Məhkəmə qərarları › İş №2-1(112)-4899/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4899/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4899/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X28 (İddiaçı) oğlunun Cavabdehnə qarşı X24 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X20 iştirakı ilə, iddiaçı X28 (İddiaçı) oğlunun Cavabdehnə qarşı, X24 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar X21 (İddiaçı) və X15 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X24 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı X8 “iddiadan imtina” barədə ərizəsi qəbul edilmiş, iddiaçı X11 münasibətdə iş üzrə icraata xitam verilmiş, iddiaçı X12 Cavabdehnə qarşı, X24 üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işin icraatının davam etdirilməsi qərara alınmışdır. İddiaçı X12 nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və X5, X6, X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48,1 kv.m olan 2 otaqlı evin kirayəçisi 05 sentyabr 1980-ci il tarixli 61 nömrəli order əsasında iddiaçının anası X7 olmuşdur. xx.xx.2013-cü il tarixdə X7 ölmüş, bundan sonra Cavabdeh 27 iyun 2014-cü il tarixli 455 saylı sərəncamına əsasən mənzilin kirayə müqaviləsi ailə üzvlərinin razılığı olmadan iddiaçının oğlu X20 adına dəyişdirilmişdir. Sərəncamda digər ailə üzvlərinin razılığının olduğu göstərilsə də, ailə üzvlərinin heç biri buna hər hansı qaydada razılıq verməmişdir. Ümumiyyətlə, həmin sərəncamın mövcud olmasından 2023-cü ilin noyabr ayında məlumatlı olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciətindən imtina edilmişdir. Qeyd olunmalıdır ki, həmin sərəncamda digər ailə üzvlərinin razılıq verdiyi göstərilmişdir. Halbuki, mərhum X2 ailə üzvlərinin razılığı olmadan mənzilin kirayə müqaviləsinin Ağa Ağazadənin adına dəyişdirilməsi barədə sərəncam verilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsində Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında sahəsi 48,1 kv.m olan 2 otaqlı evin kirayəçisinin order əsasında mərhum X7 olduğu və sonradan kirayə müqaviləsinin Cavabdeh 27 iyun 2014-cü il tarixli 455 nömrəli sərəncamı ilə X20 adına dəyişdirildiyini qeyd edilmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Bu səbəbdən də, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 2014- cü ilə aid sənədləri (sərəncamlar və ona aid digər sənədər) Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən 27 iyun 2014-cü il tarixli, 455 nömrəli sərəncamın hansı əsaslarla verildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhməkə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X24 iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1980-ci il tarixli, 61 nömrəli orderdən görünür ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda 61 saylı ev X3 ayrılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamı və ərizələr təqdim edilmişdir. Sərəncamda qeyd edilmişdir ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48,1 kv.m. olan, 2 otaqlı 61 saylı evin kirayəçisi X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Həmin ünvanda pasport qeydiyyatında olan nəvəsi X24 Cavabdehnə ərizə ilə müraciət edərək, mənzilin kirayə müqaviləsini onun adına dəyişdirilməsini xahiş etmişdir. Digər ailə üzvlərinin razılıq ərizələri vardır. X2 ölməsi ilə əlaqədar, onun adına olan Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48, kv.m. olan, 2 otaqlı 61 saylı evin kirayə müqaviləsinin nəvəsi X20 adına dəyişdirilməsi qərara alınmışdır. X16, X9 və X13 tərəfindən ayrı-ayrılıqda qeyd edilən dəyişikliyə etiraz etmədikləri barədə ərizə təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi, 61 saylı ev, Xəzər rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Cavabdeh 455 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə ev X20 adına keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi, ev 61 ünvanında X16 və X24 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):

52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Belə ki, hazırkı Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamının ləğvinə dair mübahisədir. İddiaçı həmin sərəncam qəbul edilməmişdən əvvəl kirayə müqaviləsinin X20 adına dəyişdirilməsi zamanı onun və digər ailə üzvlərinin razılığının alınmadığını və buna görə də sərəncamın qanunsuz olduğunu iddia edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının qeyri-şəxslərin razılığının alınmaması əsası ilə inzibati aktı mübahisələndirmək hüququ yoxdur. Nəzərdə tutduğu, razılığının alınmadığını iddia etdiyi şəxslər inzibati aktı mübahisələndirmədiyindən hazırkı iddia çərçivəsində yalnız inzibati aktın iddiaçı X28 (İddiaçı) oğlunun hüquqlarının pozulması ilə qəbul edilib-edilmədiyi araşdırılmalıdır. Yəni onun razılığı olub-olmadığı və ya bu cür razılığa ehtiyac olub-olmadığı müəyyənləşdirilməlidir. Qeyd edilən hüquq münasibəti Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Belə ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas X7 ilə olan kirayə (icarə) müqaviləsi münasibətləri olmuşdur. Bu münasibətlərin yaranmasında hüquqmüəyyənedici sənəd surəti iş materiallarına əlavə edilmiş xx.xx.1980ci il tarixli, 61 nömrəli orderdir. Orderin qəbul edilmə tarixi onun həmin münasibətlərin Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənən dövrə təsadüf etdiyini göstərir. Beləliklə həmin əsaslarla yaranmış münasibətlərdə subyekt dəyişikliyi edilməsi, yəni mübahisələndirilən sərəncamın qəbul edilməsi də Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəalarına əsasən həyata keçirilməli idi. Sözügedən münasibətin tənzimlənməsi ilə bağlı Azərbaycan SSR Mənzil Məcəlləsinin 85-ci maddəsində qeyd edilir ki, icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Maddənin məzmunundan bu nəticəyə gəlinir ki, X7 öldükdən sonra X1 (icarədar) hesab edilməsi hüququ olmuşdur. Bu zaman onunla yaşayan ailənin həddibuluğa çatmış qalan üzvlərinin razılığı tələb olunmalıdır. X28 (İddiaçı Aqammaed) oğlunun qeyd edilən formada razılığının tələb olunması üçün onun həmin evdə yaşayan şəxs olması sübut edilməli idi. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Lakin iş materiallarından məlum olur ki, ünvan üzrə qeydiyyatda olan şəxslər arasında X28 (İddiaçı) oğlunun adı qeyd edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçının Xəzər Rayon Məhkəməsinə verdiyi “evə köçürülmə” ilə bağlı iddia ərizəsindən də görünür ki, o, həmin evdə yaşamır və ünvan üzrə qeydiyyatda deyil. Qeyd edilənlərə əsasən demək olar ki, X28 (İddiaçı) oğlu Cavabdeh xx.xx.2014-cü il tarixli, 455 saylı sərəncamı qəbul edildiyi zaman razılığının alınması tələb olunan şəxs deyildi. Beləliklə, həmin sərəncamın qəbul edilməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı X28 (İddiaçı) oğlunun Cavabdehnə qarşı, X24 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar