Məhkəmə qərarları › İş №2-1(112)-49/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-49/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-49/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyata alınması, reyestrdən çıxarışın və planı-ölçünün verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyata alınması, reyestrdən çıxarışın və planı-ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri Səbail RİH-in 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin inşa edilməsi üçün 0,06 ha torpaq sahəsi ayrılmişdir. İddiaçı həmin tprpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və ona hüququn qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 31 iyul 2018-ci il tarixdə cavabdehə müraciət etmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olsa da, məsələnin həllindən cavabdeh tərəfindən imtina olunmuşdur. 11 sentyabr 2018-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş Səbail RİH-in 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı əsasında iddiaçıya ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşdiyindən, bu torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər Ərazi Şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab verilənədək ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. «Daşınmaz əmlakm dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Buna baxmayaraq, məsələnin həllindən imtina edilmiş və bununla da onun (iddiaçının) qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə, İPM-in 2.2.2, 33, 68, 75-ci maddələrinə əsaslanaraq, İddiaçı ona ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-783/2019 saylı 22 fevral 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1210/2019 saylı 16 avqust 2019-cu il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-783/2019 saylı 22 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında məhkəmə kollegiyası vurğulamışdır ki, iş materiallarına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi Daş Karxanasının ərazisinə düşür, eləcə də torpaq sahəsinə dair bir-birindən fərqli yerləşmə cizgiləri verilmişdir. Həmin halların araşdırılması məqsədilə iş yenidən birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. İş materialları qaytarıldıqdan sonra Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il və 13 may 2022-ci il tarixli qərardadları ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə həvalə edilmişdir. Lakin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisinin müvafiq rəyi təqdim olunmadığından, ekspert tərəfindən ekspertizanın aparılmasından imtina olunmuşdur. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəfindən əlavə məlumat və sübutlar tələb edilə bilər (maddə 12.2). Məhkəmənin iş üzrə 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərar alınmışdır: - 1) Bakı şəhəri Səbail RİH başçısının 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli qərarı İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinin koordinatları müəyyən edilməsi; - 2) Qeyd olunan torpaq sahəsi başqa hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşməsinin müəyyən edilməsi (üst-üstə düşən sahənin ölçüsü, eyni zamanda hüquqi və ya fiziki şəxslərin adları göstərilməklə); - 3) Qeyd olunan torpaq sahəsi ayrılan torpaq sahəsinin ayrıc aktının daxilində yerləşməsinin müəyyən edilməsi (ayrıc aktından kənara düşmə halı vardırsa, həmin sahənin ölçüsü göstərilməklə) habelə ərazidə olan Daş Karxanasının ərazisi hüdudları daxilində yerləşməsinin müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 29 dekabr 2023-cü il tarixli məktubu ilə 5 oktyabr 2023-cü il tarixli məhkəmə qərardadının icrası üzrə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar bildirilir: - (1-ci sual üzrə) Göstərilən torpaq sahəsi faktiki olaraq 563 kv.m torpaq sahəsinin sərhədləri iki tərəfdən sökülmüş hasarın bünövrəsi ilə sərhədlənib, iki tərəfdən isə şərti olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 563 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. (X 397758.520 Y 4464611.244; X 397766.796 Y 4464629.111; X 397792.743 Y 4464613.530; X 397784.452 Y 4464596.386); - (2-ci sual üzrə) Vahid elektron kadastr məlumat bazasında sahənin qeydiyyatı barədə məlumat yoxdur (Daş Karxanasının ərazisi olub-olmaması barədə aidiyyəti təşkilatın rəyinin alınması məqsədəuyğundur); - (3-cü sual üzrə) Təqdim edilmiş cizgidə dəqiq istinadlar, istinad və istinad məsafələri qeyd edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün deyildir (Daş Karxanasının ərazisi olub-olmaması barədə aidiyyəti təşkilatın rəyinin alınması məqsədəuyğundur). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. İşin şifahi məhkəmə baxışı ilə iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 cavabdehin imtinasında göstərilən dəlillərin əsaslı olduğu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail RİH başçısının 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materallarından görünür ki, Bakı şəhəri Səbail RİH-in 30 iyul 2018-ci il tarixli məktubu ilə İddiaçı RİH-in 30 dekabr 1998-ci il tarixli 2066 nömrəli ərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmişdir. İş materiallarında olan Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı (nümayəndəsi vasitəsilə) ünvanlanmış 11 sentyabr 2018-ci il tarixli məktubunda (bildirişində) qeyd olunmuşdur ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 31 iyul 2018-ci il tarixli ərizəyə baxılmışdır. Təqdim edilmiş Səbail RİH başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında ərizəçinin (İddiaçı) adına verilmiş Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşdiyindən, bu torpaq sahəsinin dövlət torpağı olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Ərazi Şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab verilənədək ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat 1 ay müddətinə dayandırıla bilər. İş materiallarında olan Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı (nümayəndəsi vasitəsilə) ünvanlanmış 24 yanvar 2019-cu il tarixli məktubunda (bildirişində) qeyd olunmuşdur ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 31 iyul 2018-ci il tarixli ərizəyə baxılmışdır. Sözügedən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşir. Bundan başqa, 15 mart 2017-ci il trixli ərizəyə əlavə edilmiş Səbail RİH başçısının 2066 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hal-hazırda təqdim edilmiş yerləşmə cizgisi (sərəncamla) fərqlənir. Bundan əlavə, sözügedən torpaq sahasi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3174/2017 saylı iş üzrə 21 iyul 2017-ci il tarixli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7, 11.1, 15-ci maddələrinə əsaslanaraq, ərizənin icrasından imtina edilir. Beləliklə, məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisə predmetini Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyatı təşkil edir. İddiaçı Səbail RİH-in 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamına istinadən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina aşağıdakı dəlillərlə əsaslandırılmışdır: 1) RİH-in 30 dekabr 1997-ci il tarixli sərəncamı əsasında verilmiş yerləşmə cizgiləri fərqlidir; 2) torpaq sahasi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3174/2017 saylı iş üzrə 21 iyul 2017-ci il tarixli qərardadı qəbul olmuşdur, lakin həmin məhkəmə aktının qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır; 3) torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşdiyindən, onun dövlət torpağı olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Ərazi Şöbəsinə sorğu göndərilmiş, lakin sorğuya cavab verilməmişdir, cavab alınanadək, ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı hazırda inzibati orqanın imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, əvvəlki dövrdə iddiaçı eyni tələblə məhkəmədə iddia qaldırsa da, onun müraciəti əsasında iddia ərizəsi baxılmadan qaytarılmışdır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Bakı şəhəri Səbail RİH-in 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sərəncamın həqiqiliyini şübhə altına almamış, mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtina əsası kimi istinad etdiyi dəlillərə gəldikdə isə məhkəmə aşağıdakıları vurğulayır: 1) Torpaq sahəsinin Daş Karxanasının ərazisində yerləşməsi məhkəmə icraatında təsdiqini tapmamışdır. Belə ki, iş üzrə cavabdeh inzibati orqanın təqdim etdiyi mütəxəssis rəyində sahənin Daş Karxanasının ərazisi olub-olmaması barədə aidiyyəti təşkilatın rəyinin alınmasının məqsədəuyğunluğu bildirilmişdir. Bundan başqa, iş üzrə məhkəmə tərəfindən aparılmış yerində müayinə ilə bağlı tərtib olunmuş protokola əsasən məlum olur ki, müayinə zamanı mübahisə obyekti olan torpaq sahəsi ilə həmin ərazidə yerləşən Daş Karxanası arasında xeyli məsafənin (təxminən 500 – 700 m) olması müşahidə olunmuşdur. Bu isə, belə nəticə yaradır ki, imtinada qeyd olunan “torpaq sahəsinin Daş Karxanasının ərazisi hüdudları daxilində yerləşməsi” dəlili formal xarakterli mülahizə qismində qiymətləndirilir. 2) Səbail RİH-in 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı əsasında verilmiş yerləşmə cizgilərinin fərqli olmasına gəldikdə isə, cizgilərin birinin digərindən fərqi əsasən istinadların dəqiq əks olunmasındadır. Həm zaman etibarı ilə, həm də müvafiq texniki vasitələrin tətbiqi baxımından sonuncu alınmış cizgi daha mötəbər qiymətləndirilə bilər. Digər tərəfdən də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.20-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifəsidir. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndi ilə aidiyyəti quruma (hazırkı İqtisadiyyat Nazirliyinə) tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Göründüyü kimi, qüvvədə olan normativ hüquqi aktların tələblərinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasının müvafiq tələblərə riayət etməklə həyata keçirilməsi cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa fiziki şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olan hər hansı sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmədiyindən, həmçinin qonşuluqda olan torpaq sahələri üzərində digər fiziki şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığından və son olaraq torpaq sahəsinin cizgisi ilə bağlı hətta mövcud olsa belə uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan imtina üçün gətirilən bu dəlil də mötəbər qiymətləndirilə bilməz. 3) Müvafiq torpaq sahasi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3174/2017 saylı iş üzrə 21 iyul 2017-ci il tarixli qərardadı qəbul olunsa da, məhkəmə icraatında müəyyən edilir ki, həmin qərardad məhkəməyə təqdim olunmuş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin müraciətinə əsasən baxılmadan iddiaçıya qaytarılması barədədir və müvafiq müddət ərzində ondan şikayət verilmədiyindən, qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, 21 iyul 2017-ci il tarixli həmin qərardadın qanuni qüvvəyə minməsi barədə məlumat inzibati orqanın özü tərəfindən inzibati icraat çərçivəsində də toplana bilərdi. 4) Torpaq sahəsinin ölçüsü 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamda 600 kv.m, mütəxəssis təyində isə 563 kv.m göstərilsə də, məhkəmə bu fərqi ziddiyyətli xüsusat kimi qiymətləndirmir. Məhkəmənin qənaətinə görə hasardaxili sahə ilə hasarlama aparmadan perimetrik ölçülər üzrə sahə arasında bu fərq mövcud ola bilər. Məhkəmə qeyd olunanlarla yanaşı diqqətə çəkir ki, hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə (X1, X5) ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı reyestrdən çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyi nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimə qiymətləndirilir. Bütün bunların məcmusunda məhkəmənin qənaətinə görə İddiaçı ona Səbail RİH-in 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası qanunun, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 16, 19, 24-cü maddələrinin tələblərinə ziddir və mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri Səbail RİH-in 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail RİH-in 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar