olunmamışdır. Halbuki o, hər hansı intizam pozuntusuna yol verməmişdir. Ümumiyyətlə, o, işlədiyi müddət ərzində üzərinə düşən bütün xidməti öhdəliklərini lazımınca yerinə yetirmiş, hər hansı nöqsanlara və pozuntulara, mülki işçi kimi işlədiyi müddətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına, hərbi qulluqçu kimi xidmət etdiyi dövrdə isə Silahlı Qüvvələrin İntizam Nizamnaməsində nəzərdə tutulan hərbi intizamın pozulması hallarına yol verməmiş və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı hər hansı intizam tənbeh tədbirlərinə məruz qalmamışdır. Əksinə, nümunəvi xidmətinə görə “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü, 2-ci və 1-ci dərəcəli” medallarla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Sərhəd Mühafizəsinin 95 illiyi və 100 illiyi” yubiley medalları ilə təltif olunmuş, xidmət dövründə təşəkkürnamə və fəxri fərmanlara layiq görülmüş və heç vaxt intizam qaydasında töhmət və xəbərdarlıq almamışdır. Bununla yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.4-cü maddəsinin xidmət müddəti barədə müddəaları imperativ xarakter daşımır və həmin maddənin müddəalarına əsasən, xidmətdən ehtiyata buraxılma işəgötürənin vəzifəsi deyil, hüququdur. Belə olan halda işəgötürən onu xidmətdən ehtiyata buraxmaq əvəzinə qüsursuz xidməti dövründə nümunəvi xidmət aparmasını, xidmət müddətində heç bir intizam tənbeh tədbirinə məruz qalmamasını, habelə yaşlı ata və anasının onun himayəsində yaşamasını, ailənin yeganə qazanc yerinin onun işi olmasını, pandemiya dövründə işsiz qalmağın çətinliklərini nəzərə alaraq müqavilə müddətini uzada bilərdi. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.4-cü maddəsinə əsasən gizirlər üçün xidmət müddəti 5 il göstərilsə də sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Həmin Qanunun 39.1.2-ci maddəsinə əsasən gizirlər üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi isə 45 yaş müəyyən edilmişdir. Lakin xidmətdən ehtiyata buraxılma barədə mübahisəli əmr verilərkən onun xx.xx.1983-cü il təvəllüdlü (38 yaş) olması və gizir rütbəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmaması nəzərə alınmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı 03.06.2013-cü il tarixdə 5 (beş) il müddətinə öhdəlik verməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisinin 07.08.2020-ci il tarixli 139 ş/h nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdıqda) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Əmr verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış 25.01.2021-ci il tarixli 16/252 saylı məktubda qeyd edilir: Sabiq hərbi qulluqçu İddiaçı 03.06.2013-cü il tarixdə 5 (beş) il müddətinə öhdəlik verməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisinin 07.08.2020-ci il tarixli 139 ş/h nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdıqda) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Nəzərə almağınız xahiş olunur. İş materiallarında olan Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisinin 07.08.2020-ci il tarixli 139 ş/h nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdıqda) müvafiq olaraq gizir İddiaçı şüa-diaqnostika bölməsinin rentgen-laborantı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə göndərilməsi əmr edilmişdir. Gizir İddiaçı 01.07.2020-ci il tarixə xidmət illəri - təqvimi 07 il, 00 ay, 28 gün təşkil edir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun: 38.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: 38.1.4. gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır; 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar; 41.0.1-ci maddəsinə əsasən xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 03.06.2013-cü il tarixdə 5 (beş) il müddətinə öhdəlik verməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisinin 07.08.2020-ci il tarixli 139 ş/h nömrəli əmrinə əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdıqda) müvafiq olaraq iddiaçı şüa-diaqnostika bölməsinin rentgen-laborantı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hazırda iddiaçı xidməti öhdəliklərini tam icra etməsini, hər hansı intizam pozuntusuna yol vermədiyini bildirir və həmin əmrin ləğv edilməsini tələb edir. Lakin qeyd olunan əmrə əsasən iddiaçı xidmət müddəti başa çatdığı üçün Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı qanunvericiliyin tələblərinə əməl olunmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar