Məhkəmə qərarları › İş №2-1(112)-4897/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4897/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4897/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi üçün pedoqoji heyətin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması məqsədi ilə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahalarına burxılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatında məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qətnamə deyil, qərar qəbul edildiyi iddiaçının diqqətinə çatdırılaraq həmin hissədə iddia tələbini dəqiqləşdirmək təklif edilsə də, yazılı qaydada ərizə məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili şifahi qaydada məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı 15 sentyabr 2007-ci ildən Şəki rayon Bolludərə kənd tam orta məktəbində Tarix və ictimaiyyət müəllimi vəzifəsində işləyir. Artıq 13 ildir ki, həmin məktəbin müəllimidir. Ancaq dərs saatları az olduğundan aldığı məvacib də onun dolanışığına bəs etmir. Ona görə də o, həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi üçün pedoqoji heyətin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması məqsədi ilə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarında iştirak etmək istəyir. Ancaq diplomunun dövlət nümunəli sənəd olmadığını əsas gətirərək diaqnostik qiymətləndirilməsi imtahanlarında iştirakı təmin olunmur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx-xx- 6485-/26 saylı xx.xx.2012-ci il tarixli məktubunda onun B № 492009 (qeydiyyat nömrəsi 37) saylı diplomunun dövlət nümunəli sənəd olması bildirilmişdir. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşının artırılmasının və maddi rifahımın yaxşılaşdırılmasının təmin edilməsi üçün pedaqoji heyətin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması məqsədi ilə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarında iştirak etməsinə icazə verilməsini xahiş etmişdir. 16 mart 2020-ci il tarixdə həmin məktubu Azərbaycan Respublikası Təhsil Nazirliyi qəbul etmişdir. Sonradan pandemiya ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın göstərişlərinə əsasən ölkə ərazisində tətbiq edilən karantin müddəti ilə bağlı idarə və təşkilatların iş rejiminin məhdudlaşdırılması səbəbindən cavabdeh təşkilatdan ərizə ilə bağlı cavab rəsmi olaraq göndərilməmiş və telefon əlaqəsi ilə bu barədə maraqlanmaq mümkün olmamışdır. Sonradan Azərbaycan Respublikası Təhsil Nazirliyindən aldığı məlumatda xx.xx.2020-ci il tarixdə ərizəsinə cavab ünvanladıqları bildirilmiş, ancaq həmin cavab gəlib çatmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin edilməsinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı 2003-2004-cü tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 7.61, XH altqrupunda 8.25 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X6, əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəki şəhər Təhsil şöbəsi Bolludərə kənd tam orta məktəb tərəfindən verilmiş 234 saylı, 06 mart 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2007-ci il tarixdən hal-hazıradək Şəki rayonu Bolludərə kənd tam orta məktəbində tarix fənni üzrə müəllim vəzifəsində işləyir. İşdə olan iddiaçıya məxsus ******* saylı əmək kitabçasından görünür ki, X1 15 sentyabr 2007-ci il tarixdən Şəki rayonu Bolludərə kənd orta məktəbinə tarix və ictimaiyyət müəlliməsi təyin edilmişdir. İşdə olan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 492009 saylı, 37 qeydiyyat nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 30 iyun 2008-ci il tarixli, 3/628-1 saylı əmri ilə X2 Maarif Tarix və ictimaiyyət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, xx-xx-6485/26 saylı məktubdan görünür ki, iddiaçının məktuduna cavab olaraq bildirilmişdir ki, göstərilən diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. X3 B № 492009 (qeydiyyat nömrəsi № 37) Məhkəmə araşdırması dövründə İddiaçı 2003-2008-ci illər ərzində ali təhsil müəssisələrinə qəbulla bağlı keçirilən imtahanlarda iştirak edib-etməməsi, iştirak etmişdirsə hansı ali təhsil müəssisəsinə (və ya müəssisələrinə və topladığı ballar göstərilməklə) qəbul olması barədə məlumatlar sorğu əsasında Azərbaycan Respublikası X6ndən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası X6 tərəfindən verilmiş 09/xx-xx/1353 saylı, 30 iyun 2020-ci il tarixli məktubdan görünür ki, xx xxxxxx 1984-cü il təvəllüdlü Hüseynova (əvvəlki soyadı Qələndərova) Pürüzə Faiq qızı yalnız 2003/2004-cü tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 7.61, XH altqrupunda 8.25 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X6 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Hazırki halda iddiaçının 2003/2004-cü tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etsə də, heç bir təhsil müəssisəsinə qəbul olmadığından və barəsində X6 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilmədiyindən, ona Azərbaycan Beynəlxalq Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 30 iyun 2008-ci il tarixli, 3/628-1 saylı əmri ilə Maarif Tarix və ictimaiyyət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi ilə bağlı verilmiş ali təhsil haqqında B seriyalı № 492009 saylı diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir. Belə olan halda iddiaçının həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi üçün pedoqoji heyətin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması məqsədi ilə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahalarına buraxılmasının təmin edilməsi öhdəliyinin cavabdehdən tələb edilməsi tələbi əsassızdır. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya verilmiş diplom blankının hüquqi əsasının olmadığı məhkəmə araşdırması nəticəsində müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar