Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4896/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı "iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı illərdə erməni silahlı birləşmələrinin ölkəmizə qarşı silahlı hücumları zamanı Ermənistanla həmsərhəd rayonlarına silahlı hücumlar zamanı Müdafiə Nazirliyinin N-saylı hərbi hissəsində xidmət edirərək xidməti dövründə döyüş əməliyyatlarında iştirak etmişdir. 2022-ci ildə Müdafiə Nazirliyinə etdiyi müraciətinə baxılaraq onun həqiqətən ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidmətlərini nəzərə alaraq ona 23 sentyabr 2022-ci il tarixində Qarabağ müharibəsi veteranı adı və vəsiqəsi verilərək aylıq nəzərdə tutulmuş (müavinət) - Prezident təqaüdü təyin edilmişdir. Lakin buna baxmayaraq onun döyüş əməliyyatlarında xidməti 1993-cü illərdə olsa da və həmin hüququ döyüş əməliyyatı zamanı qazanmış olsa da, göstərilən tarixdən ona heç bir müavinət və digər ödənişlər ödənilməmişdir ki, bu da vətəndaşlar və veteranlar arasında bərabərlik hüquqlarının pozulmasıdır. Ona ödənilməli olan keçmiş dövr üçün vətən müharibəsi veteranı müavinətinin və 2019-cu il tarixindən adlanan Prezident təqaüdünün ödənilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına etdiyi müraciətinə cavab olaraq 25 Noyabr 2022-ci il tarixində imtina etmişdir. xx.xx.2019-cu il tarixinədək həmin ödənişlərin məbləği 55 manat olmuş və müavinət kimi ödənilirdi. Lakin xx.xx.2019-cu il tarixində sosial müavinət verilməsi nəzərdə tutulan 1.1.7-ci yarımbəndinin ləğv edilməsi, Azərbaycan Respublikası Konstitusyasının 149.7-ci bəndinə şamil edilmir, Sosial müavinətlər haqqında qanunun 1.1.7-ci yarımbəndinin ləğvi ödənilən 55 manatdan 80 manata qalxması nəzərdə tutulmuşdur. İddaçı cavabdehin imtina məktubunu əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmişdir, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat və çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 089997 nömrəli müharibə veteranı vəsiqəyə əsasən iddiaçıya xx.xx.2022-ci ildə müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2022-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). “Veteran vəsiqəsi” xx.xx.2022-ci il tarixində verildiyindən, eyni zamanda sözügedən müavinət növü ləğv edildiyindən sizə ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İşin təkzib olunmaz halıdır ki, iddiaçı müharibə veteranıdır, ona “Müharibə veteranı” vəsiqəsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmişdir. Belə ki, 28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir: “Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğdə müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. İddiaçıya 23 sentyabr 2022-ci il tarixində 089997 nömrəli veteran vəsiqəsi verildiyindən xx.xx.2022-ci il tarixdən etibarən sözügedən təqaüd ödənilir. Belə ki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4896/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4896/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver