Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-49/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Assosasiyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Assosasiyasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı Assosasiyası cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 62770,91 manat məbləğində borcun ümidsiz borc kimi İddiaçı Assosasiyasının şəxsi hesab vərəqəsindən silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Assosasiyası 2012-ci ildən fəaliyyətini dayandırıb. Lakin, müəssisənin şəxsi hesabında dövlət büdcəsinə 62770,91 manat borcun olması göstərilir. Həmin borcun nədən yaranması barədə onlarda heç bir məlumat yoxdur. Müəssisənin göstərilən borcu həqiqətən də, doğru olsa belə, həmin borc çox güman ki, 2012-ci ildən əvvəl yaranmışdır. Onlar dəfələrlə həmin borcun ümidsiz borc kimi silinməsi barədə vergi orqanına müraciət etmişlər. Lakin, həmin vergi orqanından qənaətbəxş cavab almamışlar. Həmçinin bildirmək istəyirlər ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-291/2013 saylı, 12 iyul 2013-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə (hazırki Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 oktaybr 2012-ci il tarixli, **********623733 saylı qərarının mənfəət vergisinin 205,727 manat 82 qəpik məbləğində azaldılması və 102863 manat 91 qəpik maliyyə sanksiyasının, ƏDV-nin 196884 manat 06 qəpik azaldılması, 98442 manat 03 qəpik maliyyə sanksiyasının, ödəmə mənbəyindən tutulan vergilərin 35404 manat 90 qəpik və 17702 manat 45 qəpik maliyyə sanksiyasının hesablanmasına dair hissəsinin ləğv edilməsi” barədə iddiaçının tələbinin təmin olunması hissəsində dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən (hakimlər: Kəmalə Abıyeva, Mirzə Tağızadə, Ülvi Mayılov) 2-1(103)- 572/2017 saylı, 28 dekabr 2017-ci il tarixli qərar qəbul edilmişdir. Bu mübahisə bütün məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmış və icra olunmaq üçün göndərilmişdir. Ümumilikdə İddiaçı Assosasiyasının hesbaından 647025,17 manat (altı yüz qırx yeddi min iyirmi beş manat on yeddi qəpik) məbləğ silinməli idi. Belə çıxır ki, dövlət adından çıxarılan məhkəmə qərarı tam icra olunmayıb. Məhkəmə qərarı tam icra olunsa idi, onların dövlət büdcəsinə borcları qalmaz idi.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 30936,19 manat məbləğində borcun ümidsiz borc kimi İddiaçı Assosasiyasının şəxsi hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı İnzibati Məhkəməsinin sorğusuna xx.xx.2022-ci il tarixli **********125500 nömrəli məktub ilə cavab olaraq bildirilmişdir ki, Assosasiyanın xx.xx.2022-ci il tarixə 62125,77 manat (o cümlədən, əsas vergilər üzrə 45 816,13 manat, tətbiq edilmiş faizlər üzrə 16209,64 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100,00 manat) vergi borcu və məcburi sosial sığorta haqqı üzrə 58509,94 manat (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 52 276,16 manat və penya üzrə 6233,78 manat) borcu mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. Bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqa; 93.1.2. Bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işiszlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Bununla yanaşı vergi ödəyicisinin şəxsi vərəqəsinə nəzər saldıqda aydın görünür ki, mövcud borc müvafiq tədiyyələr üzrə 5 illik müddət gözlənilməklə hesablanmış və tələbetmə müddəti keçmiş borclar silinmişdir.
6. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi orqanının xx.xx.2012-ci il tarixli, **********623733 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına xx.xx.2018-ci il tarixli, **********162143 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında qərar” ilə müvafiq düzəlişlər edilmiş və vergi ödəyicisinin həmin qərar üzrə borcu qalmamışdır. Eyni zamanda bildirilmişdir ki, iddia ərizəsində silinməsi tələb edilən 62770,91 manat vergi borcunun 45468,59 manatı əsas, 17202,32 manatı faizlər və 100,00 manatı maliyyə sanksiyasından ibarətdir və vergilər üzrə yaranmış əsas borcun yaranma dövrü, tədiyyə barədə məlumat X4 Baş İdarəsinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xidməti məktuba əlavə edilmiş cədvəldə göstərilmişdir (cədvəl əlavə edilir).
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İddiaçı Assosasiyasına məxsus şəxsi hesab vərəqəsindən çıxarışlar iş materiallarına əlavə edilmişdir.
10. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********125500 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Assosasiyanın xx.xx.2022-ci il tarixə 62125,77 manat (o cümlədən, əsas vergilər üzrə 45 816,13 manat, tətbiq edilmiş faizlər üzrə 16 209,64 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100,00 manat) vergi borcu və məcburi sosial sığorta haqqı üzrə 58 509,94 manat (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 52 276,16 manat və penya üzrə 6 233,78 manat) mövcuddur.
12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2018-ci il tarixli, 2-1(102)-1026/18 nömrəli qərarına əsasən İddiaçı Assosasiyası cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auiditi Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 05 oktyabr 2012-ci il tarixli, **********539797 saylı səyyar vergi yoxlaması aktının qismən – 205727,82 manat mənfəət vergisi, 199.596,46 manat ƏDV, 35.404,90 manat ödəmə mənbəyindən tutulan vergilərin azaldılması hissəsində etibarsız hesab edilməsi və 08 noyabr 2012-ci il tarixli, **********623733 saylı məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 05 oktyabr 2012-ci il tarixli, **********539797 saylı səyyar vergi yoxlaması aktının və 08 noyabr 2012-ci il tarixli, **********623733 saylı “Məsuliyyətə cəlb edilmə haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2013-cü il tarixli, 2 inz(81)-291/2013 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin 05 oktyabr 2012-ci il tarixli, **********539797 saylı növbədənkənar səyyar vergi yoxlaması aktı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 noyabr 2012-ci il tarixli, **********623733 saylı qərarı mənfəət vergisinin 205.727,82 manat azaldılması və 102.863,91 manat maliyyə sanksiyası, ƏDV-nin 196.884,06 manat azaldılması və 98.442,03 manat maliyyə sanksiyası, ödəmə mənbəyindən tutulan vergilərin 35.404,90 manat və 17.702,45 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmişdir, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2017-ci il tarixli, 2-1(103)-572/2017 sayı qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı iddiaçının cavabdehin 05 oktyabr 2012-ci il tarixli, **********539797 saylı səyyar vergi yoxlaması aktının ləğv edilməsi tələbinə aid hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2017-ci il tarixli, 2-1(103)-572/2017 sayı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 noyabr 2012-ci il tarixli, **********623733 saylı qərarının mənfəət vergisinin 205.727,82 manat azaldılması və 102.863,91 manat maliyyə sanksiyasının, ƏDV-nin 196.884,06 manat azaldılması və 98.442,03 manat maliyyə sanksiyası, ödəmə mənbəyindən tutulan vergilərin 35.404,90 manat və 17.702,45 manat maliyyə sanksiyasının hesablanmasına dair hissəsinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanmış, cavabdehin apellyasiya şikayəti həmin hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərarına əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2017-ci il tarixli, 2-1(103)-572/2017 sayı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Məhkəmənin 2-1(112)-737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 may 2023-cü il tarixli, 9/2623 nömrəli məktubla təqdim edilmiş ekspert rəyinə əsasən qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, məhkəmə-mühasibat ekspertizası yoxlaması (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılır. İş materiallarında isə yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) mövcud deyildir. Lakin, qeyd edilir ki, iş materiallarında İddiaçı Assosasiyasının şəxsi hesab vərəqəsi mövcuddur ki, hazırki ekspertiza qarşısında qoyulan suallar üzrə tədqiqat həmin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən aparılır və aşağıdakılar müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2014-cü il tarixli 2-1inz(103)-36/2024 saylı qərarına əsasən İddiaçı Assosasiyasının hesabından silinməli olan 647025,17 manat məbləğ tam silinməmişdir. Belə ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi, həmin qərarda öz təksini tapmış silinməli olan 647025,17 manat məbləğin 453774,13 manat məbləği silinmişdir. Yəni, 193251,04 (647025,17-45337,13) manat məbləğində silinməli olan məbləğ silinməmişdir. Həmçinin bildirilmişdir ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi, silinmələrin aparılması 2018-ci ildən başlamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan şəxsi hesab vərəqəsində müəssisəsinin xx.xx.2022-ci il tarixinə (şəxsi hesab vərəqəsinin son yazılış tarixi) 53182,33 manat məbləğində qalığının olduğu göstərilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2014-cü il tarixli 2-1inz(103)-36/2024 saylı qərara əsasən İddiaçı Assosasiyasının hesabından silinməli olan 647025,17 manat məbləğin silinməyən hissəsi yəni, 193251,04 manat məbləği şəxsi hesab vərəqəsində xx.xx.2022-ci il tarixinə (şəxsi hesab vərəqəsinin son yazılış tarixi) olan 53182,33 manat məbləğində qalıq borca yönəldikdə müəssisənin qalıq borcunun olmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, iş materiallarında olan şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixdə (şəxsi hesab vərəqəsinin yazılış tarixi qrafasındakı tarix) Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Qanuna əsasən ödəmə tarixi xx.xx.2017-ci il tarixədək olan faiz borcunun silinməsi göstərilsə də və silinən borc şəxsi vərəqəsində olan faiz borcundan silinsə də, həmin qanunun tələblərinə əsasən silinmiş faiz borcunun 71389,20 manatı sonradan xx.xx.2018-ci il tarixdə (şəxsi hesab vərəqəsinin yazılış tarixi qrafasındakı tarix) düzəliş edilərək faiz borcunun üzərinə deyil, digər vergi öhdəliklərinin üzərinə gəlinmişdir. Halbuki, düzəliş edilərək yenidən bərpa edilmiş 71389,20 manat borc məbləği faiz borcunun üzərinə gəlinməli idi. Bundan başqa qeyd edilir ki, həmin düzəlişin hansı səbəbdən olmasını təqdim edilmiş iş materiallarına əsasən müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, göründüyü kimi, həmin düzəlişlə bərpa edilmiş 71389,20 manat məbləği xx.xx.2017-ci il tarixə yaranmış borc olmuşdur. Yəni, bərpa edilsə belə, həmin borc məbləğinin iş materiallarında olan şəxsi hesab vərəqələrindən çap olunma tarixlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinə əsasən 5 illik tutulma müddəti keçmişdir. Lakin, həmin borc məbləği şəxsi hesab vərəqəsinin qalıq qrafasında olan borc məbləğlərindən çıxılmamışdır. Həmçinin qeyd edilmişdir ki, göstərilən səbəblərdən müəssisənin konkret hansı məbləğdə artıq ödənişinin olmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərlə yanaşı bildirilmişdir ki, yuxarıda qeyd olunan səbəblərdən ekspert qarşısında qoyulan beşinci sual üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir.
13. Cavabdeh tərəfindən təqdim edilmiş vergilər üzrə yaranmış əsas borcun yaranma dövrü, tədiyyəsi barədə cədvələ əsasən müəyyən edilmişdir ki, iddia ərizəsində silinməsi tələb edilən 62770,91 manat vergi borcunun 45468,59 manatı əsas, 17202,32 manatı faizlər və 100,00 manatı maliyyə sanksiyasından ibarətdir və bu vergi borcunun 30.936,19 manat məbləğində hissəsi 2020-ci il tarixədək hesablanmış vergi borcu olmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi orqanının xx.xx.2012-ci il tarixli, **********623733 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına xx.xx.2018-ci il tarixli, **********162143 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar ilə müvafiq düzəlişlər edilmiş və vergi ödəyicisinin həmin qərar üzrə borcu qalmamışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində silinməsi tələb edilən 62770,91 manat vergi borcunun 45468,59 manatı əsas, 17202,32 manatı faizlər və 100,00 manatı maliyyə sanksiyasından ibarətdir və vergilər üzrə yaranmış əsas borcun yaranma dövrü, tədiyyə barədə məlumat cədvəl şəklində məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş cədvələ əsasən yaranmış 45468,59 manat vergi borcu məbləği dövrlər üzrə aşağıdakı kimi olmuşdur: 2016-cı il – 571,10 manat; 2017-ci il – 7266,22 manat; 2017-ci il – 2855,49 manat; 2018-ci il – 7266,20 manat; 2018-ci il – 2855,49 manat; 2019-cu il – 7266,20 manat; 2019-cu il – 2855,49 manat; 2020-ci il – 7266,20 manat; 2021-ci il – 7266,20 manat. Göründüyü kimi, iddiaçıya hesablanmış vergi borcu məbləğinin 30.936,19 manat hissəsi 2020-ci il tarixədək yaranmış və iddiaçı tərəfindən hazırda vergi borcu məbləği ümidsiz borc olması səbəbindən həmin hissədə mübahisələndirilir.
21. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
22. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.
23. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).
24. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir
25. Məhkəmə ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilibyönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.
26. Hazırki işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, şəxsi hesab vərəqəsində olan, hazırda iddiaçı tərəfindən mübahisələndirilən borcun sonuncu, yaranma tarixi 2019-cu il tarixə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, işin mübahisəsiz hallarına əsasən (təqdim edilmiş cədvələ əsasən cavabdehin özü tərəfindən təsdiq edilmişdir) hazırda iddiaçı tərəfindən mübahisələndirilən vergi borcu məbləği üzrə vergi orqanı tərəfindən 5 illik tələb etmə müddəti ötürüldüyündən iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli və 30.936,19 manat məbləğində vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
28. Vergi Məcəlləsinin: Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. ...
29. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 9/7627 saylı və 30 may 2023-cü il tarixli, 9/2623 nömrəli ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri hər biri üzrə 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manatdır və iddiaçıdan 200 (iki yüz) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçının şəxsi hesab vərəqəsinə işlənmiş 30936,19 manat məbləğində vergi borcu məbləğinin borcun ümidsiz borc kimi İddiaçı Assosasiyasının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul İddiaçı Assosasiyasından Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva