Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4898/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahibkarlıq fəaliyyətinə yeni başladığını və şəhid ailəsi olduğun nəzərə alaraq tətbiq edilmiş 1000 (min) AZN maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı sahibkar olaraq güllərin pərakəndə satışı ilə bağlı 2023-cü il sentyabr ayında fəaliyyətə başlamışdır. Mağaza açıq olsa da, hələki vitrin düzəldilməsi ilə məşğul idi və mağazada demək olar ki, mal yox idi. Kassa ilə bağlı servis mərkəzinə müraciət etmiş, lakin kassanın obyektə quraşdılması hələ ki mümkün olmamışdır. Həmin ərəfə obyektin yoxlanılması zamanı operativ vergi nəzarəti tərəfindən xəbərdarlıq olmadan 58.7-ci maddənin tələbinə əsasən 1000 (min) AZN əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulmasına görə cərimə tətbiq edilmişdir. Bu səbəbdən o, fəaliyyətini dayandırmışdır və obyekti ləğv etmək üzrədir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********076600 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaşdan daxil olmuş xx.xx.2023-cü il tarixli şikayət əsasında İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********1927 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən obyektə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 029810 nömrəli aktın tərtib edildiyi və aktın bir nüsxəsinin vergi ödəyicisi tərəfindən qəbul edildiyi və aktın imzalanmasından imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********1304 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə xx.xx.2023-cü il tarixli **********272200 nömrəli məktubla vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Bildirilir ki, xx.xx.2023-cü il tarixində saat 14:45-də keçirilmiş OVN tədiri zamanı alınmış gül dəstəsi üçün 12 manat nağd qaydada ödəniş edilmiş, lakin müqabilində NKAya çek vurulmamış, müştəriyə çek təqdim edilməmişdir. Araşdırma zamanı obyektdə NKA quraşdırılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinə əhali ilə nağd pul hesablaşmalarına riayət edilməsi, NKA-nın quraşdırılması bildirilmişdir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 16.1.9-cu maddəsinə görə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4898/2024 nömrəli, xx.xx.2024 tarixli qərardadı ilə iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi qəbul edilmişdir. İddia tələbi dəqiqləşdirildikdən sonra iddia “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin 23 oktyabr 2023-cü il tarixli, **********1304 nömrəli qərarının ləğv edilməsi” kimi icraata qəbul edilmiş, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahiləndirdiyi xx.xx.2023-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1927 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: ünvan 1ın aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023 il tarixədək (xx.xx.2023 daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-ci il çap tarixli KY231968954 nömrəli çıxarışda göstərilmişdir ki, yoxlayıcı orqanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyekti İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2023 – xx.xx.2023, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, maddə 50.1.3), yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü ünvan 2nın növü operativ vergi nəzarəti, yoxlamanın tipi plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2, yoxlayıcı şəxlər X1 (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi), X3 (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi) olmaqla yoxlama reyestrdən qeydiyyatdan keçmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X8 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X4 İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iltizamda qeyd edilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Nəsimi rayonu, 20 Yanvar küçəsi, Pion gül salonunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X8 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları tərəfindən keçirilən operativ vergi nəzarəti zamanı foto və video çəkilişlərin aparılmasına etiraz etmir. Yoxlamanın nəticələrinə dair Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı 29810 nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1304 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2023 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, 16.1.3-cü maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin)və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir; 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək vəzifəsi daşıyırlar; 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ... 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5-ci maddəsinə görə, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: 1.4-cü bəndinə görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.10-cu bəndinə əsasən, operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13-cü bəndinə görə, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1-ci bəndinə əsasən, operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2-ci bəndinə görə, operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.4-cü bəndinə əsasən, operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5-ci bəndinə görə, tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. İşin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında iddaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən Pion gül salonuna xx.xx.2023 il tarixdən xx.xx.2023 il tarixədək operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Məlumatın verilməsi barədə müraciətin və fotoşəkillərin surəti iş materiallarına əlavə edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə KY231968954 nömrəsi ilə qeydiyyata alınmışdır. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, DVX seriyalı 029810 nömrəli aktdan görünür ki, iddiaçı qərar və aktla tanış olmuş, aktın bir nüsxəsini qəbul etsə də, aktla razılaşmamış, imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 7-ci “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi” hissəsinin: 7.1-ci bəndinə görə, bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2-ci bəndinə əsasən, əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3-cü bəndinə görə, vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4-cü bəndinə əsasən, NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X10), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5-ci bəndinə əsasən, alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır... 7.9-cu bəndinə görə, nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd edilib-edilməməsi araşdırılır... 7.12-ci bəndinə əsasən, işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır... 7.15-ci bəndinə görə, əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır... 11.2.11-ci bəndinə əsasən obyektlərdə NKA-dan istifadə olunması müvəqqəti mümkün olmayan hallarda (elektrik enerjisinin kəsilməsi, NKA-nın nasaz olması və s.) nağd hesablaşmaların STXM tərəfindən möhürlənmiş “NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na işlənilməsi yoxlanılır. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə görə, Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin materiallarından görünür ki, iddiaçıya məxsus obyektdə xx.xx.2023-cü il saat 14:45-də keçirilmiş OVN tədbiri zamanı alınmış gül dəstəsi üçün 12 AZN nağd qaydada ödəniş edilib. Lakin müqabilində NKA-ya çek vurulmamış və müştəriyə çek verilməmişdir. Araşdırma zamanı obyektdə NKA quraşdırılmadığı müəyyən edilmişdir. Bu səbəbdən dövriyyədən yayındırılmış məbləği bərpa edib “X” hesabatı almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı” Qaydalarının 8.3-cü bəndinə əsasən (8.3.1.) NKA-nın qeydiyyatı və nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi üçün gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ərizə ilə Nazirliyə müraciət etmək, (8.3.2.) məlumatların Nazirliyə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin etmək, (8.3.3.) nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək, (8.3.7.) vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunmalı və bununla əlaqədar təsərrüfat obyekti müvafiq nəzarət kassa aparatı ilə təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə vergi orqanının mövqeyi ilə razılaşaraq hesab edir ki, vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi göstərilmiş xidmətlərə görə ödənilmiş məbləğlərin vergidən yayındırılmasına gətirib çıxarır. Bu hal isə Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinə müvafiq olaraq məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********1304 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6.
Məhkəmə qərarları › İş №2-1(112)-4898/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4898/2024
10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver