Məhkəmə qərarları › İş №2-1(112)-4896/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4896/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4896/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, pensiya məbləğindən tutulmaların dayandırılması, alınmış məbləğlərin geri qaytarılması, müvafiq tarixdən ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, pensiya məbləğindən tutulmaların dayandırılması, alınmış məbləğlərin geri qaytarılması, müvafiq tarixdən ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5043/2021 saylı iş üzrə 23 noyabr 2017-ci il tarixli qərarı ilə hazırkı İddiaçı 25 iyul 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh DSMF Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-551/2018 saylı iş üzrə 23 fevral 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1122/2021 saylı iş üzrə 30 may 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəmənin sözügedən qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmiş və 14 yanvar 2020-ci il tarixədək həmin pensiya məbləği ödənilmişdir. 14 yanvar 2020-ci il tarixdən əmək pensiyası qanunsuz və əsassız olaraq dayandırılmışdır. İddiaçı ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etsə də, ona əmək pensiyasının ödənilməsi və pensiyanın bərpa edilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdehin hərəkətləri tam qanunsuz və əsassızdır, onun (iddiaçının) qaldırdığı iddia üzrə 2 dəfə apellyasiya instansiyası məhkəməsində, 1 dəfə Ai Məhkəmədə kassasiya instansiyası məhkəməsində qərarlar qəbul edilmişdir. Hazırda məhkəmə qərarı əsasında ona təyin edilmiş əmək pensiyası dayandırılmış və sonradan 25 iyul 2021-ci il tarixdə yeni hesablama ilə pensiya məbləği təyin edilərək ödənilir. İddiaçıdan əvvəlki dövrlərdə ödənilən pensiya məbləğləri isə hazırda təyin edilmiş pensiyadan tutularaq çıxılır. Cavabdehin hərəkətləri tam qanunsuz və əsassızdır. İddiaçı 14 yanvar 2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, həmin tarixdən hal-hazıradək məhkəmə qərarı olsa da, dayandırılan pensiyanın birdəfəlik ödənilməsi, pensiya məbləğindən tutulmaların dayandırılması, tutulan məbləğlərin geri ödənilməsində köməklik göstərilməsi ilə əlaqədar olaraq cavabdehə 18 noyabr 2021-ci il tarixdə rəsmi müraciət etmiş, lakin müraciətə 35 gündür ki cavab verilməmişdir. Bundan əlavə olaraq cavabdehə 15 oktyabr 2020-ci il və 15 oktyabr 2021-ci il tarixlərdə rəsmi müraciətlər etmiş, həmin müraciətlərə də cavab verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci maddələrinə, İPM-in 34, 35, 36, 120-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçıya 14 yanvar 2020-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, pensiya məbləğindən tutulmaların dayandırılması, alınmış məbləğlərin geri qaytarılması, 14 yanvar 2020-ci il tarixdən ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına iddiaçı gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X2 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X5, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması barədə cavabdeh inzibati orqanın ayrıca qərarı qəbul olunduğu halda, iddiaçı onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Lakin hazırkı halda belə qərarın mövcudluğu müəyyən edilmir. İddiaçıya əmək pensiyasının təyinatı müvafiq məhkəmə qərarı əsasında aparıldığından və pensiya ödənişinin dayandırılması barədə ayrıca inzibati akt (əlverişsiz inzibati akt) qəbul olunmadığından, pensiya ödənişinin dayandırılması hərəkətlərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə, ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq sonda məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar